Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 31 Mart soyqırımının qurbanları yad edilib – FOTO
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan tarixində acı səhifələrdən biri kimi yadda qalan 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilib.
1news.az-ın məlumatına görə, tədbirdə universitetin rektoru professor Mustafa Babanlı, professor-müəllim heyəti, tələbələr, eləcə də qonaq qismində professor, millət vəkili Musa Qasımlı iştirak ediblər.
Tədbir soyqırım qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
M.Babanlı 31 mart hadisəsini erməni daşnakları və havadarlarının tarixən Azərbaycana qarşı yönələn məkirli siyasətini əks etdirən pik nöqtəsi kimi qeyd edib. Rektor 1918-ci ilin 30 mart-3 aprel tarixləri arasında Bakıda və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğınlardan söz açaraq, nə hərb siyasətinə, nə də insanlığa sığmayan cinayəti - minlərlə azərbaycanlının qətlə yetirildiyini faktlarla diqqətə çatdırıb.
Bildirib ki, dünyanın tanımadığı bu soyqırım Azərbaycan prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Rektor Azərbaycana qarşı törədilən bu soyqırımın kökünün daha dərinlərə getdiyini və müasir dövrdə Xocalıda, Qaradağlıda davam etməsinə diqqət çəkib. O, bu gün tələbələri düşmənə qarşı elmi biliklərə yiyələnməklə mübarizə aparmağa və soyqırım günlərini təkcə faciə günlərində deyil, hər gün, hər an unutmamağa çağırıb.
Millət vəkili Musa Qasımlı çıxışı zamanı dünyanın 7 ölkəsinin arxivində apardığı araşdırmalar zamanı erməni cinayətlərini əks etdirən tarixi faktlara istnad edib. Tarixçi alim Azərbaycana qarşı törədilən 31 mart soyqırımının, torpaqlarımızın zaman-zaman zəbt edilməsinin əsasında böyük güclərin regionda möhkəmlənmək və bundan istifadə edən erməni daşnaqlarının böyük Ermənistan iddiasını azərbaycanlıları - müsəlmanları qırmaqla həyata keçirmək məqsədlərini qeyd edib. Professor təkcə 1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabının yaratdığı qarışıqlıqdan məharətlə istifadə edərək Bakını necə ələ keçirmək, qırğınlar törətmək üçün aparılan ardıcıl planlardan söz açıb. Bildirib ki, mahiyyətcə milli soyqırımı olan “Mart döyüşləri” Bakı Sovetinə qısa müddət ərzində vəziyyətə nəzarət etmək imkanı verib.
Daşnaklar evləri qarət edir, adamları yandırır, hamilə qadınları ağlasığmaz işgəncələrlə qətlə yetiriblər. Hətta İçəri Şəhərə hücum zamanı A.Mikoyanın başçılığı ilə yaradılmış “İnqilabı müdafiə” adı ilə çıxış edən bu quldur dəstələri Bakının ən gözəl memarlıq abidələrindən olan “İsmailiyyə”ni yandırıb, “Açıq söz”, “Kaspi”, “Baku” qəzetləri redaksiyalarını dağıtmış, “Təzə pir” məscidinin minarələrini isə top atəşi ilə dəlik-deşik etmişdilər. Həmin soyqırımı zamanı 12 mindən çox (bəzi sənədlərdə 15 min) günahsız azərbaycanlı qanına qəltan edilib.
M.Qasımlı gəncləri tariximizi dərindən öyrənərək, həqiqətləri dünyaya düzgün çatdırmaqla mübarizə aparmağı tövsiyə edib. Hər bir ölkənin tarixində acı səhifələrin olduğunu deyən millət vəkili, məğlubiyyətlərdən ibrət alaraq gələcək üçün nəticələr çıxarmağın vaxtı çatdığını bildirib.
1news.az