İtaliyanın “Opinione Pubblica” qəzetinin internet səhifəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqalə dərc olunub
İtaliyanın “Opinione Pubblica” qəzetinin internet səhifəsində tədqiqatçı-jurnalist Filippo Bovonun müəllifi olduğu “Dağlıq Qarabağ münaqişəsinə görə niyə narahat olunmalıdır” adlı məqalə dərc olunub.
1news.az-ın məqalədə jurnalist Dağlıq Qarabağ münaqişəsinin Ermənistanın “Böyük Ermənistan” xülyasını gerçəkləşdirmək üçün başlatdığını, nəticədə Azərbaycanın 20% ərazisinin işğal etdiyini, ermənilərin həyata keçirdiyi etnik təmizləmə nəticəsində bir milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün düşdüyünü, 1994-cü ildə imzalanmış atəşkəs müqaviləsindən sonra münaqişənin həlli üçün ATƏT Minsk qrupu çərçivəsində danışıqların aparıldığını qeyd edir.
Ermənistanın xristian həmrəyliyinə nail olmaq üçün münaqişəni beynəlxalq ictimaiyyətə dini kontekstdə təqdim etməsinin yanlış olduğunu ifşa etmək üçün müəllif rəsmi İrəvanın demək olar ki, bütün qonşu dövlətlərə, hətta xristian Gürcüstana belə torpaq iddialarının olduğunu qeyd edir və münaqişənin səbəbinin həqiqi mahiyyətini oxucuya çatdırır.
Müəllif münaqişənin həlli ilə bağlı BMT TŞ qətnamələri və digər beynəlxalq sənədlərdə ölkəmizin ərazi bötüvlüyünün tanındığı və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasına dair çağırışların olmasını məqalədə əks etdirir.
Məqalədə təmas xəttində vəziyyətin gərginləşməsi ilə bağlı İtaliya parlament üzvləri olan İtaliya-Azərbaycan Dostluq Qrupunun sədri, “Şimal Liqası” partiyasının üzvü senator Sercio Divina, Senatın Müdafiə Komitəsinin sədri Nikola Latorre, Demokrat Partiyasının üzvü deputat Kristina Barcero, İtaliya İrəli - Azadlıq Xalqı Partiyasının üzvü senator Mariya Rizotti, “5 ulduz hərəkatı” partiyasının üzvü senator Canluka Kastladinin mətbuatda yaydıqları Azərbaycanın mövqeyini dəstəkləyən və münaqişə ilə bağlı BMT qətnamələrinin yerinə yetirilməsinin vacibliyinə çağıran bəyanatlarına geniş yer verilib.
Müəllif İtaliyanın ATƏT Minsk qrupu ilk sədri kimi münaqişənin həlli ilə bağlı danışıqlara cəlb edilməsi və məhz həmin dövrdə münaqişənin həlli kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması fikrini irəli sürməsini xatırladaraq, rəsmi Romanın bu gün də danışıqlar prosesinə daha fəal töhfə verməli olduğunu bildirib.
Müəllif, habelə İtaliyanın regionda davamlı sülhə nail olunmasına yardım göstərməsinin Azərbaycanın İtaliya üçün strateji əhəmiyyət kəsb etməsi ilə əlaqələndirir, Azərbaycanla İtaliya arasında münasibətlərin əsasını Azərbaycan Prezidentinin 2014-cü ildə İtaliyaya rəsmi səfəri vaxtı iki hökumət arasında qəbul edilmiş strateji tərəfdaşlığa dair bəyanatın təşkil etdiyini bildirir.
Azərbaycanın İtaliya üçün iqtisadi önəmindən danışan müəllif, Azərbaycanın Qafqazın ÜDM-sinin 75 %-ni istehsal etdiyi, regionda beynəlxalq əhəmiyyətli neft, qaz və dəmir yolu layihələrini həyata keçirən əsas ölkə olduğunu vurğulayır.
Cənubi Qaz Dəhlizi layihəsi barədə məlumat verən müəllif bu yaxınlarda bu dəhliz üzrə
Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci iclası kimi önəmli tədbirin keçirildiyi və həmin tədbirdə Avropa İttifaqının rəhbərlərinin, müvafiq ölkələrin enerji nazirlərinin, habelə İtaliya Nazirlər Şurasının dövlət katibi Klaudio De Vinçentinin iştirak etdiyini bildirir.
Müəllif Azərbaycanın İtaliya üçün enerji kontekstində əhəmiyyətli olması ilə yanaşı, Azərbaycanda çoxsaylı italyan şirkətlərinin fəaliyyət göstərdiyini vurğulayır, son illərdə ölkəmizin bölgədə İtaliya məhsullarının əsas idxalçılarından birinə çevrildiyi, müasir infrastrukturu ilə İtaliyanın Qafqaz və Orta Asiya çıxması üçün körpü rolunu oynadığını qeyd edib.
1news.az