Prezident İlham Əliyev: “Azərbaycan nəqliyyat infrastrukturlarının kəsişmə nöqtəsinə çevrilir” | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev: “Azərbaycan nəqliyyat infrastrukturlarının kəsişmə nöqtəsinə çevrilir”

23:20 - 10 / 03 / 2016
Prezident İlham Əliyev: “Azərbaycan nəqliyyat infrastrukturlarının kəsişmə nöqtəsinə çevrilir”

Məlum olduğu kimi, martın 10-da Azərbaycanın paytaxtı Bakıda “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumunun rəsmi açılışı olub.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, bir sıra ölkələrin dövlət və hökumət başçıları Forumun rəsmi açılışında iştirak ediblər.

Dövlətimizin başçısı rəsmi açılışda nitq söyləyib. Həmin nitqi olduğu kimi təqdim edirik:

“- Hörmətli xanımlar və cənablar.

Hörmətli qonaqlar.

Əvvəlcə hamınıza Azərbaycana “Xoş gəlmisiniz” deyirəm, sizi yenidən görməyimə çox şadam. Eyni zamanda, şadam ki, Bakı Qlobal Forumu yaxşı ənənəyə çevrilir.

İlk öncə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Şurasına və həmsədrlər xanım Vayra Vike-Freyberqaya və cənab İsmail Serageldinə təşəkkürümü bildirmək istərdim ki, onların böyük töhfəsi sayəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qısa bir zamanda dünya miqyaslı beynəlxalq təsisata çevrilib.

Bu gün biz beynəlxalq gündəlikdə duran geniş məsələləri müzakirə edəcəyik. Əlbəttə, müzakirələrin mövzuları hamımız, bütün bəşəriyyət üçün çox əhəmiyyətlidir. Lakin əminəm ki, Forumda iştirak edən qonaqlar öz dəyərli fikir və ideyaları ilə dünyada sülh, təhlükəsizlik və proqnozlaşdırıla bilmə naminə bu işə töhfələrini verəcəklər. Hər bir beynəlxalq forum, onun səviyyəsi əsas etibarilə tədbir iştirakçılarının səviyyəsindən asılıdır. Burada, qonaqlarımız arasında 50-dən artıq hazırkı və sabiq dövlət və hökumət başçıları, görkəmli siyasətçilər, ictimai xadimlər və mütəxəssislər vardır. Bu isə bizim bu gün və sabah aparacağımız müzakirələrin səviyyəsini nümayiş etdirir.

Sonuncu dəfə ötən ilin yazında görüşümüzdən bu günədək dünyada vəziyyət dəyişmişdir. Hamımız bunun şahidiyik və təəssüf ki, dəyişikliklər müsbət məcrada olmamışdır. Dünya daha da sakit və təhlükəsiz olması əvəzinə, daha da təhlükəli olmuşdur. Bizim regionda da vəziyyət kəskin şəkildə dəyişmişdir. Mövcud münaqişələr həll edilməmiş qalır, bununla yanaşı, yeni münaqişələr, yeni qarşıdurma və təhlükə bölgələri yaranmışdır. Bu səbəbdən hesab edirəm ki, dövlət və hökumət başçıları, siyasətçilər olaraq biz gərginliyin azaldılması üçün rolumuzu oynamalıyıq. Çalışmalıyıq ki, əməkdaşlıq, qarşılıqlı anlaşma və hörmət üçün zəmin yaransın. Əks təqdirdə, gələcəkdə vəziyyət pisləşməkdə davam edəcək.

Yaxın Şərqdə və Avropanın müəyyən yerlərindəki vəziyyət, qaçqın böhranı – bunlar son illərin reallıqlarıdır. Odur ki, IV Qlobal Bakı Forumunun əsas məqsədlərindən biri bu məsələlərin müzakirəsidir və xüsusilə də iştirakçıların səviyyəsi, onların beynəlxalq məsələlərə töhfələri, təcrübə və biliklərini nəzərə alsaq, bunların hamısı yaranmış vəziyyətdən çıxış yolunun tapılmasına yardım edə bilər.

