Qlobal Pul Həftəsi tədbirləri yekunlaşıb - FOTO
Azərbaycan Mərkəzi Bankının Tədqiqatlar və inkişaf mərkəzi Almaniyanın Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun ölkə üzrə nümayəndəliyi ilə birgə Qlobal Pul Həftəsi çərçivəsində mart ayının II həftəsindən etibarən tələbə-gənclər və şagirdlər arasında bir sıra maarifləndirmə tədbirləri reallaşdırıb.
1news.az-ın bankın Beynelxalq əməkdaşlıq və kommunikasiya departamentindən verirlən xəbərə görə, bu il keçirilən Qlobal Pul Həftəsi çərçivəsində Səbail rayonunda yerləşən 16 saylı və Binəqədi rayonunda yerləşən 144 saylı orta məktəblərdə tədbirlər təşkil edilib.
Tədbirdə iştirak edən VII və VIII sinif şagirdlərinə Qlobal Pul Həftəsi ilə bağlı məlumatlar, pulun yaranma tarixinə, inkişafı mərhələləri və özəlliklərinə dair 10 maraqlı fakt barədə məlumat verilib. Müxtəlif nominallı əskinasların üzərindəki simvolların mənaları şagirdlərə açıqlanıb, pul nişanlarının üzərindəki mühafizə elementləri haqqında ətraflı məlumat verilib, videoçarxlar nümayiş olunub və intellektual oyunlar keçirilib. Hər iki məktəbdə tədbir iştirakçısı olmuş şagirdlərə müxtəlif hədiyyələr paylanıb.
Eyni zamanda həftə ərzində Mərkəzi Bankın Maliyyə Savadlılığı adlı rəsmi Facebook səhifəsində maliyyə və iqtisadi məfhumlara və pulun mühafizə elementlərinə dair oyunlar, eləcə də tələbələr üçün pul nişanları və onların inkişaf tarixi, bank-maliyyə mövzuları haqqında 10 sualdan ibarət yarışma keçirilib. Sualları hamıdan tez və düzgün cavablandıran şəxslər qalib elan edilib və Mərkəzi Bankın Tədqiqatlar və inkişaf mərkəzində keçirilən tədbirdə qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Qeyd edək ki, Qlobal Pul Həftəsi hər il mart ayının II həftəsində, xüsusilə uşaqlar və gənclər arasında pul, maliyyə və iqtisadi maarifləndirmənin artırılması məqsədilə dünyanın 80-dən çox ölkəsində, eləcə də Mərkəzi Bankın təşəbbüşü ilə ölkəmizdə də keçirilir.
1news.az