Mübariz Qurbanlı Azərbaycan Universitetinin tələbələri ilə görüşüb - FOTO
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Azərbaycan Universitetinin tələbələri ilə görüşüb. Tədbir, komitə tərəfindən həyata keçirilən maarifləndirmə layihəsi çərçivəsində keçirilib.
1news.az-a DQİDK-nın mətbuat xidmətindən verilən məlumata görə, tədbiri giriş sözü ilə Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov açıb. Rektor iki qurum arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində il ərzində həyata keçiriləcək birgə tədbirlər haqqında məlumat verib. Fərid Əhmədov çıxışında qeyd edib ki, dini mövzularda bilik kasadlığı hər bir cəmiyyət üçün təhlükə yaradır. Azərbaycan cəmiyyəti bəzi dövlətlərin bu sahədə yaşadığı problemlərlə dövlətin məqsədyönlü siyasəti nəticəsində üzləşmir.
Daha sonra DQİDK sədri Mübariz Qurbanlı “Dövlət – din münasibətləri” mövzusunda çıxış edib. Komitə sədri çıxışında dövlət-din münasibətlərinin dünyadakı modelləri, Sovet dövründə İslam dininə yanaşma, müstəqilliyin bərpasından sonra Azərbaycan xalqının milli-mənəvi dəyərlərə qayıdışı prosesi, İslam dininin ideoloji cəhətdən zəiflədilməsi hərəkatı kimi məsələlərə toxunub, tolerantlıq anlayışı, multikultural dəyərlər, komitənin dini maarifləndirmə istiqamətində gördüyü işlər haqqında məlumat verib.
Qonaq qeyd edib ki, rəhbərlik etdiyi qurum dövlət-din münasibətləri, o cümlədən dini icmaların fəaliyyətini nizamlamaq məqsədiylə təsis olunub:
“Azərbaycan unitar, hüquqi, demokratik və dünyəvi dövlətdir. Dünyəvilik konstitusiyada öz əksini tapıb və ölkədə dövlət-din münasibətləri yüksək səviyyədə təşkil olunub”.
Bununla yanaşı Azərbaycanda “Dini etiqad azadlığı” haqqında qanun da qəbul edilib. İstənilən dini icmanın azad fəaliyyətinə tam şərait yaradılıb ki, bu da Azərbaycanı tolerantlıq baxımından dünyanın ən qabaqcıl ölkələri sırasına yüksəldir.
Mübariz Qurbanlı çıxışında dini radikalizmə və dini xürafata qarşı mübarizənin əhəmiyyətini və aktuallığını diqqətə çatdırıb və vurğulayıb ki, bütün problemlərin həlli dini mükəmməl şəkildə öyrənməkdən keçir.
Tədbirin sonunda çıxış ətrafında müzakirələr aparılıb və tələbələrin sualları cavablandırılıb.
1news.az