Düşünürəm ki, hamımız vahid məqsəd - əməkdaşlıq, qarşılıqlı anlaşma, sabitlik və sülhün təşviqi ətrafında birləşmişik. Çünki biz bir-birimizlə bağlıyıq. Bəzən adama elə gələ bilər ki, televiziya vasitəsilə izlədiyimiz qorxulu hadisələr yad bir planetdə baş verir. Lakin reallıqda bu, qonşuluqda baş verir və qaçqın böhranı nümayiş etdirdi ki, biz bir-birimizlə əlaqəliyik. Hər bir əməl, addım və ya digər dövlətlərin daxili işlərinə müdaxilə mütləq həmin müdaxiləni edənlər üçün çətinliklər yaradacaqdır.

Hesab edirəm ki, bugünkü reallıqların ibrət dərsi məhz budur. Biz bir-birimizə ehtiram nümayiş etdirməli, seçimə, ərazi bütövlüyünə və gələcəklə bağlı planlara hörmətlə yanaşmalıyıq. Bunların hamısı təmasda olmaq üçün zəruridir. Çünki əsas məqsədimiz gərginliyin və mövcud təhlükələrin azaldılmasıdır.

Bu il Azərbaycan müstəqilliyinin 25-ci ildönümünü qeyd edəcək. Bu illərdə, xüsusilə müstəqilliyin ilk illərində biz vətəndaş müharibəsi, humanitar böhran, işğal, təcavüz, iqtisadi çətinliklər və deyərdim, iqtisadi iflasdan əziyyət çəkmişik. Azərbaycan terror hücumlarının hədəfinə çevrilmişdir. 1990-cı illərin əvvəlində erməni terror təşkilatları dəfələrlə mülki vətəndaşlara qarşı terror aktları törətmişlər. Bu gün təəssüf ki, Ermənistan və Azərbaycan arasında olan münaqişə həll olunmamış qalır.

Müstəqillik illərində ölkəmizin böyük uğurlara nail olaraq, müasir, sabit, proqnozlaşdırıla bilən, özünü təmin edən dövlətə çevrilməsinə baxmayaraq, bu münaqişə öz həllini tapmalıdır. Onun üçün həll olunmalıdır ki, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün evlərinə qayıtsın, zorakılığa son qoyulsun və regionumuzda sülh bərqərar olunsun. Belə olmadığı halda bütün ölkələr əziyyət çəkəcəkdir. Azərbaycanın tarixi və hüquqi ərazilərini işğal edən Ermənistan bundan bəhrələnə bilməmişdir. İqtisadi çətinliklər, təcridolunma, miqrasiya və yoxsulluq həmin təcavüzün və işğalın nəticəsidir.

Dağlıq Qarabağ Azərbaycanın tarixi və hüquqi bir parçasıdır. Bütün beynəlxalq birlik Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bu münaqişə nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, bizə qarşı etnik təmizləmə aparılmışdır. Ərazimizin 20 faizinin işğalı hələ də davam etməkdədir. Beynəlxalq təşkilatlar, xüsusilə də BMT və onun Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən çoxsaylı qətnamələr qəbul etmişdir. Təəssüf ki, bu qətnamələr həyata keçirilməmişdir.

Düşünürəm ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının mexanizmi məsələsi xüsusi mövzu kimi müzakirə edilməlidir. Bəzən Təhlükəsizlik Şurasının qətnamələri bir neçə saat və ya gün içərisində icra edilir. Bizə gəldikdə isə, artıq iyirmi il keçir. Bu, siyasi iradənin, xüsusilə də həmin qətnamələri qəbul edən dövlətlərin siyasi iradəsinin olmamasının təzahürüdür.

Bu gün danışıqlar prosesi davam edir və burada hər hansı bir uğur yoxdur. Bunun başlıca səbəbi isə Ermənistanın sülh istəməməsidir. Onlar işğal edilmiş ərazilərin özlərinin qeyri-qanuni nəzarətində saxlanılmasını və status-kvonun dəyişməz olaraq qalmasını istəyirlər. Bu isə mümkünsüzdür – status-kvo dəyişməlidir. Danışıqlar prosesində həmsədrlik edən üç ölkə - Təhlükəsizlik Şurasının daimi üzvü olan üç dövlət dəfələrlə çıxış edərək status-kvonun qəbuledilməz və dəyişməli olduğunu bəyan etmişdir. Buna nail olmaq üçün Ermənistan işğal edilmiş əraziləri tərk etməli və işğala son qoymalıdır. XXI əsrdə hər bir nöqteyi-nəzərdən, istər siyasi, istər hüquqi, istərsə də humanitar baxımdan qonşu dövlətin ərazisinin işğalı və danışıqlar prosesinin əngəllənməsi tamamilə anormal haldır.

