Müdafiə Nazirliyi: Silahlı Qüvvələrdə qana olan tələbat tam təmin edilir
Səhər “Facebook” sosial şəbəkəsində yaralı hərbçilərə qan verməklə bağlı çağırış yayılıb.
Müəllif aktiv şəkildə çağırışı paylaşaraq inandırmağa çalışır ki, “hərbçilərimizə təcili şəkildə qan tələb olunur”, xüsəsən mənfi rezuslu qan olması vacibdir. Qan vermək istəyənlərin Azərbaycan Silahlı Qüvvələri Mərkəzi Klinik Hospitalına gələrək qan verməsi xahiş olunur.
Bu çağırışla bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlıya müraciət edib,məsələyə münasibət bildirməsini xahiş etdik.
- Mən bilmirəm, kim bu informasiyanı yayır. Ümumiyyətlə, bu ajiotajın niyə başladığını bilmirəm. Bizim qan yaxud, dərman vasitələrinə ehtiyacımız yoxdur. Əgər təcili qana ehtiyac olarsa, mütləq bununla bağlı rəsmi məlumat verərik. Silahlı qüvvələr gərəkən bütün dərman ləvazimatı və qanla təmin olunur, qan bankı yaralı əsgərləri tam şəkildə qanla təmin etmək imkanı verir. Təkrar edirəm əgər buna ehtiyac yaransa, Müdafiə Nazirliyi rəsmi şəkildə bununla bağlı əhaliyə müraciət edəcək.
Səhiyyə Nazirliyində də həmçinin yararlılar üçün təcili qanverməyə ehtiyac olmadığı bildirildi.
- Tibb müəssisələrinin dərman vasitələri ilə təmin olunmasında Səhiyyə Nazirliyinə aid olan bütün tələblər yerinə yetirilir. Qan bankı, o cümlədən, Azərbaycanın bölgələri lazım olan qədər qan ehtiyatı ilə təmin olunub. Ona görə də “təcili qanverməyə” heç bir ehtiyac yoxdur.
Əgər kimsə bunu könüllü şəkildə etmək istəyirsə bu tamam başqadır.
Yaralı hərbçilərin təcili qana ehtiyacı olduğu ilə bağlı informasiyanın haradan yardığını bilmirik. Bu xəbər həddindən artıq şişirdilib.
“Bəli, hospitallar Müdafiə Nazirliyinə tabedir. Lakin Səhiyyə Nazirliyi Müdafiə Nazirliyinə lazım olan hər bir yardımı göstərir. Bizim səyyar briqadalarımız da bu gün döyüş bölgəsindədir, bu şəxsən nazirin nəzarəti altındadır,- deyə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib.
Baş Klinik Hospitalın Qan Bankı bölməsinin rəisi, tibb xidməti polkovnik-leytenantı Kazım Quliyev isə bildirib ki, Silahlı Qüvvələrdə qan və qan komponentlərinə olan tələbat Baş Klinik Hospitalın Qan Bankı bölməsi tərəfindən tam təmin edilir. Onun sözlərinə görə, hazırda bütün qan və qan komponentləri Qan Bankı bölməsində var. Lazım olan vasitələrlə təmin etmək üçün bölmə hər zaman olduğu kimi 24 saat fasiləsiz fəaliyyət göstərir.
“Ümumiyyətlə Silahlı Qüvvələrdə bölmələrimiz bütün təminat növləri ilə tam təmin olunub, bu məsələlərlə bağlı narahatçılığa heç bir əsas yoxdur”- deyə, K.Quliyev vurğulayıb.
Müdafiə Nazirliyi bir daha xatırladır ki, baş verən hər bir hadisə ilə bağlı nazirliyin rəsmi internet səhifəsində mütəmadi olaraq məlumatlar yerləşdirilir. Hadisələr barədə ancaq rəsmi məlumatlardan istifadə etmək daha məqsədəuyğundur.
1news.az