İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib

18:54 - 18 / 04 / 2016
İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib

İqtisadiyyat Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə geniş kollegiya iclası keçirilib.

1news.az-ın məlumatına görə, əvvəlcə kollegiya iclasının iştirakçıları cəbhə xəttində baş vermiş son hadisələr zamanı şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Dövlət başçısının 2016-cı ilin islahatlar ili olacağını bəyan etdiyini vurğulayan iqtisadiyyat naziri, Kollegiyanın sədri Şahin Mustafayev bu istiqamətdə həyata keçirilən tədbirlər və bu ilin birinci rübünün əsas sosial-iqtisadi göstəriciləri barədə məlumat verib.

Qeyd olunub ki, regional və qlobal səviyyədə gedən mürəkkəb siyasi və iqtisadi proseslərin Azərbaycan iqtisadiyyatına mənfi təsiri davam edib ki, bu da bəzi iqtisadi göstəricilərdə əksini tapıb. Bununla belə, yaradılmış böyük iqtisadi potensial və aparılan iqtisadi islahatlar, o cümlədən iqtisadiyyatın diversifikasiyası, biznes mühitinin yaxşılaşdırılması, investisiyaların, eləcə də ixracın təşviqi, idarəetmənin təkmilləşdirilməsi və digər tədbirlər sayəsində bu ilin birinci rübündə xarici amillərin ölkə iqtisadiyyatına mənfi təsirlərinin minimuma endirilməsi mümkün olub. Belə ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində cari ilin birinci rübündə qeyri-neft sənayesi, kənd təsərrüfatı və bir sıra digər sahələrdə, eləcə də orta aylıq əməkhaqqıda artım davam edib, 37 min yeni iş yeri yaradılıb.

Vurğulanıb ki, Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev tərəfindən ilin yekunlarına görə, iqtisadi artıma nail olmaq vəzifə kimi qarşıya qoyulub. Bununla yanaşı, dövlət başçısı qeyri-neft sektorunun inkişafı və ixracın strukturunda bu sahənin xüsusi çəkisinin artırılması, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, idxaldan asılılığın azaldılması, ixracyönümlü istehsal sahələrinin yaradılması, sahibkarlığın inkişafı, xarici sərmayələrin cəlb edilməsi, ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı, kənd təsərrüfatı məhsullarının ixracının artırılması, regionlarda ümumi dəyəri 2 milyard manata yaxın olan layihələrin icrası, rayonlarda sənaye zonalarının yaradılması, qazlaşdırma, elektrik və su təchizatının yaxşılaşdırılması, kənd yollarının tikintisi, yeni iş yerlərinin açılması və işsizlik səviyyəsinin aşağı salınması, nəqliyyat dəhlizləri üzrə işlərin davam etdirilməsi, tranzit yüklərin cəlb edilməsi üçün səmərəli tarif siyasətinin aparılması və s. tapşırıqlar verib.

Ş.Mustafayev qeyd edib ki, Prezident İlham Əliyevin sənayeləşmə siyasətinə uyğun olaraq, qeyri-neft sənayesində müasir və ixracyönümlü məhsullar istehsal edən müəssisələrin yaradılmasına dövlət dəstəyi tədbirləri daha da gücləndirilib. Hazırda Sumqayıt Kimya Sənaye, Balaxanı, Mingəçevir və Qaradağ sənaye parklarında, Neftçala Sənaye Məhəlləsində işlər davam etdirilir. Üçü bu ilin birinci rübündə olmaqla, 7 şirkətə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib ki, bu rezidentlərin layihәlәri əsasında cəlb olunan investisiyaların həcmi 1,1 milyard ABŞ dolları təşkil edəcək. Bu yaxınlarda daha bir neçə şirkətin rezidentliyə qəbul edilməsi məsələsinə baxılacaq.

Eyni zamanda, yerli potensial nəzərə alınmaqla, digər regionlarda da sənaye parkları və məhəllələrinin yaradılması imkanları araşdırılır, ənənəvi sənaye sahələrinin, o cümlədən xalçaçılığın inkişafı məqsədi ilə tədbirlər həyata keçirilir. Bundan başqa, Ələtdə Azad Ticarət Zonasının təşkili istiqamətində işlər görülür.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən kənd təsərrüfatının inkişafı, kənd təsərrüfatı məhsulları ilə özünütəminat səviyyəsinin yüksəldilməsi, məhsuldarlığın artırılması, istifadəsiz torpaq sahələri ilə bağlı tədbirlərin görülməsi, pambıqçılığın, baramaçılığın, tütünçülüyün, üzümçülüyün və çayçılığın inkişafı istiqamətində bir sıra tapşırıqlar verilib. Nazir bu tapşırıqların icrası istiqamətində görülən işlər barədə məlumat verib və diqqətə çatdırıb ki, ənənəvi sahələrdən olan pambıqçılığın və tütünçülüyün inkişaf etdirilməsi məqsədilə stimulaşdırma tədbirləri həyata keçirilir, bu sahədə fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılır, fermerlərdən pambıq və tütünün alış qiyməti artırılıb. Bundan başqa, pambıq və tütün, eləcə də digər kənd təsərrüfatı məhsullarının istehsalçıları və emalçıları ilə mütəmadi olaraq görüşlər keçirilir, onların problemləri və təklifləri öyrənilir. Hazırda bu təkliflərin reallaşdırılması üçün tədbirlər görülür. Eyni zamanda, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının, aqroparkların, intensiv metodlara əsaslanan müasir təsərrüfatların yaradılmasına dövlət dəstəyi tədbirləri davam etdirilir.

