Cənubi Qafqazda yeni geosiyasi mənzərə: proseslərin dinamikası dəyişir – Newtimes.az
Ermənistan ordusunun Dağlıq Qarabağda törətdiyi təxribatlardan sonra regionda yeni vəziyyət yaranmaqdadır.
Hərb sahəsində sarsıdıcı zərbələr alan Ermənistan siyasi səhnədə də aciz bir duruma düşüb. Erməni diplomatiyası ortaya heç bir tutarlı arqument qoya bilmir. Onların gücü Rusiyadan küsməyə çatır. Görünür, işğalçılar hesab edirdilər ki, Moskva geniş hərbi yadım göstərəcək. Lakin Kreml təmkinli tərpənərək, Azərbaycanla münasibətlərin onun üçün böyük əhəmiyyət daşıdığını nümayiş etdirdi. Rusiya hökumət başçısının, xarici işlər nazirinin və digər yüksək vəzifəli şəxslərin regiona səfərləri bunu bir daha təsdiq etdi.
Bütün bunların fonunda Azərbaycan Prezidentinin diplomatik ustalığı sayəsində regionda yeni üçtərəfli əməkdaşlıq formatları yaranıb. Ekspertlər bunu yüksək qiymətləndirir və regionda sülhün bərqərar olması, əməkdaşlığın dərinləşməsi istiqamətində vacib bir addım hesab edirlər. Bununla Azərbaycan qlobal miqyasda da öz geosiyasi mövqeyini möhkəmləndirmiş oldu.
Təxribatdan sonrakı məğlubiyyət: Ermənistanın siyasi və hərbi acizliyi
Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdiyi təxribatdan sonra Cənubi Qafqazda yaranan geosiyasi mənzərə haqqında daha çox danışılmağa başlanılıb. Siyasətçilər, analitiklər, ekspertlər, jurnalistlər və başqaları regionda proseslərin dinamikası barədə müxtəlif fikirlər səsləndirməkdədirlər. Onların qənaətlərini bir neçə qısa tezisdə cəmləşdirmək olar.
Birincisi, analitiklər və ekspertlər əmindirlər ki, Azərbaycan Ordusu ermənilərin öz orduları haqqında formalaşdırdığı və bəzilərinin inandığı mifi dağıtdı. Qısa müddətdə Ermənistan silahlı qüvvələrinin müdafiə xəttini bir neçə istiqamətdə yararaq yeni mövqelər ələ keçirən Azərbaycan əsgərləri, azad etdikləri ərazilərdə möhkəmlənə bildi. Ermənilərin əks-hücumunun da qarşısı alındı. Rusiyalı ekspert Andrey Yepifantsev yazır: "...Əvvəllər bəziləri belə düşünürdü ki, Qarabağ azərbaycanlılar üçün alınmaz qaladır. İndi artıq heç kim buna əmin deyil" (bax: Андрей Епифанцев. 3:1 в пользу Азербайджана/"Взгляд.ru", 11 aprel 2016).
İkincisi, ATƏT-in Minsk qrupunun passiv fəaliyyəti cəbhə bölgəsində vəziyyətin gərginləşməsinin əsas səbəblərindəndir. Azərbaycan tərəfinin dəfələrlə xəbərdarlığına baxmayaraq, vasitəçilər birtərəfli mövqe tutmaqda davam edirlər ki, bu da regionda sabitliyin bərqərar olması yolunda ciddi təhlükələr yaradır. ATƏT-in münaqişə ilə bağlı keçirilən son iclasında bir çox ölkələrin nümayəndələri xüsusi vurğulayıblar ki, "təcili və effektiv danışıqlar aparılmalıdır" (bax: ATƏT Daimi Şurasının Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı xüsusi iclası keçirilib/AZƏRTAC, 5 aprel 2016).
Türkiyənin ATƏT-dəki nümayəndəsi isə bəyan edib ki, torpaqlarının beşdə biri Ermənistan tərəfindən işğal olunan Azərbaycandan hansısa güzəştli mövqe gözləməyin əsası yoxdur (bax: əvvəlki mənbəyə).
Üçüncüsü, aydın oldu ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) daxilində Ermənistanın təcavüzkar siyasətini qəbul etməyən ölkələr var. Onlar hətta İrəvanın təxribatlarına görə, Avrasiya İqtisadi İttifaqının növbəti iclasına qatılmayıblar (bax: Серж Саркисян заявил Медведеву недовольство Россией и ЕАЭС/"Lragir.am", 8 aprel 2016). Serj Sarkisyan isə bununla bağlı Rusiya rəhbərliyinə acizanə şikayətdən başqa heç bir addım ata bilmir.
Nəhayət, hər kəs qəbul edir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bu, çox mühüm qənaətdir və düşünürük ki, bundan sonrakı danışıqlara təsiri olacaqdır. Artıq dünya ictimaiyyəti məsələni qəti qoymağa meyillənib, yəni işğal olunmuş əraziləri erməni silahlı birləşmələri tərk etməsə, regionda sülh olmayacaq. Onu vurğulayaq ki, Azərbaycan Prezidenti bu barədə qəti, dəqiq və açıq şəkildə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Dövlət başçısı deyib: "Məsələnin həlli çox sadədir – erməni silahlı birləşmələri işğal edilmiş torpaqlardan çıxmalıdır, Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdırlar, ondan sonra regionda sülh və təhlükəsizlik yarana bilər" (bax: Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib/AZƏRTAC, 9 aprel 2016).
