Mingəçevir-Bəhrəmtəpə avtomobil yolu yenidən qurulub - FOTO - VİDEO
Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun yenidən qurulmasına başlanılıb. İlkin mərhələdə 154 km uzunluğunda olan Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Mingəçevir şəhəri-Mingəçevir dəmiryolu stansiyası arasındakı olan hissəsinin 3-cü texniki dərəcədən 2-ci texniki dərəcəyə uyğun yenidən qurulması işləri aparılır.
1news.az "Azəravtoyol" ASC-ə istinadən məlumatına görə, Həmin hissənin uzunluğu 16,5 km-dır. Layihəyə uyğun olaraq yol 2 hərəkət zolağından ibarət olacaq. Hazırda mövcud yol yatağının eni tikinti işləri çərçivəsində 12 metrdən 15 metrə qədər genişləndirilir, hərəkət hissəsinin eni 7,5 metr, hər iki istiqamət üzrə çiyinlərin eni isə 3,75 metr olacaq.
Hazırda Mingəçevir şəhəri-Mingəçevir dəmiryolu stansiyası arasında olan hissədə torpaq işləri görülür, yol yatağının və yol əsasının tikintisi aparılır.
Layihəyə uyğun olaraq yol geyimi konstruksiyasının qalınlığı 72 sm olacaq. Bura 30 sm əsasın alt layı, 15 sm əsasın qırmadaş layı, 14 sm əsasın üst layı, 8 sm əlaqələndirici lay və 5 sm aşınma layı daxildir. Bu hissədə Kürəkçay üzərində 1 aşırımlı, 18 poqon metr uzunluğunda körpünün, 26 ədəd dairəvi borunun, 1 ədəd alt keçidin və 7 ədəd düzbucaqlı keçidin tikintisi də aparılacaq.
Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun bu hissəsinin yenidən qurulması ilə vətəndaşların Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yoluna rahat gediş-gəlişi təmin olunacaq.
1news.az