Bakıda Beynəlxalq Memarlar Akademiyasının Akademik Mərkəzi açılıb - FOTO
Aprelin 1-də Bakıda Beynəlxalq Memarlar Akademiyasının (BMA) Moskva bölməsinin Azərbaycan Akademik Mərkəzi açılıb.
Respublikanın tanınmış memarlarının iştirakı ilə Azərbaycan Memarlar İttifaqında BMA-nın Azərbaycan Akademik Mərkəzinin birinci sessiyası keçirilib.
Azərbaycan Memarlar İttifaqının idarə heyətinin sədri Elbay Qasımzadə 1987-ci ildən fəaliyyət göstərən Beynəlxalq Memarlıq Akademiyasının BMT, UNESCO və Beynəlxalq Memarlar İttifaqı tərəfindən təsis olunduğunu diqqətə çatdırıb. Bildirib ki, Beynəlxalq Memarlar Akademiyasının Moskva, Paris, Tokio, Çikaqo, Roma, İstanbul və Sürix şəhərlərində yerli şöbələri var. Sözügedən şöbələr də öz növbəsində iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə milli mərkəzlərini açır. Nəzərə çatdırılıb ki, bu nüfuzlu qurumun şöbələrindən biri də artıq Bakıda açılıb. Beynəlxalq Memarlar Akademiyasının Moskva bölməsinin Akademik Mərkəzinin məhz Bakıda açılması respublikamızda memarlığın inkişafı, sürətlə gedən tikinti-quruculuq işləri ilə sıx bağlıdır.
E.Qasımzadə deyib ki, ötən ilin dekabrında BMA-nın Moskva bölməsində keçirilən sessiyada qəbul olunmuş qərara əsasən, Azərbaycanın səkkiz tanınmış memarı akademiyaya professor vəzifəsinə seçiliblər. Bundan əvvəl isə Azərbaycandan bu qurumda 2 nəfər həqiqi üzv olub.
Moskva sessiyasında, həmçinin Azərbaycan Memarlar İttifaqının idarə heyətinin sədri Elbay Qasımzadə həqiqi üzv seçilib.
Vurğulanıb ki, Azərbaycan memarlarının yüksək adlara layiq görülməsi, həm də respublikamızda memarlıq sənətinin və elminin uğuru kimi qiymətləndirilməlidir.
Sonra Beynəlxalq Memarlar Akademiyasının Moskva bölməsinin professorları adına layiq görülmüş memarlara akademiyanın fəxri diplom və döş nişanları təqdim edilib.
İlk sessiyada Akademik Mərkəzin 3 nəfərdən ibarət Büro üzvləri səsvermə yolu ilə seçilib. Onların sırasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Memarlar İttifaqının idarə heyətinin sədri Elbay Qasımzadə və memar Nəriman İmaməliyev var.
Tədbir iştirakçıları BMA-nın Azərbaycan Akademik Mərkəzinin açılmasını respublikanın ictimai-siyasi həyatında əlamətdar bir hadisə olduğunu və milli memarlığın inkişafına böyük töhfə verəcəyini qeyd ediblər. Eyni zamanda, 10 gün ərzində Akademik Mərkəzin konkret fəaliyyət proqramının tərtib olunması tövsiyə olunub.
AZƏRTAC