Tarixi addımlar: Azərbaycan geosiyasi təşəbbüsü ələ alır
Beləliklə, Azərbaycan Ordusunun son uğurlu əməliyyatları iki aspektdə öz müsbət bəhrəsini verib. Onlardan biri işğal altındakı ərazilərdən bir qisminin azad edilməsi və erməni ordusu haqqında süni formalaşdırılmış mifin dağıdılmasıdır. Digəri isə dünya birliyinin Ermənistanın Azərbaycana təcavüzü nəticəsində nə dərəcədə ciddi təhlükəli vəziyyətin yarandığına əmin olmasıdır. Bunların təsiri nəticəsində rəsmi İrəvanın regionda yalnız mənfi rol oynadığı da aydın olub. Onu hətta Ermənistanla bir hərbi blokda olan ölkələr belə qəbul etmirlər. Belə məlum olur ki, son hadisələrdən Ermənistan yalnız məğlub çıxıb.
İrəvan ancaq Rusiyadan küskünlüyünü ifadə edə bilib, KTMT-dən narazılığını bildirib. Görünür, Ermənistan rəhbərliyi Kremldən birbaşa hərbi yardım gözləyirmiş. Bu xülyanın puça çıxması fonunda İrəvanın regionda nüfuzunun aşağı düşdüyünü demək mümkündür. Onun ənənəvi müttəfiqlərindən heç biri bu haqsız işində arxasında durmadı. Bunu mühüm geosiyasi nəticələrdən biri hesab edirik.
Lakin Ermənistanın bu cür acizliyi fonunda Azərbaycan diplomatiyasının ciddi uğurlarını müşahidə etməkdəyik. Bu barədə ölkə başçısının ifadə etdiyi fikirlər olduqca əhəmiyyətlidir. Belə ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında vurğulayıb: "Bununla bərabər, yeni regional əməkdaşlıq formatı yaranır, formalaşır. Azərbaycan-İran-Rusiya regional formatı, xarici işlər nazirləri görüşmüşlər. Ondan bir-iki gün əvvəl İranda Azərbaycan-İran-Türkiyə xarici işlər nazirləri görüşmüşlər. Digər üçtərəfli formatlar var. Azərbaycan-Gürcüstan-Türkiyə formatı var. Yəni, bütün bu üçtərəfli təşəbbüslər regionda təhlükəsizliyin təmin edilməsi və əməkdaşlığın dərinləşməsi üçün çox vacibdir. Gördüyünüz kimi, Azərbaycan hər bir formatda iştirak edir" (bax: əvvəlki mənbəyə).
Bunlar Azərbaycanın geosiyasi fəaliyyətini aydın və kifayət qədər konkret ifadə edən mesajlardır. Ermənistan şikayət edir, kimlərdənsə küsürsə, Azərbaycan regionda sülhü təmin etməyin və əməkdaşlığı dərinləşdirməyin yeni formatlarının yaranmasında ciddi rol oynayır.
Bir tərəfdən, Rusiya-Azərbaycan-İran, digər tərəfdən isə, Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatları artıq konkret məzmun kəsb edir. Hər iki formatda Bakı aktiv iştirak edir və yalnız Azərbaycan bunların hamısında iştirakçıdır. Bu mənada Azərbaycan regional təhlükəsizlik və əməkdaşlıq formatlarının birləşdirici funksiyasını yerinə yetirən ölkə statusunu almaqdadır. İndi hamı qəbul edir ki, Azərbaycansız Cənubi Qafqazda geosiyasi məsələlərin həlli mümkün deyildir.
Maraqlıdır ki, rəsmi Bakı regionda maraqları toqquşan böyük dövlətləri belə uzlaşma müstəvisinə gətirə bilir. Hesab edirik ki, bu tarixi məqam hələ uzun müddət siyasətçilərin və diplomatların diqqət mərkəzində olacaq. Faktiki olaraq, tarixdə ilk dəfədir ki, Azərbaycan müstəqil dövlət kimi bu səviyyədə barışdırıcı və birləşdirici rol oynayır, bu prosesə Rusiya, İran və Türkiyə kimi böyük dövlətləri cəlb edə bilir.
Yuxarıda deyilənlər Cənubi Qafqazın geosiyasi mənzərəsində yeni faktorların özünü göstərməyə başladığını təsdiqləyir. Demək olar ki, bu aspektdə növbəti mərhələ başlayır. Burada Azərbaycanın mövqeyinin daha güclü, Ermənistanın isə daha zəif olduğu görünür. Həmin tendensiyanın möhkəmlənməsi halında regionda sülhün və sabitliyin təmin olunacağına şübhə yoxdur.
Eyni zamanda, Cənubi Qafqazda müşahidə edilən bu proseslər böyük dövlətlərə konkret mesajlar verir. Yəni artıq manevrlər etmək, təcavüzkarı dəstəkləmək kursunun nə dərəcədə təhlükəli olduğu aydınlaşır. O cümlədən regional güclər də bu məqamı diqqətə almalıdırlar. Onlar Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməsi tələbini qətiyyətlə qoymalıdırlar. Əks halda, bölgədə yeni təhdidlər meydana gələ, məsələn, erməni terroru yeni formada tüğyan edə bilər. Bundan hər kəsin ziyan görəcəyi məlumdur. Bütün bu səbəblərdən, ATƏT-in Minsk qrupu və regionun böyük dövlətləri münaqişənin həlli istiqamətində ciddi addımlar atmalıdırlar.
Newtimes.az