Asiyaya dönüş: Rusiyanın strateji hədəflərindən biri haqqında - Newtimes.az | 1news.az | Xəbərlər
Siyasət

Asiyaya dönüş: Rusiyanın strateji hədəflərindən biri haqqında - Newtimes.az

15:48 - 04 / 05 / 2016
Asiyaya dönüş: Rusiyanın strateji hədəflərindən biri haqqında - Newtimes.az

Son zamanlar Qərb, Çin və Rusiya ekspertləri Kremlin Asiya ölkələri ilə daha çox əməkdaşlıq etmək xətti yeritdiyi barədə analizlər verirlər. Onlar müxtəlif ssenariləri proqnozlaşdırırlar.

Bu kontekstdə diqqəti daha çox Rusiya-Avropa və Rusiya-ABŞ münasibətlərinin taleyinə yönəltməyə çalışırlar. Nikbin və bədbin məzmunlu fikirlər söylənilir. Reallıqda isə Rusiyanın Asiya istiqamətində fəallığını artırmasının başqa səbəbləri ola bilər. Bir sıra analitik və ekspertlər buna işarələr edirlər. Onlar daha geniş aspektdə məsələyə yanaşmağa üstünlük verirlər. Bu isə Moskvanın Asiyaya dönüşü məsələsinə tamamilə fərqli məzmun verir. Biz problemin həmin aspekti üzərində bir qədər geniş dayanmağa ehtiyac gördük.

Bloklaşmadan imtina: yeni əməkdaşlıq formasının əsas cəhətləri

Rusiya mətbuatında son aylar ölkənin xarici siyasəti ilə bağlı maraqlı diskussiyalar gedir. Bir qisim müəllif Moskvanın Asiya siyasətinin iflasa uğradığını iddia edir. Digərləri isə problemə daha geniş aspektdə yanaşmağın düzgün olduğunu ifadə edir (bax: Александр Лукин.Поворот России к Азии: миф или реальность? // "Международная жизнь", 2016, №4, c.90-107).

Məsələnin bu cür qoyuluşunun arxasında Rusiya-Çin münasibətlərinin mürəkkəb mənzərəsi dayanır. Buna Moskva ilə Dehli arasındakı əməkdaşlığın məzmunu da müəyyən dərəcədə təsir göstərir. Lakin ekspertlər daha çox məhz Pekin faktoruna üstünlük verirlər. Bu kontekstdə isə kifayət qədər geosiyasi faktorların təsirindən danışmaq olar.

Əvvəlcə vurğulayaq ki, Rusiya ilə Çin qonşu böyük dövlətlər kimi zəngin əməkdaşlıq ənənələrinə malikdirlər. Onlar tarixin müxtəlif dönəmlərində hərbi qarşıdurmalara da gediblər. Ancaq, ümumən, mədəni və iqtisadi əlaqələr geniş olub. Bu səbəbdən indiki mərhələdə Rusiya-Çin münasibətlərini tam olaraq qlobal siyasətin məntiqi çərçivəsinə sığışdırmaq doğru deyil. Bunu ekspertlər qeyd edirlər (bax: məs., əvvəlki mənbəyə və Fu Ying. How China Sees Russia: Beijing and Moscow Are Close, but Not Allies // "Foreign Affairs", 2016, №1, p.103-110).

Lakin bu da danılmaz faktdır ki, Moskva ilə Pekin arasındakı münasibətlər Qərb-Rusiya əlaqələrinin böhrana uğramasından sonra ön plana çıxdı və məzmun dəyişikliyinə məruz qaldı. Doğrudur, bir sıra rusiyalı analitiklər iki ölkə arasındakı əməkdaşlıq prosesinin keçən əsrin 60-70-ci illərindən başladığını yazır, hətta L.İ.Brejnev dönəmində xüsusi proqramların da hazırlandığını xatırladırlar, ancaq bunların indiki vəziyyətə ciddi təsir etdiyini düşünmək çox risklidir (bax: Александр Лукин. Göstərilən məqaləsi).

