Avropa və Azərbaycan arasında elm üçün “internet kəməri” yaradılır
Avropa və Azərbaycan arasında “EaPConnect” layihəsi çərçivəsində elm üçün “internet kəməri” yaradılır.
1news.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev bildirib. Alim qeyd edib ki, Avropanın elektron elmi mühitinə inteqrasiya üçün milli operator statusu qazanmış “AzScienceNet”in texniki imkanları sayəsində Azərbaycanın Macarıstandakı GEANT qovşağı vasitəsilə Avropaya birbaşa qoşulması nəzərdə tutulur.
Akademikin sözlərinə görə, regionun 700-dən çox elmi müəssisəsindən iki milyon alim, tədqiqatçı və tələbənin bu şəbəkədən faydalanacağı gözlənilir. “AzScienceNet” şəbəkəsinin 2016-cı ildən Pan-Avropa Elm və təhsil şəbəkəsinə 1 Gbit/san sürətlə çıxış imkanı əldə etməsi planlaşdırılıb. Yüksəksürətli genişzolaqlı şəbəkə elmi bazalara çıxışı və böyük həcmli, etibarlı informasiya mübadiləsini təmin edərək beynəlxalq elmi əməkdaşlığa təkan verəcək. R.Əliquliyev layihə çərçivəsində əldə olunan elmi və texnoloji yeniliklərin ölkənin elm və təhsil ictimaiyyətinə böyük töhfələr verəcəyinə əminliyini ifadə edib.
GEANT Assosiasiyasının təşəbbüsü və əlaqələndiriciliyi ilə Şərqi Avropa ölkələrini birləşdirən elm və təhsil üzrə yüksəksürətli regional internet şəbəkəsinin yaradılması və bu ölkələrin Avropanın elektron elm infrastrukturuna qoşulması üçün Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “EaPConnect” (Eastern Partnership Connect) layihəsi həyata keçirilir.
Pan-Avropa Elm və təhsil şəbəkəsi olan GEANT (Gigabit European Advanced Network Technology) hazırda 44 müxtəlif istiqamət üzrə 50 min kilometr uzunluğunda şəbəkə infrastrukturuna malikdir və 43 ölkəyə, 10 min təşkilata və 10 milyonlarla istifadəçiyə yüksək səviyyəli xidmət göstərir.
AZƏRTAC