Hesab edirəm ki, münaqişənin həlli üçün ilk olaraq Azərbaycan daha da qüdrətli olmalıdır və proses davam edir. İkincisi isə beynəlxalq ictimaiyyət, xüsusilə də bu münaqişə ilə məşğul olmaq mandatına sahib dövlətlər siyasi iradə nümayiş etdirməli və təcavüzkarı işğala son qoymağa məcbur etməlidirlər. Necə ki, biz bunu dünyanın bir çox yerlərində görürük - təcavüzkar dayandırılır, cəzalandırılır, sanksiyalara məruz qalır və işğala son qoyulur.

İşğal edilmiş ərazilərimizdə hər şey darmadağın edilmişdir. ATƏT oraya iki dəfə faktaraşdırıcı missiya göndərmişdir və hər iki halda onların hesabatları real vəziyyəti əks etdirmişdir. Bu, bizə də məlumdur. Bizim bütün tarixi abidələrimiz, məscidlərimiz, məzarlıqlarımız dağıdılmışdır. Bu gün biz tez-tez televiziya kanallarında Yaxın Şərqdə tarixi abidələrin məhv edilməsi ilə bağlı reportajlar izləyirik. İyirmi il bundan öncə eyni hadisələr Azərbaycanın işğal edilmiş ərazilərində baş vermişdir. Fərq ondan ibarətdir ki, o zaman beynəlxalq ictimaiyyət və media bu mövzuya o qədər də əhəmiyyət verməmiş, bəlkə də həmin məlumatlara çıxış əldə edə bilməmişdir. Ancaq mahiyyət dəyişmir – eyni məsələ və eyni yanaşma. Bu isə regionun sülh və təhlükəsizliyi baxımından çox qorxulu məsələdir. Çünki təcavüzkar cəzalandırılmadığı halda o, yeni bir ssenari planlaşdıracaq.

1990-cı illərin əvvəlində üzləşdiyimiz bu vəziyyətə və humanitar böhrana baxmayaraq, Azərbaycan uğurla inkişaf etmişdir. Yeri gəlmişkən deyim ki, həmin vaxt adambaşına düşən qaçqın sayına görə ən yüksək göstərici bizdə idi – 1 milyondan artıq insan doğma torpaqlarında qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. O zaman bizim əhalimizin sayı təqribən 8 milyona bərabər idi. Yəni, biz humanitar böhranın öhdəsindən gəlməyi bacaran ölkəyik.

O vaxtkı Azərbaycan bugünkü Azərbaycandan fərqli idi. Yoxsul, müstəqilliyini yeni bərpa etmiş, iqtisadiyyatı bərbad vəziyyətdə və sənayesi dağılmış olan ölkənin gələcək ilə bağlı perspektivləri yox vəziyyətində idi. Əsas məqsədimiz dövlətimizi qurmaq, güclü iqtisadiyyat yaratmaq, ölkəni xarici sərmayələr üçün açmaq və dünyanın bazar iqtisadiyyatı sisteminin tərkib hissəsinə çevrilməkdən ibarət idi.

Biz buna nail ola bildik. Bu gün ölkə sabitdir və biz islahatları davam etdiririk. Azərbaycanda siyasi və iqtisadi islahatlar paralel şəkildə aparılır. Bütün fundamental azadlıqlar təmin edilir – söz azadlığı, toplaşma azadlığı, dini azadlıq, media azadlığı. Bizdə azad internet mövcuddur. Son iyirmi ildir ki, senzura ləğv olunub və vətəndaşlarımızın 70 faizdən çoxu internet istifadəçisidir. Siyasi azadlıqlar iqtisadi islahatlarla dəstəklənir.

