ABŞ Konqresində Azərbaycana dəstək günü keçirilib – FOTO
ABŞ-ın yəhudi və müsəlman icmalarının nüfuzlu nümayəndələri ilk dəfə bir araya gələrək ABŞ Konqresində Azərbaycana dəstək günü keçiriblər.
1news.az-ın məlumatına görə, “Etnik Anlaşma Fondu”nun (FFEU) və onun prezidenti ABŞ yəhudi icmasının tanınmış üzvlərindən olan ravin Mark Şnayerin təşəbbüsü ilə yüzədək ABŞ yəhudi və müsəlman icmasının nüfuzlu üzvlərindən ibarət qrup iştirak edib.
Qeyd edək ki, tarixdə ilk dəfədir ki, bu kimi nüfuzlu qrup məhz Azərbaycanı dəstəkləmək məqsədilə ABŞ Konqresində görüşlər keçirib. Qrupa daxil olan tanınmış ictimai xadimlər arasında həmçinin Şimali Amerika İslam Cəmiyyətinin (İSNA) milli direktoru Səyyid Syed və Dini və Ənənəvi Sülhməramlılar Şəbəkəsinin Vaşinqton ofisinin direktoru Mohamed Elsanusi də iştirak ediblər.
ABŞ Konqresinə yola düşməzdən əvvəl qrup Azərbaycan Respublikasının ABŞ-da səfirliyi tərəfindən təşkil olunmuş nahar yeməyinə qatılıb.
Tədbir zamanı çıxış edən qrupun təşəbbüskarı ravin M.Şnayer danışaraq, ölkəmizə 3-cü Mədəniyyətlərarası Ümumdünya Forumunda iştirak etmək məqsədilə səfərini xatırlayıb və Bakıdan olduqca xoş təəssüratlarla döndüyünü deyib. O, Azərbaycanın tolerantlıq və müxtəlif mədəniyyətlərə hörmət səviyyəsi baxımından region və bütün dünya üçün nümunə olmasında bir daha əmin olduğunu bildirib.
Yəhudi icmasının Azərbaycanda vəziyyətinə toxunan ravin ölkəmizin “yəhudilər və İsrailin əsl dostu olduğunun” deyib.
O eyni zamanda yəhudi və müsəlman icmalarının bir araya gələrək məhz Azərbaycanı dəstəkləmək üçün ABŞ qanunvericilərinə üz tutmalarının təsadüf olmadığını qeyd etməklə bərabər, belə təşəbbüsün ümumiyyətlə, tarixdə ilk dəfə keçirildiyini diqqətə çatdırıb. Ravin Şnayer Azərbaycan rəhbərliyinin mədəniyyətlərarası dialoqa dəstək və töhvəsini yüksək qiymətləndirin.
Azərbaycanın ABŞ-da səfiri Elin Süleymanov ravin Şnayerə səylərinə görə təşəkkürünü bildirib. O, 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cumhuriyyətinin Şərqin ilk demokratik dövləti olduğunu və burada din, dil, milliyət və ya cinsi mənsubiyyətə baxmayaraq bütün vətəndaşların bərabər hüquqa malik olduğunu, bu dəyərlərin Azərbaycan xalqı üçün dərin ənənəsindən danışıb.
Səfir antisemitizm və islamofobiyaya gəldikdə Azərbaycanın bu iki bəlanın eyni dərəcədə qəbuledilməz hesab etdiyini və bu səbəbdən ölkə rəhbərliyi tərəfindən mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi və genişlənməsi istiqamətində səylərin davam etdirildiyini vurğulayıb. Bununla bağlı ölkəmizdə bir sıra nüfuzlu, beynəlxalq səviyyədə tədbirlərin təşkil olunduğunu xatırladaraq bu siyasətin davam etdiriləcəyini söyləyib.
Azərbaycanlı diplomat qeyd etdiyi səylərin müasir dünyada qarşılaşdığımız radikallığa qarşı güclü silah olacağına inandığını deyib. O bildirib ki, müasir Azərbaycan müxtəlif mədəniyyət və dinlər arasında sülh və dostluq şəklində birgəyaşayış baxımından nəyin mümkün ola biləcəyinin nümunəsidir və ölkəmizlə İsrail arasında münasibətlərin bu müstəvidə hamımızın uğurlu ola biləcəyimizi göstərir.
Bundan sonra çıxış edən Şimali Amerika İslam Cəmiyyətinin (İSNA) milli direktoru S.Syed Azərbaycanın müsəlman dünyasında da nümunə rolunu qeyd edərək, ölkəmizdə müxtəlif müsəlman təriqətləri arasında problem yaşanmadığını bildirib.
S.Syed Azərbaycanı Fələstin xalqını dəstəkləməsi ilə bərabər İsrail dövləti ilə də münasibətlərinin yüksək səviyyədə olduğuna görə alqışlayıb. Azərbaycan tərəfindən mədəniyyətlərarası dialoqa verilən töhfə və bu istiqamətdə fəaliyyətinin dünyada sülhün bərqərar olmasına yardım etdiyini deyərək Azərbaycan kimi ölkələrin nümünəsinin antisemitizm və islamofobiyaya qarşı mübarizədə köməyindən danışıb. Çıxışının sonunda o “bir amerikalı müsəlman kimi Azərbaycan kimi ölkədən qürur duyduğunu” deyib.
Həmin gün sözügedən qrup ABŞ Konqresində Azərbaycan günü çərçivəsində bir sıra nüfuzlu konqresmenlərlə görüşərək onlara Azərbaycanın müstəsna vacibliyindən danışaraq ölkəmizi dəstəkləməyə çağırıblar.
Qrupun üzvlərinin sözlərinə görə, həmin görüşlər zamanı həm müsəlman, həm də yəhudi icmalarının məhz Azərbaycanı dəstəkləmək ətrafında bir yerə gəlməsi Konqres üzvlərinə çox müsbət təsir bağışlayıb.
1news.az