İsveç parlamentariləri Azərbaycan həqiqətləri barədə məlumatlandırılıb
İsveçdə səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Krallıq parlamentinin (Riksdaqın) Xristian Demokratlar Partiyasından olan deputatı Mikael Oskarsson və Xristian Demokratlar Partiyasının lideri Ebba Busç Thor ilə görüşüb.
1news.az-ın məlumatrına görə, Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov da görüşdə iştirak edib.
Qonaqları Riksdaqda salamlayan M.Oskarsson İsveç parlamentinin tarixindən danışıb, üzvü olduğu müdafiə məsələləri komitəsinin fəaliyyəti haqqında məlumat verib.
İsveçə səfəri və keçirdiyi görüşlər barədə məlumat verən M.Qurbanlı İsveçin Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən ölkə olduğunu və paylaşıla biləcək ortaq dəyərlərin çox olduğunu diqqətə çatdırıb.
Azərbaycanın tolerant bir ölkə olduğunu, milli mənəvi və dini dəyərlərə ölkəmizdə çox böyük önəm verildiyini, dini mənsubiyyətindən asılı olmayaraq hər kəsin azad fəaliyyəti üçün dövlət tərəfindən bütün imkanların yaradıldığını bildirən M.Qurbanlı Prezident İlham Əliyev tərəfindən həyata keçirilən və dəstəklənən bu siyasətin Azərbaycan üçün çox faydalı olduğunu və ölkəmizdə azad cəmiyyətin inkişafına böyük təkan verdiyini qeyd edib.
Ölkəmizdə dinlərarası və xalqlararası dözümlülük, tolerantlıq və multikulturalizm ənənələrinin dərin köklərə malik olduğunu bildirən M.Qurbanlı Azərbaycan dövləti və hökuməti tərəfindən bu ənənələri daha da inkişaf etdirmək məqsədilə xüsusi proqram-layihələr həyata keçirildiyini qeyd edib və ölkə başçısının 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsini buna bariz nümunə kimi göstərib.
Sonra Komitə sədri Azərbaycanın Şərqlə Qərbi birləşdirən körpü kimi regionun siyasətində oynadığı rol, ölkənin iqtisadi inkişafı və Avropanın enerji təhlükəsizliyində əhəmiyyəti ilə bağlı məlumat verib. Ermənistanın işğalçılıq siyasəti barədə danışaraq bu siyasətin təkcə Azərbaycanın deyil, bütövlükdə regionun inkişafına mənfi təsir etdiyini, xalqlar arasında inamsızlığın və nifrətin dərinləşməsinə səbəb olduğunu qeyd edən M.Qurbanlı erməni işğalına son qoyulması üçün İsveçin siyasi elitasını və bütövlükdə İsveç cəmiyyətini fəal olmağa, beynəlxalq hüquqa, ədalətə dəstək verməyə çağırıb.
Görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycanın multikulturalizm siyasəti ilə bağlı hazırlanan kitablar M.Oskarssona təqdim edilib.
1news.az