Aydın Əliyev Azərbaycanda gömrük rüsumlarının azalıb-azalmayacağına aydınlıq gətirib - TAMAMLANMA
Dövlət gömrük Komitəsinin rəhbəri (DGK) Aydın Əliyev gömrük rüsumları ilə bağlı məsələlərə aydınlıq gətirib.
1news.az-ın verdiyi xəbərə görə, Azərbaycandakı Amerika Ticarət Palatasının (AmCham) Bakıda keçirilən tədbiri zamanı Dövlət Gömrük Komitəsinin rəhbəri Aydın Əliyev jurnalistlərə bildirib ki, hazırki məsələ günün əsas mövzusdur:
“Biz, Azərbaycana idxal olunan, əsasən də yerli istehsalda istifadə edilən bir sıra xammal və onun komponentlərinə qarşı gömrük rüsumlarının azaldılmasını təklif edirik”
Onun sözlərinə görə, müvafiq məsələlər ilə bağlı təkliflər hazırda ölkə rəhbərliyinin baxılması üçün nəzərdə tutulub.
“Azərbaycanda daxili istehsalın inkişafı artırılmalıdır. Ölkə yerli istehsala “yaşıl işıq” yandırmalıdır. Bununla əlaqədar yerli istehsal zamanı istifadə edilən bir sıra məhsulun gömrük rüsumlarının azaldılması ilə bağlı təklifləri etmişik”, - DGK-nin rəhbəri qeyd edib.
Həmçinin o qeyd edib ki, eyni zamanda hökumətə bir sıra məhsullara qarşı gömrük rüsumlarının artırılması təklifi də təqdim olunub.
“Müvafiq qərarı hökumət verəcək”, - A.Əliyev qeyd edib.
1news.az