2004-2014-cü illərdə Azərbaycan iqtisadiyyatı dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatı olmuşdur. Biz işsizlik və yoxsulluğu kəskin şəkildə azaldaraq 40 faizdən 5 faizə endirməyə müvəffəq olmuşuq. İqtisadiyyatımız daha da rəqabətqabiliyyətli olmuşdur və Davos İqtisadi Forumunun hesablamalarına əsasən rəqabət qabiliyyətinə görə Azərbaycan iqtisadiyyatı dünyada 40-cı yerdədir. Biz əsas infrastruktur layihələrini, o cümlədən insanlarımızın yaşayış standartlarını yaxşılaşdırmaq üçün sosial infrastruktur layihələrini icra etmişik və bununla da həm də sərmayələr üçün daha münbit şərait yarada bilmişik.

Adambaşına düşən birbaşa xarici sərmayəyə görə biz ən qabaqcıl mövqelərdəyik. Bu, ilk növbədə neft-qaz sahəsinə yatırılmış sərmayələr idi. Hazırda isə biz qeyri-neft sektoruna sərmayəçilər cəlb etməyə çalışırıq. Neft və qazdan asılılığımızın azaldılması islahatlarımızın tərkib hissəsi olmuşdur və bunun nəticəsində bu gün neft-qaz sahəsi bizim ümumi daxili məhsulun təqribən 30 faizini, büdcə gəlirlərimizin isə 50 faizini təşkil edir. Məqsədimiz neft və qazdan asılılığımızı tamamilə aradan qaldırmaqdır. Bu yaxınlarda dediyim kimi, Azərbaycan üçün postneft dövrü artıq başlamışdır. Ona görə yox ki, biz hasilatı azaltmışıq. Neftin qiyməti kəskin şəkildə - dörd dəfə aşağı düşmüşdür. Bu səbəbdən tamamilə yeni bir vəziyyət yaranır və dünyanın heç bir ölkəsi buna hazır deyildi. Heç kəs təsəvvür edə bilməzdi ki, bir ilin içində qiymət bu dərəcədə kəskin şəkildə aşağı düşsün. Bu səbəbdən biz bu vəziyyətin mənfi nəticələrinin aradan qaldırılması üçün fəal və səmərəli işləməli olduq. Hazırda bizim maliyyə vəziyyətimiz yenidən sabitdir, proqnozlaşdırıla biləndir və məlumat vermək istərdim ki, büdcəmizdə neftin barrelinin qiyməti 25 dollar səviyyəsində nəzərdə tutulmuşdur. Bu isə hər hansı bir iqtisadi çətinliyə qarşı bir növ zəmanət deməkdir. Bizim Neft Fondunda böyük vəsaitlərimiz var ki, bu, yaranmış vəziyyətdən minimum risklə çıxmağımıza imkan verir.

Eyni zamanda, bu vəziyyət bizi islahatlarla bağlı daha da səmərəli işləməyə məcbur edir və artıq islahatların böyük hissəsi tətbiq edilməkdədir. Bu islahatlar Beynəlxalq Valyuta Fondu tərəfindən də dəstəklənir – yəni, biz düzgün yoldayıq. Hazırda biz iqtisadiyyatımızın şaxələndirilməsi məsələsi ilə məşğul oluruq və iqtisadi inkişafın yeni sahələrini müəyyən edirik. Onlardan biri bizim illərdir ki, çalışdığımız, lakin beynəlxalq birlik üçün tamamilə yeni sahə olan nəqliyyat infrastrukturunun yaradılmasıdır. Biz Azərbaycana gələcəkdə bu regionda güclü mövqeyə malik olmağa imkan verəcək nəqliyyat infrastrukturu şəbəkəsi yaradırıq.

Bizim coğrafi mövqeyimiz çox əlverişlidir. Bu səbəbdən nəqliyyat infrastrukturuna, o cümlədən dəmir yollarının, hava və dəniz limanlarının inşasına yatırılan sərmayələr sayəsində biz nəqliyyat infrastrukturlarının kəsişmə nöqtəsinə çevrilirik. Artıq Şərq-Qərb nəqliyyat dəhlizi fəaliyyətə başlamışdır və ümid edirəm ki, bu il biz Azərbaycan, Gürcüstan və Türkiyə dəmir yollarının birləşdirilməsini başa çatdıracağıq. Beləliklə, Avropa və Asiya yeni, ən qısa nəqliyyat marşrutu əldə edəcəkdir. Çindən Avropaya gedən ilk konteyner qatarı artıq Azərbaycan ərazisindən keçmişdir. Bu, müasir infrastruktura malik olan yeni İpək Yoludur və biz bu marşrutu daha da cəlbedici etmək üçün tərəfdaşlarımıza vahid tariflərin tətbiqini təklif etmişik.