Çünki müasir mərhələdə dünya siyasətinin inkişaf dinamikası tamamilə fərqli şəkildə cərəyan edir. Bundan əlavə, Çinin özünün strateji hədəfləri də nəzərə alınmalıdır. Bunlarsız Rusiya-Çin münasibətlərinin real məzmununu dərk etmək mümkün deyildir.

Bunları diqqətə alaraq, analitik və ekspertlərin "Rusiya üzünü Asiyaya çevirir" tezisi haqqında nə deyə bilərik? Burada müəyyən qədər həqiqətin ifadə olunduğunu söyləmək olar. Məsələyə qlobal siyasətin ümumi tendensiyaları prizmasından baxdıqda, bu fikrin doğruluğuna əmin olarıq. Rusiya üzünü Asiyaya birbaşa və birmənalı çevirməyib. Moskvanın addımları bir tərəfdən Vaşinqton-Pekin əlaqələri xətti, digər tərəfdən isə Lissabondan tutmuş Vladivostoka qədər vahid Avratlantik geosiyasi məkanı yaratmaq strategiyası ilə izah oluna bilər.

Məsələ ondan ibarətdir ki, ABŞ son illər geosiyasi proseslərin ağırlıq mərkəzinin Asiyaya "dəyişməsi" tezisindən çıxış edərək, xarici siyasətində Asiya faktoruna üstünlük verməyə başlayıb. Onun məqsədi həmin regionun dövlətləri üzərində hegemonluq etməkdir. Bunu Vaşinqton gizlətmir. Bu məqsədə çatmaq üçün Amerika Çinlə ticarət əlaqələrini 2014-cü ildə fantastik səviyyəyə – 555 milyard ABŞ dolları həcminə çatdırıb, qarşılıqlı investisiya qoyuluşu isə 120 milyard dolları keçib (bax: Фу Ин. Неравносторонний треугольник отношений Китая, России и США / "Жэньминь Жибао", 23 dekabr 2015).

ABŞ-Çin-Rusiya üçbucağı: Asiyaya dönüş müstəvisində necə görünür?

Bununla yanaşı, Amerika Asiya-Sakit okean hövzəsində hərbi gücünü sürətlə artırır. Nəticədə, Vaşinqtonun təhlükə yaratmaq və Çinlə münaqişəyə getmək istəyinin olduğu haqqında fikirlər səslənir. Rusiya üçün isə burada daha düşündürücü bir "sürpriz"in olduğu bildirilir. H.Kissincerin Rusiyaya səfərindən sonra bu barədə daha geniş miqyasda danışmağa başlayıblar.

Mövcud fikirlərə görə, ABŞ Çin faktorundan istifadə edib, Rusiyanı özündən geosiyasi asılılığa salmağa çalışır. Yəni, Moskvanı Pekinin hədsiz güclənməsi ilə qorxutmaq arzusunda olan ABŞ bunun üçün Rusiyanın iqtisadi vəziyyətini ağırlaşdırmaq xəttini seçib. Kreml bunları və bizim bilmədiyimiz çox məqamları yaxşı bilir.

Bu səbəbdən də Lissabon-Vladivostok geosiyasi xəttində ölkə rəhbərləri Rusiyanın oynaya biləcəyi rolun ssenarisini özləri yazmağa çalışırlar. Son vaxtlar Çinlə əlaqələrin inkişaf etdirilməsinin arxasında məhz bu niyyət durur. İki ölkə arasındakı münasibətlərə həmin aspektdə baxdıqda, böhran deyil, tərəqqi görürük. Konkret desək, Moskva ilə Pekin müttəfiqlik deyil, qarşıya çıxan problemlərin ortaq həllini nəzərdə tutan strateji tərəfdaşlıq yolunu seçiblər.

