A.Karavayev: Bakı formatı gələcək üçün qazanılmış kapitaldır | 1news.az | Xəbərlər
Siyasət

A.Karavayev: Bakı formatı gələcək üçün qazanılmış kapitaldır

20:10 - 12 / 03 / 2016
A.Karavayev: Bakı formatı gələcək üçün qazanılmış kapitaldır

“Azərbaycan çoxvektorluluq taktikasında tanınmış lider və uzunmüddətli geosiyasi münaqişələr qrupunun bilavasitə yaxınlığında yerləşməsinə baxmayaraq, dünyada çoxvektorlu siyasət praktikasını qoruyub saxlamağı və inkişaf etdirməyi bacarmış az sayda ölkələrdən biridir.

Buna görə də xarici siyasətdə tarazlıq yaratmaq sahəsində Bakının təcrübəsi çoxları üçün, xüsusən zorla qəbul etdirilən çoxsaylı öhdəliklərə, iri qonşularının kənardan göstərdiyi təzyiqə və inteqrasiya ittifaqlarının çərçivəsinin əziyyətini çəkən orta və kiçik miqyaslı dövlətlər üçün maraq doğurur”.

Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi işçisi, politoloq Aleksandr Karavayev bu sözləri AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib.

Onun fikrincə, IV Qlobal Bakı Forumunun “Çoxvektorlu dünyaya doğru” mövzusu bu gün həmişəkindən daha aktual səslənir. Beynəlxalq gündəlikdə multivektorluluq və çoxqütblülük ideyası on il bundan əvvəl təsəvvür edilə biləcəyi kimi, öz aktuallığını əsla itirməyib, əksinə, bir sıra dövlətlərin qoruyub saxlamağa, fasilə yarandığı halda isə onu yenidən “sıraya qaytarmağa” çalışdığı siyasi praktikaya çevrilib.

Politoloq deyib: “Prezident İlham Əliyevin yeni Bakını dünyaya qlobal səviyyəli dialoq məkanı kimi təqdim etmək ideyası praktiki olaraq hərtərəfli uğurla nəticələnib. Təşkilati xərclər nəzərə alınmasa, bu ideyanın mənfi cəhəti yoxdur, müsbət cəhətlərini isə çox sadalamaq olar”.

A.Karavayev Bakı forumunun keçirilməsinin əsas müsbət cəhətləri arasında tanınmış siyasətçilərin və ictimai xadimlərin iştirak etdiyi açıq sammitlər formatını xüsusi qeyd edir. A.Karavayev deyib: “Müxtəlif sahələrdə “ən parlaq ulduzların” iştirakı iqtisadiyyatdan və diplomatiyadan başlamış mədəniyyətə və idmana qədər bütün spektr üzrə Azərbaycan brendlərinin statusunu yüksəltməyə imkan verir. Bu forumlarda çoxsaylı selebretizlərin (celebrity – dəvət edilmiş ulduz), yəni sabiq və fəaliyyətdə olan siyasətçilərin, məmurların, media məşhurlarının, populyar tədqiqatçıların bu forumda iştirak etməsi çoxsaylı xarici KİV-lərin diqqətini cəlb edir və dəvət edilmiş ölkələrin elitasının Azərbaycana marağını qoruyub saxlayır. Burada turizm potensialının əhəmiyyətli dərəcədə möhkəmlənməsini də qeyd etmək lazımdır. Siyasət və şou-biznes ulduzları Bakıda dəniz sahilində addımlayarkən Azərbaycan paytaxtının kiçik və orta biznes sahələrində gəlirləri artır, həmin ölkələrdən olan insanların Azərbaycana gəlməyə marağı güclənir. Azərbaycana turist axınına dair statistik göstəricilər də bu fikri təsdiq edir”.

