Azərbaycanda bina tikintisi ilə bağlı ödənilmiş vergilərin nəzərə alınmasının yeni qaydaları müəyyənləşib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda bina tikintisi ilə bağlı ödənilmiş vergilərin nəzərə alınmasının yeni qaydaları müəyyənləşib

19:43 - 28 / 04 / 2016
Azərbaycanda bina tikintisi ilə bağlı ödənilmiş vergilərin nəzərə alınmasının yeni qaydaları müəyyənləşib

Vergilər naziri Fazil Məmmədov “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilmiş ƏDV-nin və sadələşdirilmiş verginin nəzərə alınması Qaydası”nı təsdiq edib.

1news.az APA-ya istinadən xəbər verir ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2015-ci il 20 oktyabr tarixli qanuna əsasən bu il yanvarın 1-dən Azərbaycanda mənzil və qeyri-yaşayış sahələrinin satışı zamanı yeni qaydada ödəmə mənbəyində vergi tətbiq edilir.

Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi vergitutma obyektinin hər kvadratmetri üçün 45 manat, fiziki şəxslər üçün sadələşdirilmiş vergi vergitutma obyektinin hər kvadratmetri üçün 15 manat olmaqla hesablanır. Bu zaman bina Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşdikdə, bu maddədə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş zonalardan asılı olaraq, əmsallar tətbiq olunur. Məsələn, Bakıda bina tikintisi fəaliyyətinin faktiki həyata keçirildiyi (binanın faktiki yerləşdiyi) ərazi üzrə əmsal 1-ci zona üzrə 4, ikinci zona üzrə 3, 3-cü və 4-cü zona üzrə 2,2, 5-ci və 6-cı zona üçün 1,8, 7-ci,8-ci və 9-cu zona üçün 1,5, 10-cu,11-ci və 12-ci zona üçün 1,2-dir. Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində yerləşdikdə, bu maddədə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə 1,5, Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində yerləşdikdə, bu maddədə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə  1,2, digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) yerləşdikdə, bu maddədə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə - 0,5 əmsal tətbiq edilir. Yəni mərkəzdən kəndlərə getdikcə mənzil satışı ilə bağlı verginin miqdarı azalır. Beləliklə, tutaq ki, Bakıda birinci zonada, yəni şəhərin mərkəzi hissələrində hər hansı fərdi şəxs mülkiyyətində olan mənzili satarkən 3600 manat (60 kv.m*15AZN*4=3600 manat) vergi ödəməlidir. 

Yeni Qayda isə “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun qüvvəyə minənədək, yəni bu il yanvarın 1-dək ödənilmiş ƏDV-nin və sadələşdirilmiş verginin nəzərə alınması üçün zəruri şərtləri və tələbləri müəyyən edir.  Bu Qayda yanvarın 1-dək tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış şəxslərə şamil edilir.  Yanvarın 1-dək tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış şəxslər (özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və ya müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər) tərəfindən “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qüvvəyə mindikdən sonrakı 30 gün müddətində 3 vergitutma metodlarından birinin tətbiq edilməsi ilə bağlı vergilərin hesablanması barədə bu Qaydaya əlavə edilmiş, təməli qoyulmuş bütün tikinti obyektləri üzrə vahid məlumat forması vergi orqanına təqdim edilməlidir.

Birincisi, yanvarın 1-dək təməlqoyma işlərinə başlamış şəxslər tərəfindən həmin tarixədək qüvvədə olan Vergi Məcəlləsinə əsasən mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ƏDV-nin məqsədləri üçün vergi tutulan minimum dövriyyə Vergi Məcəlləsində müəyyən edilmiş vergitutma obyektinin hər kvadrat metri üçün 225 manat məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə Nazirlər Kabinetinin müəyyən etdiyi əmsallar tətbiq edilməklə, ƏDV və Vergi Məcəlləsinə əsasən mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş vergi Vergi Məcəlləsində müəyyən edilmiş vergitutma obyektinin hər kvadrat metri üçün 10 manat məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə Nazirlər Kabinetinin müəyyən etdiyi əmsallar tətbiq edilməklə bağlı metoddur.  Bu metod seçildikdə vergilərin yenidən hesablanması aparılmır.

İkincisi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər Vergi Məcəlləsinə əsasən sadələşdirilmiş vergini Vergi Məcəlləsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün  45 manata Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş şəhər və rayonlarının ərazilərinin zonalar üzrə əmsalları tətbiq edilməklə, qeyri-yaşayış sahələri üzrə isə hesablanmış məbləğə əlavə 1,5 əmsal tətbiq edilməklə tətbiq edilən metoddur. Bu metod seçildikdə tikinti obyekti üzrə aidiyyəti dövrlər üçün təqdim edilmiş bəyannamələrlə hesablanmış ƏDV və sadələşdirilmiş vergilər azaldılır. Bu zaman əvvəlki dövrlər üçün hesablanmış ƏDV-nin azaldılması 2015-ci ilin dekabr ayı üzrə təqdim edilən ƏDV bəyannaməsində Vergi Məcəlləsinə əsasən dəqiqləşdirilir. Bu vergitutma metodunu seçən vergi ödəyiciləri tərəfindən əvvəlki dövrlər üçün hesablanmış sadələşdirilmiş verginin məbləği həmin vergi ödəyiciləri tərəfindən təqdim edilmiş “01.01.2016-cı il tarixinədək tikinti obyektinin tikinti- quraşdırma işlərinə başlaması barədə məlumat forması” əsasında vergi orqanı tərəfindən   yenidən hesablanır;

Üçüncüsü,  yanvarın 1-dək qüvvədə olan Vergi Məcəlləsində göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etmədiyi halda  mənfəət (gəlir) və ƏDV-ni tətbiq edilməklə bağlı metoddur. Bu metodu seçən vergi ödəyiciləri tərəfindən əvvəlki dövrlər üçün hesablanmış sadələşdirilmiş verginin məbləği həmin vergi ödəyiciləri tərəfindən təqdim edilmiş “01.01.2016-cı il tarixinədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlaması barədə məlumat forması” əsasında vergi orqanı tərəfindən azaldılır.  Mənfəət (gəlir) vergisi Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq  vergi ödəyiciləri tərəfindən bəyannamə təqdim edilməklə hesablanır. ƏDV üzrə isə vergilərin yenidən hesablanması aparılmır.

Vergi orqanları tərəfindən tikinti obyektinin tikinti-quraşdırma işlərinə görə vergi öhdəlikləri müəyyən edilən zamanı bu Qaydaların tələbləri nəzərə alınır.

1news.az

Paylaş:
1901

Son xəbərlər

Bütün xəbərlər