Müttəfiqlik bloklaşmaya, ittifaqa aparırsa, strateji tərəfdaşlıq fikir ayrılığının birgə aradan qaldırılmasına yol açır. Bu kontekstdə çinli analitik Fu İnin aşağıdakı fikirləri maraqlıdır. Xanım Fu İn yazır: "Çin və başqa ölkələrdən olan bir sıra alimlər hesab edirlər ki, ABŞ regionda bloklaşma siyasətinin yeridilməsində israr edəcək ki, Rusiya ilə Çin də buna reaksiya vermək üçün birləşməlidirlər. Ancaq Çin strateqləri bu mövqeni dəstəkləmirlər. Çin bloklaşma və alyanslaşma siyasətində iştirak etmir və müvafiq siyasi mədəniyyətə malik deyil. Rusiya da bloklaşmaya getmək arzusunda deyil. Çin və Rusiya müttəfiqlik prinsipinə deyil, strateji əməkdaşlıq münasibətlərinə sadiq qalmalıdırlar. Hər iki ölkə üçün yeni növ superdövlət münasibətlərini formalaşdırmaq istiqamətində irəliləmək, dialoq və əməkdaşlığı davam etdirmək və fikir ayrılıqlarını birgə aradan qaldırmaq vacibdir" (bax: əvvəlki mənbəyə).

Sitat bir qədər uzun olsa da, həm Rusiyanın Asiyaya "dönüşü" məsələsini, həm də Çinin burada tutduğu mövqeni dəqiq ifadə edir. Bir sıra rusiyalı analitiklər də məhz bu mövqenin doğruluğunu ifadə edirlər. Onlar Rusiya cəmiyyətinin marginal hissəsinin Avropa ilə birliyi arzulamaqda davam etdiyini vurğulayaraq, bunun reallığa uyğun olmadığını bildirirlər. Çünki Avropa Rusiyanı normal şərtlərlə qəbul etməz. Lakin Moskva Avropa ilə işgüzar əlaqələri saxlamalıdır və onunla münaqişəyə girməməli, mümkün məsələlərdə qarşılıqlı anlaşmaya nail olmalıdır.

Bu isə o deməkdir ki, Rusiyanın Asiyaya dönüşü həm də dövlətin strateji marağına xidmət edən bir prosesdir. Həmin prosesin fonunda Rusiya başqa regionların ölkələri ilə münasibətlərini dərinləşdirməlidir. "Rusiyanın Asiyaya dönüşünün möhkəm təməli məhz bundan ibarətdir" (bax: Александр Лукин. Göstərilən məqaləsi).

Buradan bir neçə nəticə əldə etmək olar. Birincisi, Moskva Pekinlə münasibətlərini özünə yeni müttəfiq tapmaq məqsədi üzərində qurmur. Eyni məntiqlə o, Hindistanla əlaqələrini dərinləşdirməyə çalışır, regionun başqa dövlətləri ilə də analoji qaydada əməkdaşlıq qurmağa çalışır.

İkincisi, Asiyaya dönüş heç də başqa istiqamətlərdə fəallığı azaltmaq anlamına gəlmir. Burada, hər şeydən əvvəl, Rusiyanın ABŞ-ın ona dünyada ayırmaq istədiyi rola etiraz məqamı vardır. Moskva dünya səviyyəsində söz sahibi olan, suveren supergüc statusunu təsdiqləməyə çalışır. Pekinlə əməkdaşlığın strategiyasında da bu məqam əsas yer tutur. Deməli, Asiyaya dönüş, əslində, Kremlin geosiyasi strategiyasının həlqələrindən biridir, son məqsəd deyildir.

Nəhayət, Rusiya çoxqütblü dünya modelinə konkret məzmun verməyə çalışır, bunun üçün digər istiqamətlərlə yanaşı, Asiyaya da böyük önəm verir. Burada onun nə dərəcədə uğur qazanacağını zaman göstərəcək. Hələlik onu demək mümkündür ki, Rusiyanın Asiyaya dönüşü qlobal siyasətin dinamikasına hiss ediləcək dərəcədə təsir göstərir.

Newtimes.az

Paylaş:
786

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər