Azərbaycanda “Məktəbəqədər hazırlıq haqqında” yeni qanun layihəsi hazırlanacaq
Milli Məclisdə “Məktəbəqədər hazırlıq haqqında” qanun layihəsinin hazırlanması üçün işçi qrup yaradılır.
1news.az xəbər verir ki, bu haqda 14 mart tarixində MM-in Təhsil və elm komitəsinin iclasında bildirilib.
Milli Məclisin iclasında çıxış edən parlamentin Təhsil və elm komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, 90 –cı illərdə məktəbəqədər təhsil sistemində mühüm problemlər var idi.
“Lakin son illər ərzində bu sahənin Azərbaycanda inkişaf etdiyini müşahidə edirik. Bakıda və ölkənin digər regionlarında yeni avadanlıqla təmin olunmuş uşaq baxçaları tikilir, yeni texniki bazanın yaradılmasına diqqət yetirilir”,- o, deyib.
İsa Həbibbəyli məktəbəqədər təhsillə bağlı yeni qanunvericilik bazasının yaradılmasının vacibliyini vurğulayıb. O, bildirib ki, qanun layihəsinin hazırlanması Milli Məclisin yaz sessiyasının gündəliyinə daxildir.
“Layihənin ilkin variantının may alında hazır olacağı ehtimal olunur”,- o deyib.
İsa Həbibbəyli qeyd edib ki, qanun layihəsində məktəbəqədər hazırlıq müəssisələrinin idarəedilməsi, maddi-texniki bazasının yaradılması, təlim-tədris prosesinin təşkili məsələləri öz əksini tapmalıdır.
Parlamentin iclasında çıxışı zamanı Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin sədri Aydın Əhmədov bildirib ki, məktəbəqədər təhsil icbari deyil və valideynlər qarşısında konkret tələblər qoyulmur.
“Lakin uşaqların bu müəssisələrə geniş şəkildə cəlb olunması üçün şərait yaradılmalı, bu məsələ qanun layihəsində öz əksini tapmalıdır”-o, qeyd edib.
O, bildirib ki, başqa ölkələrlə müqayiəsədə Azərbaycanda uşaqların məktəbəqədər müəssisələrə cəlb olunması prosesi zəifdir. “Biz bu sahə ilə bağlı dünya təcrübəsini öyrənməli və onu Azərbaycana tətbiq etməliyik.”
Aydın Əhmədov qeyd edib ki, Azərbaycanda məktəbəqədər müəssisələrə uşaqların cəlbi 2020-ci ilə qədər 90 % çatdırılmalıdır.
Bundan əlavə Aydın Əhmədov özəl bağçaların da fəaliyyətinin genişləndirilməsinin əhəmiyyətindən danışıb.
1news.az