Bir neçə dərin dəniz özülündə əsaslı təmir işləri aparılıb
“Azneft” İstehsalat Birliyi istismarda olan özüllərin uzunömürlüyünü təmin etmək məqsədi ilə mütəmadi olaraq əsaslı və cari təmir işləri həyata keçirir.
1news.az-ın Dövlət Neft Şirkətinin (SOCAR) saytına istinadən verdiyi xəbərə görə, “Günəşli” yatağındakı 4, 13 və 14 saylı dərin dəniz özüllərində əsaslı təmir işləri başa çatdırlıb. Təmir istismar prosesini məhdudlaşdırmadan və özüllərdəki mövcud texnoloji avadanlıqlardan istifadə edilməklə həyata keçirilib.
4 saylı dərin dəniz özülündə manifold blokları və texnoloji xətlər əsaslı təmir olunaraq istismara verilib, 7 ədəd manifold bloku yerinə quraşdırılıb və əlaqələndirilib.
13 saylı dərin dəniz özülündə mərtəbələrin, yaşayış blokunun, helikopter meydançasının elektirik təchizatı yaxşılaşdırılıb. Təmir zamanı yeni güc kabelləri çəkilib, partlayışa davamlı lampalar quraşdırılıb.
14 saylı dərin dəniz özülündə isə yaşayış bloku əsaslı təmir olunaraq dəniz neftçilərinin istifadəsinə verilib. 3 mərtəbəli 72 yerlik yaşayış blokunda otaqlar müasir avadanlıqlarla təchiz edilib.
1news.az