Gürkan Kumbaroğlu: Avropanın təbii qaz qiyməti Türkiyə sərhədində formalaşacaq
Türkiyə Azərbaycan, İran və Rusiyadan Avropaya nəql ediləcək təbii qazın qiymətinin müəyyən edilməsində əsas rolu oynayacaq. Avropanın təbii qaz qiyməti məhz Türkiyə sərhədində formalaşacaq.
1news.az Anadolu agentliyinə istinadla xəbər verir ki, mərkəzi ofisi ABŞ-da yerləşən Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın (IAEE) prezidenti Gürkan Kumbaroğlu bu fikirdədir. O bildirib ki, Avropaya istiqamətlənən yeni enerji layihələrinin bütün marşrutları Türkiyədə kəsişəcək. Trans-Anadolu (TANAP) və “Trans-Adriatik” (TAP) qaz boru kəmərləri ilə yanaşı hazırda danışıqları dayandırılan “Türk axını” qaz boru kəməri (Turkish Stream) layihəsi də Türkiyənin əhəmiyyətini artırır: “Avropanın təbii qaz qiyməti məhz Türkiyə sərhədində formalaşacaq. Burada yaradılacaq enerji mərkəzi təbii qazı satan ölkələr ilə qaza tələbatı olan Avropa üçün müstəsna rol oynamaqla yanaşı, Türkiyənin enerji bazarlarındakı əhəmiyyətini artıracaq.
Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri (CQBK), TANAP və TAP qaz boru kəmərlərindən ibarət olan “Cənub Qaz Dəhlizi” dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. 3 min 500 kilometr uzunluğundakı bu dəhliz Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Gürcüstan və Türkiyədən keçməklə Avropaya daşıyacaq. İlkin mərhələdə Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur.
1news.az