Azərbaycanda iqtisadiyyatın inkişafı ilə bağlı strateji “Yol xəritəsi” hazırlanır
“Hal-hazırda Azərbaycan iqtisadiyyatın inkişafı ilə bağlı strateji “Yol xəritəsi” hazırlanır”.
1news.az xəbər verir ki, bu haqda Azərbaycan Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov “Azərbaycanda Amerika ticarət palatasının (AmCham) dəstəyi ilə ölkədə keçirilən iqtisadi islahatlar” mövzusunda Bakıda keçirilən “dəyirmi masa”-da çıxışı zamanı bildirib.
Onun sözlərinə görə sənəddə inkişaf üçün prioritet sahələr, həmçinin yardımçı, lakin iqtisadiyyatın əsas sektorlarının inkişafında böyük rol oynayan sahələr də öz əksini tapacaq.
“Yeni sənəd iqtisadi inkişafın yeni modelinə qatqısı olacaq”,- N. Əmirov deyib.
AR Prezidentinin köməkçisi qeyd edib ki, dövlət başçısı tərəfindən Azərbaycan iqtisadiyyatının stabil inkişafını təmin etmək üçün müəyyən məqsəd və vəzifələr qoyulub.
“Yol xəritəsi” bu məqsədə müvafiq olaraq müəyyən olunub”,- o deyib.
N.Əmirov həmçinin qeyd edib ki, Azərbaycan iqtisadiyyatının inkişafına dair “Yol xəritəsi” tam şəkildə qlobal çağırışlara cavab verəcək.
“Biz Azərbaycanı investisiya yatırımı baxımından ən çəlbedici ölkələrdən birinə çevirməyi hədəfləyirik”,- N.Əmirov deyib.
1news.az