Qonşularımız və tərəfdaşlarımızla birgə çalışdığımız daha bir layihə Şimal-Cənub nəqliyyat dəhlizidir ki, onun sayəsində yüklər Pakistandan Hindistana, daha sonra İrana, oradan Azərbaycan ərazisindən Rusiyaya və Şimali Avropaya nəql ediləcəkdir. Azərbaycan müasir infrastruktura sərmayə qoyur və ümid edirəm ki, tezliklə bu marşrutdan istifadə olunmağa başlanacaqdır. Yəni, bütün bu marşrutlar bizim ərazidən keçir. Təbii ki, bu, Azərbaycanın geosiyasi əhəmiyyətini artırır və gələcəkdə bizə ölkəmizin inkişafına sərf ediləcək əlavə gəlirlər gətirəcəkdir.

Əlbəttə, iqtisadiyyatımız üçün enerji sektoru öz önəmini saxlayır və bu gün enerji təhlükəsizliyi baxımından onun əhəmiyyəti artmaqdadır. Ötən ayın sonu - fevralın 29-da biz Bakıda, həmin bu zalda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci iclasını keçirmişik. Biz bu layihəni XXI əsrin layihəsi adlandırırıq. Bu, bir meqalayihədir və bu gün Avropada həyata keçirilən ən iri infrastruktur və enerji layihələrindən biridir. Onun təşəbbüskarı Azərbaycandır və Azərbaycan burada həm də təşkilatçı və sərmayəçi qismində aparıcı rol oynayır. Layihənin dəyəri 45 milyard dollara bərabərdir və bu işdə biz müxtəlif dövlət və şirkətlərdən ibarət güclü komanda yaratmışıq.

Həmin Məşvərət Şurasının yaradılmasında əsas məqsəd səylərimizin əlaqələndirilməsi və layihənin cədvəl üzrə icrasını təmin etməkdən ibarətdir. Bu layihə bir neçə mərhələdən ibarətdir. “Cənub” qaz dəhlizinin dörd elementi var. Azərbaycanın nəhəng qaz yatağından hasil olunan qaz öz aralarında birləşmiş 3500 kilometr uzunluğunda üç qaz boru kəməri vasitəsilə Bakını İtaliyanın limanları ilə birləşdirəcəkdir.

Əlbəttə, bu, nəhəng sərmayədir və bu layihənin əlaqaləndirməyə ehtiyacı vardır. Fevralın 29-da məhz bu zalda 11 dövlətin və Avropa Komissiyasının iştirakı ilə Bəyannamə imzalanmışdır ki, orada Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində mühüm və strateji rolu vurğulanmışdır. Biz həqiqətən də müxtəlif ölkələrdən ibarət komanda yaratmışıq və kəmərin marşrutu boyu yerləşən ölkələrin adlarını sadalamaq istərdim – Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya “Cənub Qaz Dəhlizi” layihəsinin üzvləridir. Daha iki dövlət – Xorvatiya və Monteneqro da Bəyannaməni imzalamışlar və əminəm ki, qarşıdan gələn illərdə onlar da heyətimizə qoşulacaqlar. Bəyannaməni imzalayanlar sırasında ABŞ və Böyük Britaniya hökumətlərinin yüksək səviyyəli nümayəndələri və Avropa Komissiyasının vitse-prezidenti də olmuşdur. Yəni, bu 12 imza onu nümayiş etdirir ki, “Cənub” qaz dəhlizi artıq reallıqdır.

Bu, enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və azad rəqabət layihəsidir. Zənnimcə, bütün enerji layihələri məhz bu şəkildə icra edilməlidir. Bizim əsas məqsədimiz bu layihəni başa çatdırmaqdır və onu kommersiya layihəsi kimi həyata keçirməkdir. Bəzən enerji təhlükəsizliyinə aid olan məsələlər həddindən artıq siyasiləşdirilir və biz bunun əleyhinəyik. Siyasət və enerji bir-birindən ayrı olmalı, enerji siyasi alət kimi istifadə edilməməlidir. Həmçinin onun bu şəkildə istifadə edilməsi, biznes fəaliyyətinə müdaxiləsi də çətinliklər yaradır.

