Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi haqqında əsasnamədə dəyişiklik edilib
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 dekabr tarixli 695 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi haqqında Əsasnamə”ni “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1341-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 dekabr tarixli 695 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 12, maddə 1245; 2008, № 10, maddə 898; 2009, № 4, maddə 219, № 12, maddə 983; 2011, № 2, maddə 85) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi haqqında Əsasnamə”nin 9.11-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“9.11. texnoloji nəqliyyat vasitələrinin, habelə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin II hissəsinin 1-ci və 3-cü bəndlərində göstərilən nəqliyyat vasitələri istisna olmaqla, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparmaq, onlara qeydiyyat şəhadətnaməsi vermək və ildə bir dəfə texniki baxışdan keçirmək;”.
1news.az