A.Karavayevin fikrincə, burada ikinci mühüm məqam ondan ibarətdir ki, indi bu format əslində heç bir öhdəlik nəzərdə tutmur. Beynəlxalq Bakı forumlarının müdrikliyi bundan ibarətdir. Bakı çox dəqiq mövqe tutaraq kəskin beynəlxalq problemlərdən distansiyanı gözləyir, mümkün nəticələri bilinməyən real siyasi savaşlara qoşulmur. Təbii ki, bu sözlər Qarabağ münaqişəsi probleminə aid deyil, lakin həmin forumların strateji vəzifəsinin çərçivəsindən kənara çıxarılır, hərçənd, məlum səbəblərə görə bu məsələ əsas leytmotivlər sırasında səslənir. Əlbəttə, əgər biz konkret olaraq Qlobal Forum barədə danışırıqsa, həmin forum öz gündəliyinə görə tamamilə mücərrəd (və ya intriqalardan məhrum) ola bilməz. Məsələn, Rusiyanın keçmiş baş naziri Viktor Zubkov ilə Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko arasında kəskin disputun əlamətdar cəhəti ondan ibarətdir ki, problemli məsələlərin sayı az qala həndəsi silsilə üzrə artır. Bakıda kəskin diskussiyalardan yan keçmək mümkün deyil. Lakin digər tərəfdən bu, “genişlənməyə hesablanmış” formatdır. Azərbaycan reallığa etinasız qalmayacaq, xarici siyasət gündəliyindəki məsələlər barəsində daha fəal mövqe isə “multivektorlu tarazlıq” strategiyasını inkar etmir. Bu gün Bakı formatı gələcək üçün qazanılmış kapitaldır. Belə fəallıq daha bir neçə il davam etsə, dünya birliyi Bakını Yaxın Şərq münaqişələrinin tənzimlənməsi prosesində real mürəkkəb dialoqlar keçirilməsi üçün münasib məkan, “Cenevrənin alternativi” kimi qəbul edəcək. Böyük siyasət səviyyəsinə bu cür keçid üçün kifayət qədər təməl yaradılıb”.

Politoloq daha sonra qeyd edib ki, dünya elitasının Bakı sosial-siyasi və mədəni sammitləri 2008-ci ildən başlanıb. O vaxt ilk dəfə “iki dünyanın” – İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasına üzv olan dövlətlərin mədəniyyət nazirləri birlikdə Azərbaycan paytaxtına dəvət edildi. Sonrakı dövrdə keçirilmiş silsilə tədbirlərdə multikultural dəyərlər müzakirə olundu. 2010-cu ilin aprel ayında keçirilmiş dinlərarası sammitdə Ermənistan da daxil olmaqla 35 ölkədən 150-yə yaxın dini lider iştirak edirdi (həmin sammit çərçivəsində Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və bütün ermənilərin katolikosu II Qaregin arasında əlamətdar görüş oldu). Rusiya prezidentinin dəstəyi ilə dalbadal bir neçə il Mədəniyyətlərarası Dialoq Forumu və Beynəlxalq Humanitar Forum keçirildi. Bu il aprel ayında Bakı “Sivilizasiyalar alyansı”nın BMT tərəfindən təşkil olunan yeddinci iclasına ev sahibliyi edəcək...

A.Karavayev deyib: “Qlobal Bakı Forumunun daha bir detalını qeyd etmək istərdim. Diskussiya sammitinin bu formatı beynəlxalq elmi təşəbbüs kimi formalaşır. Bu qlobal forumun təşəbbüskarı Nizami Gəncəvi Mərkəzi olub. Moskva Dövlət Universitetinin Azərbaycan filialının rektoru professor Nərgiz Paşayevanın dəstəyi ilə Oksford universitetinin layihəsi kimi yaradılmış bu Mərkəz Qərbdə Azərbaycan barədə informasiyanın keyfiyyətli şəkildə təbliğ edilməsi üçün elitanın ictimai diplomatiyasını, “istefada olan” ulduzların fəallığını və elmi-publisistik fəaliyyəti özündə cəmləşdirir. Nizami Gəncəvi Mərkəzinin iki həmsədri – Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa və Misirdəki İsgəndəriyyə kitabxanasının direktoru İsmail Serageldin əslində müxtəlif fəaliyyət sahələrini və demək olar ki, diametral sosial-siyasi dünyaları təmsil edən insanlardır. Lakin bu insanlar Nizami Gəncəvi Mərkəzinin himayəsi altında birləşərək Azərbaycan “soft power”inin (mədəni və siyasi təsir mexanizmlərinin) imkanlarını nümayiş etdirmək üçün Şərq ilə Qərbi qovuşdurmağa çalışırlar.

Beləliklə, qlobal qeyri-sabitlik dövründə beynəlxalq siyasi elitanın Azərbaycanın topladığı multivektorluluq kapitalına və tolerant cəmiyyət qurulması doktrinasına ehtiyacı yəqin ki, hiss ediləcək. Bakı dialoq məkanından konkret münaqişələrin tənzimlənməsi üçün real praktiki istifadə imkanları isə, necə deyərlər, öz-özünə yaranacaq”.

1news.az

Paylaş:
890

Son xəbərlər

COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12
Bütün xəbərlər