Allahşükür Paşazadə İran Sərhəd Qoşunlarının komandanını qəbul edib - FOTO
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rzayinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
1news.az-a QMİ-dən verilən məlumata görə, görüşdə Azərbaycan və İran dövlətləri arasında mövcud tarixi, mədəni, dini-mənəvi əlaqələrin əhəmiyyəti vurğulanıb.
Bildirilib ki, bu əlaqələr iki dost, qardaş və qonşu xalqların həyatının bütün sahələrində tərəqqiyə xidmət edir. Q.Rzayi deyib ki, Azərbaycan və İran sərhəd xidmətləri arasında səmərəli əməkdaşlıq əlaqələri sayəsində iki dövlət arasında bu sahədə heç bir problem mövcud deyil. Sərhədçilərin qarşısında narkotik qaçaqmalçılığı və terrorizmlə mübarizənin ön sıralarda durduğunu qeyd edən qonaq sərhədçilərin fəaliyyətlərinin uğuru üçün şeyxülislamdan din xadimi olaraq xeyir-dualarını əsirgəməməyini xahiş edib.
QMİ sədri Azərbaycanın ərazi bütövlüyünün bərpasının Azərbaycan xalqı üçün prioritet əhəmiyyət daşıdığına diqqət çəkərək, həm coğrafi, həm də mənəvi sərhədlərin təhlükəsizliyinin qorunması işinə uğurlar diləyib.
Qarşıdan gələn Novruz bayramı münasibətilə Azərbaycan və İran xalqlarını təbrik edən A.Paşazadə, İran xalqını bu yaxınlarda parlament və Məclisi-Xubaraya keçirilimiş seçkilər münasibətilə təbrik edib, bu seçimlərin qonşu dövlət üçün xeyirlərə vəsilə olacağına ümidvarlığını bildirib.
Görüşün sonunda qonağa xatirə hədiyyəsi təqdim olunub.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakayin də görüşdə iştirak edib.
1news.az