Bakı Vergilər Departamentində KİV nümayəndələri üçün “Açıq qapı günü” keçirilib
Aprel ayının 6-da Vergilər Nazirliyinin Bakı Vergilər Departamentində (BVD) KİV nümayəndələri üçün “Açıq qapı günü” keçirilib.
1news.az xəbər verir ki, tədbirdə ölkənin aparıcı KİV nümayəndələri iştirak edib.“Açıq qapı günü” tədbirində BVD-nin yenidən qurulmuş və genişləndirilmiş Vergi Ödəyicilərinə Xidmət Mərkəzi təqdim olunub.
Departamentin vergi ödəyicilərinə xidmət və uçot idarəsinin rəisi Ağami Tahirov Xidmət Mərkəzinin əsas fəaliyyət istiqamətləri, iş prinsipi haqqında məlumat verib.
Bildirilib ki, vergi ödəyicilərinə xidmət göstərilən yerlərin sayı iki dəfədən çox artırılıb və lazımı maddi texniki baza ilə təchiz olunaraq istifadəçilərin ixtiyarına verilib.
Xidmət Mərkəzinə müraciət edənlərə burada vergi qanunvericiliyi və onun tətbiqi barədə məlumat və izahat verilir, qüvvədə olan vergilər, onların hesablanması və ödənilməsi qaydaları, vergi ödəyicilərinin və vergi qanunlarının hüquq və vəzifələri, vergi qanunvericiliyinin tətbiqi məsələləri, verghi bəyannamələrinin təqdim olunma müddətləri, vergi güzəştlərindən istifadə, vergi borcu haqqında ətraflı məlumat verilir, vergi ödəyicilərinə hazırda mövcud olan bütün xidmətlər göstərilir.
1news.az