BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu işini birinci plenar iclasla davam etdirib - FOTO
BMT-nin Sivilizasiyalar Alyansının “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” mövzusunda VII Qlobal Forumu aprelin 26-da rəsmi açılış mərasimindən sonra işini “Zorakı ekstremizm əleyhinə platforma və tərəfdaşlıqlar” mövzusunda birinci plenar iclasla davam etdirib.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, sessiyanın moderatoru BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsinin sözçüsu və aparat rəhbəri xanım Nihal Saad son illər zorakı ekstremizmin və terrorizmin bəşəriyyəti narahat edən ən ciddi təhdidlərdən biri olduğunu vurğulayıb. O, plenar iclasda məhz bu istiqamətdə səmərəli müzakirələrin aparılacağına əminliyini diqqətə çatdırıb.
İspaniyanın sabiq Baş baş naziri Xose Luis Rodrigez Zapatero özünün də ideya müəlliflərindən olduğu mədəniyyətlərarası dialoq təşəbbüsünün tarixindən danışıb. O, bu dialoqun digər təşəbbüsçüsü, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdarlığını ifadə edib. Xose Luis Rodrigez Zapatero radikal ekstemizmin qarşısının alınması üçün mədəniyyətlərarası və sivilizasiyalararası diloqun, mədəniyyətin inkişaf etdirilməsinin, geniş maarifləndirmə işinin aparılmasının, təhsilin keyfiyyətinin və sosial rifahın yüksəldilməsinin əhəmiyyətini vurğulayıb.
Siyasi münaqişələrin həllində, həmçinin terrora qarşı mübarizədə hərbi yoldan istifadənin çox ciddi fəsadlar törətdiyini diqqətə çatdıran İspaniyanın sabiq Baş naziri Suriya böhranını xatırladaraq bildirib ki, Avropa ölkələri bu böhranı həll etmək üçün hərbi yoldan istifadəyə üstünlük verdilər. Bu da milyonlarla insanın qaçqına çevrilməsi ilə nəticələndi. Həmin qaçqınların miqrasiyasından xilas olmaq üçün Avropa öz qapılarını onların üzünə bağladı ki, bu da ciddi ziddiyət doğurur və gərginliyi daha da artırır. Sabiq Baş nazir zorakı ekstremizmin və terrorizmin qarşısının alınması üçün mövcud münaqişələrin qısa zamanda həll olunmasının vacibliyini xüsusi qeyd edib.
Fransanın sabiq Baş naziri və xarici işlər naziri Dominik de Villepin çıxışında cəmiyyətlərin və dövlətlərin zorakı ekstremizmə qarşı mübarizədə hələ istənilən nəticəyə nail ola bilmədiklərini diqqətə çatdırıb. Qeyd edib ki, bu mübarizədə qalib gəlmək üçün zorakı ekstremizmin əsl mahiyyəti dərindən öyrənilməlidir. Zorakı ekstremizmə qarşı mübarizə üsulu kimi adətən hərbi müdaxilə yolu seçilir. Bu da zorakı ekstremizmin qarşısını nəinki alır, hətta onun daha geniş yayılmasına və radikallaşmasına səbəb olur. O, son 10-15 ildə beynəlxalq miqyasda terrorizmin sürətlə yayılmasının əsas səbəbi kimi məhz həmin dövrdə terrorçuluğa qarşı ciddi hərbi əməliyyatların aparılmasını göstərib. Diqqətə çatdırılıb ki, zorakı ektremizmin qarşısının alınması üçün fəal və qətiyyətli təşəbbüslər göstərilməli, geniş dialoq işi aparılmalı, təhsil inkişaf etdirilməli, korrupsiya halları aradan qaldırılmalıdır.
Dominik de Villepin zorakı ekstremizmə və terrorizmə qarşı qlobal miqyasda ciddi mübarizənin aparılmasının da önəmini vurğulayaraq, bu baxımdan beynəlxalq təşkilatların, xüsusən BMT-nin rolunun gücləndirilməsinin, onun sülhməramlı qüvvələrinin münaqişə zonalarına cəlb edilməsinin vacibliyini diqqətə çatdırıb.
BMT-nin Terror Əleyhinə Direktorluğunun icraçı direktoru Jan-Paul Laborde zorakı ekstremizmin qarşısının alınmasında, sülh və təhlükəsizliyin bərqərar olunmasında digər addımlarla yanaşı, gənclər arasında əməkdaşlığın genişləndirilməsinin, onların birgə layihələrdə iştirakının təmin edilməsinin də mühüm rol oynadığını qeyd edib. O, bu prosesdə vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin təşviq edilməsinin, xüsusən qadınların rolunun artırılmasının, həmçinin “Microsoft”, “Google” və s. nəhəng korporasiyalarla əməkdaşlıq edərək onların imkanlarından istifadə olunmasının əhəmiyyətini xüsusi vurğulayıb. BMT rəsmisi ötən gün VII Qlobal Forumun Gənclər Forumunda dünyanın nüfuzlu gənclər təşkilatlarının nümayəndələrinin səmərəli müzakirələr apararaq, sülhün və əməkdaşlığın təşviqi ilə bağlı mühüm mesajlar verməsini sağlam gələcəyə doğru atılan qətiyyətli addım kimi qiymətləndirib.
