Prezident İlham Əliyev Türkiyə prezidentinə başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, başsağlığı məktubunda deyilir:
“Hörmətli cənab Prezident,
Əziz qardaşım, Ankara şəhərində törədilmiş amansız terror aktı nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi olduqca kədərləndirdi.
Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir və ona qarşı ən kəskin şəkildə mübarizəni vacib hesab edirik.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!”
1news.az