“Uşaqların ürəyi Qarabağ üçün döyünür” adlı sosial-vətənpərvərlik aksiyası başlayıb
Respublika Müalicə-Diaqnostika Mərkəzi Səhiyyə Nazirliyinin dəstəyilə birgə “Uşaqların ürəyi Qarabağ üçün döyünür” adlı sosial-vətənpərvərlik aksiyasına başlayıb.
1news.az-ın verdiyi xəbərə görə, aksiyanın məqsədi – cəbhəyanı bölgə şəraitində yaşayan və əhalinin ən zəif təbəqəsi olan uşaqlara yardım etməkdir.
Aksiya çərçivəsində Respublika Müalicə-Diaqnostika Mərkəzinin Ürək-damar cərrahiyyəsi şöbəsinin komandası başda ürək cərrahı Rəşad Mahmudov olmaqla cəbhəyanı bölgəyə - Füzuli rayonuna yola düşüblər. Füzuli rayon Diaqnostika Mərkəzində 4 gün ərzində anadangəlmə ürək qüsuru olan uşaqlar üçün açıq ürək əməliyyatı keçiriləcək. Əməliyyatlar gün ərzində 3 dəfə olacaq. Bu, 1-10 yaşlı uşaqlar üçün nəzərdə tutulub.
25 nəfərdən ibarət olan yüksəkixtisaslı və təcrübəli həkim heyətində - kardioloq, reanimatoloq, anestezioloq və orta tibb işçiləri cəbhəyanı bölgələrdə yaşayan uşaqlara sağlam həyat üçün ümid bəxş edəcəklər.
Respublika Müalicə-Diaqnostika Mərkəzinin mütəxxəsisləri bu cür xeyriyyəçilik aksiyalarını müntəzəm olaraq keçirirlər. Lakin Səhiyyə Nazirliyinin dəstəyilə bu cür irimiqyaslı “Uşaqların ürəyi Qarabağ üçün döyünür” adlı sosial-vətənpərvərlik aksiyasının təşkil olunması mümkün oldu.
1news.az