Bu layihə sayəsində Azərbaycan bundan sonra onilliklər ərzində öz təbii sərvətlərini ixrac edəcək və bazarları şaxələndirəcək. Avropa üçün isə bu, ehtiyac duyacağı qazın yeni mənbəyi deməkdir və bununla avropalı istehlakçıların tələbatı təmin ediləcəkdir. Baxmayaraq ki, bu gün biz dünyada iqtisadi çətinliklərin şahidi oluruq, ancaq bu, müvəqqətidir və neftin qiyməti uzun müddət belə aşağı səviyyədə qalmayacaqdır. İqtisadi artım fəallığı yüksəldəcək və Avropanın təbii qaza olan tələbatı yalnız artacaqdır. Burada hər kəs üçün yer olacaqdır. Düşünürəm ki, lüzumsuz rəqabətin olmaması üçün istehsalçılar da səylərini əlaqələndirməlidir. Həm istehsalçıların, həm də istehlakçıların öz məqsədləri var.

“Cənub Qaz Dəhlizi” layihəsində biz istehsalçı, istehlakçı və tranzit dövlətlər arasında balans yaratmağa nail olmuşuq. Yəni, burada uduzan tərəf yoxdur və bu səbəbdən o, olduqca uğurla inkişaf edir. Bu qədər iştirakçıların olduğu, qısa bir zamanda və neftin qiymətinin aşağı olduğu bir vaxtda milyardlar tələb edən belə bir nəhəng layihənin həyata keçirilməsi böyük çağırışdır. Enerji təhlükəsizliyi şübhəsiz ki, siyasi gündəlikdə əsas yer tutacaq. Hesab edirəm, “Cənub” qaz dəhlizi vasitəsilə göstərdiyimiz nümunə nümayiş etdirir ki, enerji ilə siyasəti ayıranda uğur əldə oluna bilər.

Bu il Azərbaycanda “Multikulturalizm ili”dir. Müxtəlif etnik köklərə, dinlərə malik insanlar əsrlər boyu Azərbaycanda sülh, əmin-amanlıq şəraitində yaşamışlar və biz bununla fəxr edirik. Fərəhlənirik ki, müstəqillik illərində bu müsbət meyil daha da güclənmişdir. Multikulturalizm və dini dözümlülük Azərbaycanda dövlət siyasətidir. Eyni zamanda, bu, cəmiyyətdə olan əhval-ruhiyyənin təcəssümüdür. Bu isə çox vacibdir ki, həmin sahədə dövlət siyasəti və ümumi ab-hava bir-birindən fərqlənmir.

2008-ci ildə biz “Bakı prosesi”nə start verdik və ilk dəfə İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin mədəniyyət nazirlərini Avropa Şurasına üzv olan dövlətlərin mədəniyyət nazirlərinin Bakıda keçirilən toplantısına dəvət etdik. “Bakı prosesi” artıq bir reallıqdır. Biz Azərbaycanda multikulturalizm dəyərlərini təşviq edən çoxsaylı beynəlxalq tədbirlər keçirmişik. Dünya dini liderlərinin zirvə görüşü, bir neçə dəfə Mədəniyyətlərarası Dialoq Forumu və Beynəlxalq Humanitar Forum təşkil etmişik. Təqribən bir aydan sonra biz BMT-nin təşkilatçılığı ilə Azərbaycanda Sivilizasiyalar Alyansının 7-ci toplantısını keçirəcəyik.

Azərbaycanın bu sahədəki təcrübəsi aparıcı beynəlxalq təşkilatlar və beynəlxalq birlik tərəfindən yüksək qiymətləndirilir. Bu, multikulturalizmin yaşadığını, onun gələcəyinin olmasını sübut edir, sadəcə siyasətçilər, ictimai rəyə təsir etmək iqtidarında olanlar, o cümlədən media nümayəndələri daha məsuliyyətli olmalıdırlar. Hesab edirəm ki, bu məsələdə medianın rolu daha müsbət olmalıdır. Təəssüf ki, bir çox hallarda biz xəbərlərdə qarşıdurma, qaçqın böhranı və bunlarla bağlı kadrlar görürük.

