Zakir Qaralov Neftçalada vətəndaşları qəbul edib
Baş prokuror Zakir Qaralov Neftçalada vətəndaşları qəbul edib.
1news.az-ın verdiyi xəbərə görə, Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Z.Qaralov Neftçala rayon prokurorluğunun inzibati binasında Neftçala, Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarında yaşayan vətəndaşların müraciətlərini dinləyib.
Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Z.Qaralov bölgədə yaşayan 50-yə qədər vətəndaşın müraciətində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.
Göstərilənlərlə yanaşı, qeyd edilən rayonların prokurorlarının iştirakı ilə müşavirə keçirilməklə bölgədə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması üçün konkret tapşırıqlar verilib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşımaları onların diqqətinə çatdırılıb.
1news.az