Aparılan iqtisadi islahatlar çərçivəsində biznes və investisiya mühitinin yaxşılaşdırılması tədbirlərindən danışan Ş.Mustafayev sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, sahibkarlara dövlət maliyyə dəstəyinin davam etdirilməsi, sahibkarların şikayətlərinə daha həssas yanaşılması məqsədilə Apellyasiya şuralarının yaradılması, dövlət satınalmalarında şəffaflığın artırılması və ədalətli seçimin təmin olunmasının özəl sektorun inkişafında mühüm əhəmiyyətini qeyd edib, bu sahədə görülən işlər müzakirə olunub.

Kollegiya iclasında Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar paketinin əsas istiqamətlərindən olan ölkədə investisiya fəaliyyətinin genişləndirilməsində “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının mühüm əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, investisiya təşviqi sənədinin verilməsi qaydalarının layihəsi artıq hazırlanıb və aidiyyəti üzrə təqdim edilib. Bu tədbirlər sahibkarlar tərəfindən ölkə iqtisadiyyatına, o cümlədən regionlara yeni investisiyaların cəlb olunmasını daha da stimullaşdıracaq. Ş.Mustafayev, həmçinin dövlət başçısının “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə İqtisadiyyat Nazirliyi qarşısında bir sıra mühüm vəzifələrin müəyyənləşdirildiyini diqqətə çatdırıb.

Qarşıdakı dövrdə ekoloji məsələlər də prioritet istiqamətlərdən biri olaraq qalacaq. Dövlət başçısının tapşırığına uyğun olaraq, Böyükşor gölünün təmizlənməsinin ikinci mərhələsinə başlanılacaq.

Sonra nazirliyin əlaqədar struktur bölmələrinin rəhbərləri hesabat məruzələri ilə çıxış ediblər. Qeyri-neft ixracının artırılması ilə bağlı həyata keçirilmiş tədbirlər barədə məlumat verən Ticarət siyasəti və ÜTT şöbəsinin müdiri Bəxtiyar Alışov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı müvafiq Fərman və Sərəncamına uyğun olaraq, İqtisadiyyat Nazirliyi tərəfindən kənd təsərrüfatı və emalı məhsullarına ixracla bağlı geri ödəmə mexanizminə, xarici ölkələrə ixrac missiyalarının təşkil edilməsinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsinə və s. qaydaların layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

Hazırda logistik imkanların genişləndirilməsi məqsədi ilə Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində Azərbaycanın növbəti Logistik Mərkəzinin yaradılmasına dair işlər aparılır.

Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimov məruzəsində sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər və görüləcək işlər barədə məlumat verib. Bildirilib ki, lisenziyalaşdırma sisteminin tətbiqindən sonra 946-sı 2016-cı ilin I rübündə olmaqla, İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə 1344 lisenziya verilib. Hazırda elektron lisenziya portalının yaradılması istiqamətində tədbirlər davam etdirilir və portalın istifadəyə verilməsi ilə lisenziyaların və icazələrin verilməsi prosesi tamamilə elektronlaşdırılacaq, vaxtın və maliyyə xərclərinin optimallaşdırılması, dövlət orqanlarının informasiya sistemlərinin uzlaşdırılması və qarşılıqlı əlaqəsinin təmin edilməsi mümkün olacaq.

Bundan başqa, nazirliyin “Sahibkarlara Dəstək” Məlumat səhifəsi (sahibkar.economy.gov.az) yaradılıb. Məlumat səhifəsində yerləşdirilən yeni informasiya və məlumatlar qeydiyyatdan keçmiş 1600-dən artıq sahibkara elektron qaydada dərhal göndərilir. Bununla yanaşı, Bakı Biznes Tədris Mərkəzi tərəfindən 2016-cı ilin I rübü ərzində 20 treninq, seminar, dəyirmi masa və s. keçirilib və maarifləndirmə tədbirləri davam etdirilir.

İqtisadiyyat Nazirliyində yaradılmış Apellyasiya Şurasının iclasları keçirilib, şikayətlərin əhatə dairəsinin müəyyənləşdirilməsi meyarları, şikayətlərə baxılması reqlamenti təsdiq edilib. Hazırda sahibkarların Apellyasiya Şurasına daxil olmuş müraciətləri araşdırılır.

Sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi, daha əlverişli biznes mühitinin yaradılması üçün beynəlxalq təşkilatların tövsiyəsinə uyğun olaraq işlər davam etdirilir.

“Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Rövşən Nəcəf məruzəsində sənaye məhəllələrinin yaradılması üzrə görülən işlərə dair məlumat verib. Bildirilib ki, Neftçala Sənaye Məhəlləsinin yaradılması istiqamətində işlər yekunlaşmaq üzrədir. Sahibkarlar tərəfindən Azərbaycan İnvestisiya Şirkətinə Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün 17 layihə təqdim edilib və ilkin mərhələdə 7 layihə icra olunacaq. Hazırda Masallı, Ağdam, Füzuli, Lənkəran, Şabran və Şəmkir rayonlarında da sənaye məhəllələrinin yaradılması imkanları araşdırılır. Artıq Masallı, Ağdam və Füzuli rayonlarında sənaye məhəlləsinin yaradılması təklif edilən əraziyə baxış keçirilib, müvafiq infrastrukturla təmin olunma imkanları araşdırılıb, sahibkarların təklifləri öyrənilib.

Kollegiyanın sədri Ş.Mustafayev dövlət başçısının Azərbaycanın bütün sahələrdə inkişafının istiqamətlərini müəyyənləşdirdiyi proqram xarakterli çıxışından irəli gələn və İqtisadiyyat Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verib, bu vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması qərara alınıb.

1news.az

 

Paylaş:
813

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər