“Azneft” İB-də işçilərin əmək şəraitinin yaxşılaşdırılması məsələləri müzakirə edilib
“Azneft” İstehsalat Birliyinin (İB) istehsalat sahələrində işçilərin əmək şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlər müzakirə edilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azneft” İB-də “Quyuların əsaslı və yeraltı təmiri briqadalarına təhlükəsiz iş üsullarının öyrədilməsi” mövzusunda seminar keçirilib. Bu il İB-nin istehsalat sahələrində işçilərin əmək şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş işlər, quyuların əsaslı və yeraltı təmiri zamanı ümumi təhlükəsizlik tələbləri, o cümlədən riskin qiymətləndirilməsi qaydaları, maarifləndirmə işləri, təlim-məşqlərin keçirilməsi, qəzaların ləğvi planı, həmçinin təmir zamanı istifadə olunan qurğuların, alət və avadanlıqların təhlükəsiz istismarı üzrə əsas tələblər haqqında məruzələr dinlənilib.
Birliyin baş direktorunun əməyin mühafizəsi üzrə müavini Cəlair Səmədov əməyin mühafizəsi sahəsində görülən işlərə hər bir işçinin fəal şəkildə cəlb olunmasının vacibliyindən söz açıb.