ABŞ-da yaşayan azərbaycanlılar Barak Obamaya məktub ünvanlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

ABŞ-da yaşayan azərbaycanlılar Barak Obamaya məktub ünvanlayıb

17:48 - 06 / 04 / 2016
ABŞ-da yaşayan azərbaycanlılar Barak Obamaya məktub ünvanlayıb

Nyu York Azərbaycan Assosiasiyası son günlər Ermənistanın həyata keçirdiyi hərbi təxribatlarla bağlı ABŞ prezidenti Barak Obamaya məktub ünvanlayıb.

1news.az-ın məlumatına görə, məktubda ABŞ Prezidentinə Ermənistan və  Azərbaycan qoşunlarının  təmas xəttində Ermənistan ordusu tərəfindən atəşkəsin pozulması nəticəsində dinc sakinlərin həlak olması barədə məlumat verilib.

“Cənubi Qafqaz regionundakı dövlətlər sülh şəraitində yaşadığı halda Ermənistanın bu ərazidə yaratdığı münaqişə bütün region dövlətləri üçün  böyük təhdid yaradır. Ermənistanın işğalçılıq siyasəti Azərbaycan ərazisinin 20 faizinin işğal altında qalmasına  və bir milyona yaxın azərbaycanlının öz torpaqlarından didərgin düşməsinə səbəb olub”- deyə, məktubda vurğulanıb.

Həmçinin bildirilib ki, BMT tərəfindən qəbul edilmiş dörd qətnamədə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı tələb edilsə də işğalçı ölkə silahlı qüvvələrini  zəbt olunmuş Azərbaycan ərazilərindən çıxarmır.

“Beynəlxalq təşkilatlar tərəfində qəbul edilmiş qətnamələrə baxmayaraq, Ermənistan hələ də öz öhdəliklərini yerinə yetirmir. Amerikada yaşayan azərbaycanlılar adından Ermənistan dövlətinin Azərbaycanın işğal olunmuş ərazilərinə  təcavüzünü və apardığı hərbi əməliyyatları qətiyyətlə pisləyirik”- deyə, məktubda qeyd olunub.

Məktubda Birləşmiş Ştatların prezidentinə bildirilib ki, Azərbaycan ABŞ-ın strateji tərəfdaşıdır və Amerika azərbaycanlıları inanır ki,  ABŞ Ermənistan dövlətinin təcavüzkar siyasətini davam etdirməsinə laqeyd qalmayacaq.

1news.az

Paylaş:
771

Son xəbərlər

Bütün xəbərlər