İntiqam Əliyev azadlığa buraxıldı
Bu gün Ali Məhkəmədə Hüquq Maarifçiliyi Cəmiyyətinin həbsdə olan sədri İntiqam Əliyevin işi üzrə iclas keçirilib.
1news.az-ın məlumatına görə, Ali Məhkəmənin sədri Ramiz Rzayevin sədrliyi ilə keçirilən plenum iclasında Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla İntiqam Əliyevin barəsində olan cəza şərti hesab olunub və onun barəsində 5 il şərti cəza müəyyən edilməklə azadlığa buraxılması barədə qərar qəbul edilib.
Qeyd edək ki, İntiqam Əliyev 2014-cü il avqustun 8-də həbs olunub. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə), 192.2-ci (qanunsuz sahibkarlıq), 213.1-ci (vergidən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirli bilinib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İntiqam Əliyev 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib. Bundan sonra İ. Əliyev kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Hazırda məhkəmədə onun şikayətinə baxılır.
Bir müddət əvvəl isə Zakir Qaralov əlavə kassasiya protesti ilə məhkəməyə müraciət edib. Protestdə cəzanın dəyişdirilməsi məsələsi qoyulub.
1news.az