İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin maraqlı olacağına və ilk dəfə Azərbaycana səfər edən heyət üzvlərinin ölkəmizlə yaxından tanış olmaları üçün səfərin yaxşı fürsət yaradacağına ümidvar olduğunu bildirdi. Devid Harrisin ölkəmizin yaxın dostu olduğunu vurğulayan Prezident İlham Əliyev səfərin qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından da önəmini qeyd etdi.
Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harris Azərbaycanın ABŞ üçün çox əhəmiyyətli bir ölkə olduğunu vurğuladı. Devid Harris təmsil etdiyi təşkilatın Azərbaycan ilə ABŞ arasında əlaqələrin dərinləşdirilməsi üçün səylərini əsirgəməyəcəyini dedi.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyət ətrafında fikir mübadiləsi aparıldı, Azərbaycanda müxtəlif dini icmaların birgə yaşayışı, multikulturalizmin daha da inkişaf etdirilməsi ilə bağlı görülən tədbirlərin önəmi qeyd olundu, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edildi.