Bu yanaşma yalnız təcridolunmaya gətirir. Biz buna imkan verə bilmərik. Çünki qeyd etdiyim kimi, biz bir-birimizlə bağlıyıq və eyni planetdə yaşayırıq. Artıq şahid olduğumuz kimi, Avropa ilə Yaxın Şərq arasındakı məsafə o qədər də böyük deyil. Yəni, məsafə insanların sığınacaq tapmaq və öz ailələrini xilas etmək naminə oralara üz tutmağın qarşısını almır. Odur ki, multikulturalizmin müsbət nümunələri üzərində dayanmaqla, bu dəyərlərin təşviqi hamımıza yardımçı olar. Çünki gələcəkdə heç bir ölkə və millət təcrid olunmuş vəziyyətdə yaşaya bilməz. Biz bir-birimizə bağlıyıq. Dünya ölkələrinin mütləq əksəriyyətinin əhalisi çoxmillətli və çoxdinlidir. Biz bununla fəxr etməliyik.

Ötən ay biz müsəlman dünyasının ən müqəddəs məkanlarından olan İmamzadə Dini-Tarixi Kompleksinin yenidənqurma və bərpadan sonra açılışında iştirak etdik. Yeri gəlmişkən, bu kompleks Gəncədə, Nizami Gəncəvinin vətənində yerləşir. Azərbaycan xalqı bu abidəni VIII əsrdən bəri qoruyur. Ərazidə yeni məscid də inşa edilmişdir və mən Azərbaycanın müxtəlif bölgələrindən olan insanları ora dəvət etmişdim. Orada mənimlə yanaşı çıxış edənlərin arasında Azərbaycanın müxtəlif dini icmalarının rəhbərləri olmuşlar – Azərbaycan müsəlmanlarının, Azərbaycanın Rus Pravoslav kilsəsinin, yəhudi icmasının və Azərbaycanın Katolik kilsəsinin rəhbərləri. Onlar bu tədbirdə yalnız iştirak etməmiş, həm çıxış etmiş və həm də yeni inşa edilmiş məscidi ziyarət etmişlər. Bu işlər bizim ölkədə belə qurulub. Bu, bizim cəmiyyətimizə, xalqımıza və dünyaya olan mesajımızdır.

Bir neçə ay bundan öncə Azərbaycanın ən böyük məscidində sünni və şiə müsəlmanlar bir yerdə namaz qılmışlar və bunu vəhdət namazı adlandırmışlar. Bu da bir daha real vəziyyəti əks etdirir. Burada nə müsəlman icması daxilində, nə də, ümumiyyətlə, cəmiyyətimizdə fərq qoyulmur. Bu, Azərbaycan reallığıdır, bizim ən böyük sərvətlərimizdəndir və uğurlu inkişafımızın zəmanətidir. Çünki bu konsensus, bu birlik olmadan biz uğur əldə edə bilmərik. Biz daha da böyük nailiyyətlər əldə etməkdə, ölkəmizi müasirləşdirməkdə davam etmək istəyirik. Biz buna yalnız dostluq və multikulturalizm kimi birgə dəyərlərə əsaslanaraq nail ola bilərik.

Ötən il Azərbaycan ilk Avropa Oyunlarına, 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi etmişdir. Bakı İslam Mədəniyyəti Paytaxtı elan edilmişdir və gələn il biz İslam Həmrəylik Oyunlarını təşkil edəcəyik. Azərbaycan Avropa Şurasının və eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Bu, mədəniyyətlər, ənənələr, dinlər arasında körpüdür və bu, bizim məsuliyyətimizdir. Biz bu rolu ilk öncə öz ölkəmizin uğurlu gələcəyi və regionda sabit proqnozlaşdırıla bilən vəziyyətin yaradılması naminə oynayırıq.

Əminəm ki, proqramın vacib mövzuları üzrə müzakirələr regionumuzda və dünyada müsbət inkişafa böyük töhfə olacaqdır. Forumun işinə uğurlar diləyirəm. Təşəkkür edirəm”.

1news.az 

Paylaş:
669

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər