Prezident İlham Əliyev IV Qlobal Bakı Forumunun açılışında iştirak edir - FOTO
Martın 10-da Azərbaycanın paytaxtında “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumu işə başlayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak edirlər.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən IV Qlobal Bakı Forumunda bu dəfə münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunması kimi mühüm məsələlər müzakirə edilir. Bundan başqa, enerji və qlobal idarəçiliyin perspektivləri ilə bağlı məsələlər də Forumun gündəliyinə daxildir.
Albaniya, Monteneqro, Bolqarıstan, Gürcüstan prezidentlərinin də qatıldığı Forumda 27 sabiq prezident və 23 sabiq baş nazir də daxil olmaqla, 53 ölkədən 300-dən çox nümayəndə iştirak edir.
Dördüncü Qlobal Bakı Forumunu açan Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin hazırda dünyanı narahat edən məsələlərin çoxşaxəli olduğunu dedi, bu problemlərin aradan qaldırılması üçün müzakirələrin aparılmasının vacibliyini diqqətə çatdırdı. O, IV Qlobal Bakı Forumunun bu baxımdan xüsusi əhəmiyyətə malik olduğunu vurğuladı və bu cür mötəbər tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycana minnətdarlığını bildirdi.
Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi bu Forumun dünyada baş verən mühüm və qlobal məsələlərin müzakirəsi baxımından artıq ənənəyə çevrildiyini bildirdi. Dövlətimizin başçısı ötənilki görüşdən sonra dünyada bir çox dəyişikliklərin baş verdiyini dedi, bu tədbirin məqsədlərindən birinin də planetdə gərginliyin azaldılması, əməkdaşlıq və qarşılıqlı anlaşma üçün əsasların yaradılması olduğunu diqqətə çatdırdı.
Bu il ölkəmizin müstəqilliyinin 25 illiyini qeyd edəcəyini deyən Prezident İlham Əliyev ötən dövrdə Azərbaycanın bir çox problemlərlə üzləşdiyini, terror və müharibəyə məruz qaldığını vurğuladı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini bildirən dövlətimizin başçısı diqqətə çatdırdı ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır və bütün beynəlxalq qurumlar Dağlıq Qarabağı ölkəmizin ərazisi kimi tanıyır. BMT Təhlükəsizlik Şurasının erməni qüvvələrinin işğal edilmiş ərazilərdən çıxması ilə bağlı qətnamələrinin hələ də həyata keçmədiyini deyən Prezident İlham Əliyev BMT qətnamələrinin icra mexanizminin yenidən işlənməsinin vacibliyinə diqqəti cəlb etdi.
“Ermənistan sülh istəmir və status-kvonun dəyişməməsinə çalışır”, - deyən dövlətimizin başçısı işğal olunmuş ərazilərdə hər şeyin məhv edildiyini, tarixi abidələrin, qəbiristanlıqların dağıdıldığını bildirdi. Prezident İlham Əliyev vurğuladı ki, işğalçı cəzalandırılmalıdır, əks halda o, planlarını davam etdirəcək və təhlükə də daim mövcud olacaq.
Azərbaycanda bütün azadlıqların təmin olunduğunu, iqtisadiyyatın inkişaf etdiyini, yoxsulluğun azaldıldığını, sosial və infrastruktur layihələrinin icra olunduğunu deyən dövlətimizin başçısı ölkəmizdə sərmayələr üçün münbit şəraitin yaradıldığını, iqtisadi islahatların uğurla aparıldığını diqqətə çatdırdı. İndi əsas məqsədin iqtisadiyyatda neft və qazdan asılılığın azaldılması olduğunu deyən Prezident İlham Əliyev hazırda nəqliyyat infrastrukturunun yaradılması, enerji sektorunun daha da inkişaf etdirilməsi istiqamətində işlərin getdiyini vurğuladı, “Cənub Qaz Dəhlizi”nin əhəmiyyətindən danışdı, bu layihənin reallaşmasında Azərbaycanın mühüm rolunun olduğunu bildirdi.
Bu il ölkəmizdə “Multikulturalizm ili” elan edildiyini deyən dövlətimizin başçısı müstəqillik illərində bu meylin daha da möhkəmləndiyini və dövlət siyasətinə çevrildiyini bildirdi. “Multikulturalizm yaşayır, onun gələcəyi var”, - deyən Azərbaycan Prezidenti ötən ay Nizami Gəncəvinin vətəni olan Gəncə şəhərində İmamzadə dini-mədəniyyət kompleksinin açıldığını, həmin tədbirdə ölkəmizdəki bütün dini icmaların rəhbərlərinin çıxış etdiyini, respublikamızda heç bir ayrı-seçkiliyin olmadığını, bunun da gələcək inkişafımıza zəmin yaratdığını diqqətə çatdırdı.
Ötən il Bakıda birinci Avropa Oyunlarının keçirildiyini, gələn il isə İslam Həmrəylik Oyunlarının baş tutacağını deyən dövlətimizin başçısı bildirdi ki, bizim əsas məqsədimiz ölkəmizin uğurlu inkişafını təmin etməkdir.
Bolqarıstan Prezidenti Rosen Plevneliev müasir dünyada sülh və azadlığın sınağa çəkildiyini, mövcud münaqişələrin dünya üçün qlobal təhlükə yaratdığını dedi. Dünyanın təhlükəsizlik sisteminin artıq dəyişdiyini bildirən Bolqarıstan Prezidenti azad cəmiyyətlərin yaradılması ideyasının zərurətə çevrildiyini vurğuladı. Çıxışında Avropada mövcud olan miqrant böhranına diqqəti cəlb edən, hər bir dövlətin ərazi bütövlüyünün, sərhədlərinin bölünməzliyinin mühüm prinsip olduğunu deyən Bolqarıstan dövlətinin başçısı bildirdi ki, müqavimət qabiliyyətli dünyanın yaradılması, yeni dünya nizamının formalaşdırılması artıq zərurətdir.
Albaniya Prezidenti Buyar Nişani bu Foruma dəvət edildiyinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rəhbərliyinə minnətdarlığını bildirdi. Son 25 ildə dünyada böyük dəyişikliklərin getdiyini deyən Albaniya dövlətinin başçısı indi bəşəriyyətin yeni çağırışlarla üz-üzə olduğunu, dünyanın bütün zamanlardan daha çox indi dialoqa ehtiyac duyduğunu vurğuladı. Həmin dialoqun baş tutması üçün bu Forumun əhəmiyyətini qeyd edən Buyar Nişani Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə fəaliyyətində uğurlar arzuladı.
Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili yenidən Bakıda olmaqdan məmnunluğunu bildirdi. Ölkəsinin də müstəqillik illərində bir çox çətinliklərlə üzləşdiyini deyən Prezident Giorgi Marqvelaşvili Gürcüstanın qlobal təhlükəsizliyə töhfə verdiyini diqqətə çatdırdı.
Son illərdə Gürcüstan və Azərbaycanın bir çox iri layihələrə imza atdığını deyən dövlət başçısı bütün bunların yeni dostların qazanılmasına xidmət etdiyini bildirdi. Gürcüstan Prezidenti Şərq ilə Qərb arasında önəmli komponentə çevrilən regionun gələcəyi üçün bu layihələrin əhəmiyyətini vurğuladı.
Sonra Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun Forum iştirakçılarına məktubu oxundu. Məktubu Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq oxudu.
Məktubda Forumun uğurlu alınması və orada əhəmiyyətli mövzuların müzakirəsi baxımından Prezident İlham Əliyevi təbrik edən Devid Kemeron ölkəmiz ilə Birləşmiş Krallıq arasında hərtərəfli əlaqələrin qurulduğunu və inkişaf etdiyini vurğulayıb.
Kanadanın Baş naziri Castin Trudeau videomüraciətində Bakı Forumunun işinə uğurlar arzuladı. Bu Forumun millətlər arasında anlaşmanın əldə edilməsində əhəmiyyətini vurğuladı.
UNESCO-nun baş direktoru İrina Bokova da videomüraciətində Prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Forumun keçirilməsindəki dəstəklərinə görə minnətdarlıq etdi. O, mədəniyyətlərarası dialoqun indi beynəlxalq aləm üçün vacib əhəmiyyət daşıdığını bildirdi, dünyanın gələcəyi baxımından bu Forumda müzakirə olunan məsələlərin əhəmiyyətini vurğuladı.
Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra-Vike Freyberqa artıq dördüncü dəfə keçirilən Forumun dünyanın qarşılaşdığı problemlərin nizama salınması üçün yeni orijinal həll yollarının tapılmasındakı rolundan danışdı. Nizami Gəncəvinin yaradıcılığında dialoq mühitinin mövcud olduğunu deyən Vayra-Vike Freyberqa bildirdi ki, hazırda dünyanı narahat edən problemlərin həllində ən vacib məqam dialoqdur. O, ideyalar mübadiləsinin həyata keçirilməsi üçün bu Forumun müstəsna əhəmiyyətə malik olduğunu bildirdi.
Sonra birgə foto çəkdirildi.
President.az