Jan-Paul Laborde bildirib ki, zorakı ekstremizmin dinlə heç bir əlaqəsinin olmadığını geniş ictimaiyyətin diqqətinə çatdırmaqla insanların narahatlığının qarşısını ala və bu istiqamətdə aparılan maarifləndirmə işinə mühüm töhfə verə bilərik.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov növbəti gün BMT baş katibinin “Terrorizmə qarşı birləşmək: qlobal terrorizmlə mübarizə strategiyası üçün tövsiyələr” adlı sənədi təqdim etməsinin on ilinin tamam olacağını diqqətə çatdıraraq bildirib ki, biz həmin sənədə nəzər saldıqda əsas ideyalarla “Zorakı ekstremizmin qarşısının alınması üzrə Fəaliyyət Planı”na dair hesabatdakı fikirlərin üst-üstə düşdüyünü görürük. Onların əksəriyyəti eyni məzmun daşıdığından bu qənaətə gəlmək olar ki, biz bəlkə də bu gün təsəvvür etdiyimizdən də geniş yayılmış zorakı ekstremizmin köklərini dərindən araşdıra bilməmişik. Yerli və regional problemlərlə birləşən Suriya, İraq və Liviyadakı proseslər 11 sentyabr hadisələrindən sonrakı dövrdə regiona xarici müdaxilələrin nəticələridir. Bəzi beynəlxalq aktorlar nəcib məqsədlərə malik olsalar da, yanlış strategiya yürüdüblər. Nəticədə beynəlxalq sistemin fundamental norma və prinsipləri sarsılıb.
“Biz bu barədə xəbərdarlıq etmişik. Biz bunu iyirmi ildən çoxdur ki, edirik. Çünki biz bununla qarşılaşmışıq. Yalnız qabaqcadan görə bilmədiyimiz məsələ onun yayıla biləcəyi konkret coğrafiya olub”, - deyən E.Məmmədyarov bildirib ki, 21 il bundan əvvəl ABŞ Dövlət Departamentinin nəşr etdiyi “Qlobal terrorizm nümunələri” adlı sənəddə vurğulanıb ki, keçmiş Sovet İttifaqı ölkələrində etnik gərginliklər Qafqaz və Baltikyanı respublikalarda terrorizm aktlarına rəvac verir. Sənəddə, həmçinin göstərilib ki, Moskvada həbs olunan bəzi erməni xüsusi xidmət orqanları əməkdaşları 45 nəfərin ölümü və ən azı 130 nəfərin yaralanması ilə nəticələnən Bakı Metrosunda, eləcə də Rusiya və Azərbaycandakı qatarlarda bomba partladılmasında iştirakda ittiham olunublar.
“Mənim ölkəm etnik separatizm, xarici müdaxilə, zorakı ekstremizm və terrorizmin metamorfozu və simbiozundan əziyyət çəkmişdir. Buna görə mən Fəaliyyət Planı ilə tam razıyam ki, “Uzadılmış və həll olunmamış münaqişələr zorakı ekstremizm üçün əlverişli zəmin yaradır, təkcə münaqişənin özünün doğurduğu əzab və idarəçiliyin olmaması səbəbindən deyil, həmçinin ona görə ki, belə münaqişələr dəstək əldə etmək, ərazi və resurslar qəsb etmək, əhaliyə nəzarət etmək məqsədilə ekstremist qruplara dərin köklü narazılıqlar yaratmağa imkan verir. Bu səbəbdən Ermənistan tərəfindən sonuncu atəşkəsin pozulması dövründə ASALA terrorçularının işğal olunmuş ərazilərimizdə görünməsinə təəccüblənmirik”, - deyə Azərbaycanın xarici işlər naziri diqqətə çatdırıb.
Elmar Məmmədyarov deyib ki, həmin vaxt beynəlxalq ictimaiyyət bizi dinləyərək, universal norma və prinsiplərə əsaslanaraq, zorakı ekstremizm və onun bütün forma və təzahürlərini dayandırmaq üçün ciddi addımlar atsaydı, bu gün bu domino effektini büdrətmək və bu fenomen ilə məşğul olmaq üçün daha yaxşı vəziyyətdə olardıq.
