Azərbaycan diplomatı Amerika mətbuatında İpək Yolundan yazdı | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan diplomatı Amerika mətbuatında İpək Yolundan yazdı

10:06 - 29 / 04 / 2016
Azərbaycan diplomatı Amerika mətbuatında İpək Yolundan yazdı

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun nüfuzlu “Vaşinqton Tayms” qəzetində müasir İpək Yolu ilə bağlı məqaləsi dərc olunub.

1news.az-ın məlumatına görə, məqalədə bu həftə ABŞ-ın qabaqcıl elmi mərkəzlərindən olan Cons Hopkins Universitetində Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyənin ABŞ-dakı səfirlikləri tərəfindən təşkil olunan “Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi” Forumuna istinad olunaraq bildirilir ki, ABŞ-ın və regionun rəsmiləri ilə yanaşı 50-dən artıq beynəlxalq şirkətin və akademik dairələrin nümayəndələrinin qatıldığı sözügedən forumda regional inteqrasiyanın gücləndirilməsi məsələləri müzakirə olunub.

Məqalədə tarixi İpək Yolunun vaxtilə çoxsaylı əfsanələrə mənbə olduğu, bu gün isə bu yolun yenidən reallığa çevrildiyi qeyd edilib. Qazaxıstanın “Şərq Qapılarından” başlayaraq Azərbaycanın Xəzər dənizində yerləşən ən böyük Ələt limanından keçən və Türkiyənin şərq qapılarına qədər davam edən bu nəqliyyat dəhlizi Amerikan şirkətlərinə müxtəlif sahələrdə çoxsaylı imkanlar yaradır.

Məsələn, dəniz marşrutu ilə müqayisədə Asiya ilə Avropa arasında tranzitin müddəti üç dəfə azalır. Eyni zamanda, tərəfdaş dövlətlərin layihədə iştirak edən dövlət qurumları tranzit və ticarət üçün əlverişli şərait yaratmaq məqsədilə bir-biriləri ilə yaxından əməkdaşlıq edirlər. Belə uğurlu regional əməkdaşlığın əsasları Bakı-Tbilisi-Ceyhan neft kəməri üzrə iş birliyinin təcrübəsinə söykənir. Bu gün isə strateji Cənub Qaz Dəhliz layihəsi bunu daha da gücləndirir.  

Vaşinqtonda Müasir İpək Yolu Konfransı Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının Forumundan dərhal sonra baş tutur. Bu da öz növbəsində İpək Yolunun yalnız ticarət və ya tranzit dəhlizi yox, eyni zamanda mədəniyyətlər mübadiləsi məkanı olduğunu və regionumuzun əhəmiyyətli mərkəzi olan Azərbaycanın dünya kontekstində  tolerantlığın təbliğindəki rolunu göstərir.

Müəllif Azərbaycan və Ermənistan arasında artan gərginliyə istinad edərək regionumuzun gələcəyinə dair iki fərqli yanaşmanın mövcud olduğunu təəssüflə qeyd edib. Birinci yanaşma regional əməkdaşlıq, suverenliyin və müstəqilliyin gücləndirilməsi, tolerant cəmiyyət və rifahlı inkişafın təşviqindən ibarətdir. Digər yanaşma isə, dar və etnik siyasətə, davamlı münaqişəyə, məcburi sürgünə və natamam suverenliyə əsaslanır.

Məqalənin sonunda səfir bildirir ki, əməkdaşlıq və inteqrasiyanı təmsil edən müasir İpək Yolu regionun gələcəyi üçün tarixi imkan yaradır.

1news.az

Paylaş:
495

Son xəbərlər

Bütün xəbərlər