XİN: Ermənistan qüvvələrinin Azərbaycan ərazilərində mövcudluğu vəziyyətin gərginləşməsinin əsas səbəbidir
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumat verdiyi kimi aprelin 2-nə gecə Ermənistan ağır silahlardan istifadə etməklə qoşunların təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini intensiv atəşə tutub, təxribat və həmlələr həyata keçirib.
Cəbhə xəttinə yaxın ərazilərdə mülki əhalinin sıx yaşadığı məntəqələr Ermənistan Silahlı Qüvvələri tərəfindən artilleriya atəşinə məruz qalıb. Ermənistan tərəfinin qəsdən törətdiyi məsuliyyətsiz əməllərin nəticəsində mülki şəxslər arasında ölən və yaralananlar və şəxsi mülkiyyətə ciddi zərər dəyməsi haqqında məlumatlar vardır.
Beynəlxalq humanitar hüquqa uyğun olaraq, üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozaraq, Ermənistan tərəfindən mülki obyektlərin artilleriya atəşinə tutulması beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə qınanılmalıdır.
Təcavüzkar və işğalçı dövlət kimi, yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür.
Ermənistan Silahlı Qüvvələrinin vəziyyətin gərginləşdirilməsinə yönəlmiş əməlləri Azərbaycan Respublikasının Kəlbəcər rayonunun 2 aprel 1993-cu il tarixində işğalı tarixi ilə üst-üstə düşür. Kəlbəcərin işğalı ilə əlaqədar BMT Təhlükəsizlik Şurası tərəfindən məxsusi olaraq 822(1993) saylı qətnamə qəbul edilmişdi.
BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874(1993) və 884(1993) saylı qətnamələrində Ermənistan qoşunlarının tam və qeyd-şərtsiz bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb olunsa da, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı, vəziyyətin qəsdən gərginləşdirilməsi və mülki insanların hədəfə alınmasına yönələn təxribatçı əməllər davam etdirilir.
Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində mövcudluğu münaqişənin həllinə başlıca maneə olaraq, vəziyyətin gərginləşməsi və insidentlərin baş verməsinin əsas səbəbidir.
Münaqişənin həllinə nail olmaq və regionda davamlı sülhü bərqərar etmək üçün beynəlxalq ictimaiyyət qəti şəkildə BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnaməsinin tələblərinə uyğun olaraq, ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılmasını rəsmi Yerevandan tələb etməlidir.
Xatırladaq ki, hərbi cəhətdən iflasa uğrayan Ermənistan kriminal rejimi son vaxtlar cəbhədəki uğursuzluqlarının, canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itkisinin əvəzini çıxmaq məqsədilə növbəti dəfə təxribat törətməyə çalışıb.
Aprelin 2-nə keçən gecə bütün cəbhəboyu mövqelərimiz iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulub. Eyni vaxtda qoşunların təmas xəttinə yaxın mülki əhalinin kompakt yaşadığı bir sıra yaşayış məntəqələri də düşmən atəşinə məruz qalıb. Qarşı tərəfin hərbi aktivliyini genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən əməliyyat şəraiti qiymətləndirilərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilib.
Cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində yerləşən birliklər, artilleriya bölmələri və digər qoşun növlərinin birgə, əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı cavab tədbirləri həyata keçirilir.
Müdafiə Nazirliyi bəyan edib ki, cəbhəboyu zonada baş verən hadisələrlə bağlı mətbuata və ictimaiyyətə əlavə məlumat veriləcək və kütləvi informasiya vasitələri nümayəndələrini rəsmi olmayan, dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırır.
Bundan əlavə, Müdafiə Nazirliyi Ermənistanın bəzi kütləvi informasiya vasitələrində guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulması barədə yayılan məlumatlar kökündən yalandır, təxribat xarakterlidir və dezinformasiya məqsədi daşıyır.
1news.az