Bu baxımdan beynəlxalq hüququn norma və prinsiplərinin gücləndirilməsinin, habelə birgə əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayan nazir bildirib ki, BMT yeganə universal təşkilat kimi aparıcı olmalıdır. Lakin digər təşkilatların da həyata keçirməli olduqları rollar var. Elmar Məmədyarov İstanbulda keçirilmiş son Sammitdə İslam Əməkdaşlıq Təşkilatının zorakı ekstremizmin qarşısının alınmasına dair Plana dəstəyini bir daha ifadə etdiyini və bu xüsusda üzv dövlətlərin ekstremizm, zorakılıq, məzhəbçilik və təfriqəçiliyi rədd etdiyini vurğulağını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, İƏT, həmçinin zorakı ekstremizmin səbəblərinə hərtərəfli formada baxılmanın əhəmiyyətini təsdiq edib. O, eləcə də terrorizm və ekstremizmə qarşı mübarizə aparmaq üçün hərtərəfli İslam strategiyasının qəbul edilməsinin zəruriliyini vurğulayıb. Bu, digər beynəlxalq təşkilatlar və formatların fəaliyyət göstərmək və bir-biriləri ilə əlaqədə olması üçün ən doğru yoldur.
Elmar Məmmədyarov deyib ki, diplomatik səylər birgə ciddi və davamlı tədqiqata və akademik institutlar, həmçinin intelektual və dövlət orqanları üçün təşkil olunan qlobal forumlar arasında əməkdaşlığa əsaslanmalıdır. Azərbaycandakı “beyin mərkəzləri” bu sahədə geniş biliyə və təcrübəyə malikdirlər. Ölkəmizdə keçirilən illik qlobal humanitar, mədəniyyətlərarası, gənclər və genderlə bağlı forumlar zorakı ekstremizm ilə mübarizə aparmaq üçün bizim töhfəmizdir və biz əməkdaşlığımızı bölüşməyə və müzakirə etməyə hazırıq.
Zorakı ekstremizmə qarşı mübarizədə davamlı inkişafın prioritet olmasının vacibliyini diqqətə çatdıran Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri düzgün təhsil, sosial-iqtisadi irəliləyiş və gender bərabərliyi olmadan bütün səylərin iflasa məhkum olduğunu qeyd edərək deyib: “Azərbaycanda biz bunu müstəqilliyimizin ilk illərindən anladıq. Dövlət siyasətinin nəticəsi olaraq, son on ildə yoxsulluq səviyyəsi 50 faizdən azalaraq 5 faizdən də aşağıya düşüb və işsizlik səviyyəsi 5 faizdən azdır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası zorakı ekstremizmin qarşısının alınması üçün Milli Fəaliyyət planlarının çox elementini artıq özündə ehtiva edib. Bu Konsepsiya əhalini yüksək keyfiyyətli tibbi təminat, təhsil xidmətləri ilə təmin etmək, müasir təhsil sistemi yaratmaq və sosial müdafiə sistemini müasirləşdirmək, həmçinin gender bərabərliyi və ailələrin inkişaf etdirilməsi məqsədi daşıyır.
Nazir deyib: “Biz, həmçinin davamlı inkişafın tərkib hissəsi kimi strateji regional əməkdaşlığı təşviq edirik. Azərbaycan Xəzər regionunu dünya ilə birləşdirən enerji və nəqliyyat layihələrinin mərkəzində yerləşir. Bakı-Tbilisi-Qars dəmir yolunun inşasının tamamlanması təkcə yaxın qonşularımız deyil, Əfqanıstanda da inkişafın xeyrinə olacaq. Bu ölkədə beynəlxalq ictimaiyyətin 15 illik təhlükəsizliyin təmin olunmasına yönəlmiş səyləri müsbət nəticələr verib, eyni zamanda, o qənaəti gücləndirib ki, düzgün inkişaf və sosial-iqtisadi imkanlar olmadan zorakı ekstremizmi dəf etmək davamlı olmayacaq”.
Elmar Məmmədyarov çıxışının sonunda tədbir iştirakçılarına deyib: “Siz tarixən tolerantlığı, multikultural cəmiyyəti və dünyəvi idarəçiliyi ilə məşhur olan bir ölkədəsiniz. 2016-cı il Prezident tərəfindən Azərbaycanda “Multikulturalizm ili” elan olunub. Nümunə ilə yol göstərmək ən yaxşı yoldur. Biz öz nümunələrimizi bölüşmək və həmçinin sizin təcrübələrinizdən də öyrənmək istəyirik”.
Fransanın Avropa məslələri üzrə dövlət naziri Harlem Dezir çıxışında son illərdə ciddi təhdidə çevrilən zorakı ekstremizmə qarşı mübarizə aparılması üçün həyata keçirilməsi zəruri olan tədbirlərdən danışıb. O vurğulayıb ki, bu baxımdan ümumbəşəri dəyərlərin müxtəlifliyini, sivilizasiyaların dünyaya verdiyi töhfələri qəbul etməli, bəşəri dəyərləri paylaşmalıyıq. Heç bir ölkə dünyanın hər hansı bir nöqtəsində baş verən böhrandan, problemdən sığortalanmayıb. Bu yaxınlarda Avropada baş verən terror aktları buna əyani sübutdur. Buna görə də zorakı ekstremizmə və terrora qarşı mübarizə aparmaq üçün qlobal miqyasda səyləri birləşdirmək və qətiyyətli addımlar atmaq lazımdır.
Çıxışlardan sonra mövzuya dair müzakirələr aparılıb.
1news.az