Bakı Ali Neft Məktəbi və Abu Dabi Neft İnstitutu arasında anlaşma memorandumu imzalanıb
Bu gün Bakı Ali Neft Məktəbi və Abu Dabi Neft İnstitutu arasında anlaşma memorandumu imzalanıb.
1news.az-ın məlumatına görə, tədbirdə Abu Dabi Neft İnstitutunun prezidenti Tomas Hoçstetler, Abu Dabi Neft İnstitutunun xarici əlaqələr və əməkdaşlıq üzrə direktoru İbrahim Əl Həcri, Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfirinin müavini Abdulla Əl Şəmsi, BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Memorandumda seminar, konfrans və təlimlərin təşkilində qarşılıqlı dəstəyin göstərilməsi, xüsusi inkişaf sahələrində təlim layihələri çərçivəsində əməkdaşlıq və digər sahələr üzrə əməkdaşlıq məsələləri əks olunub.
Rektor Elmar Qasımov BANM və Abu Dabi Neft İnstitutu arasında qurulan əməkdaşlığın mühəndislik ixtisasları üzrə tələbə və akademik heyətin mübadiləsi, tədris proqramlarının hazırlanması və tətbiqi, elmi işlərin, akademik nəşrlərin, təlim materiallarının və digər məlumatların mübadiləsi, birgə tədqiqatların aparılması və digər məsələlər üzrə fəaliyyət göstərməsinə şərait yaradacağını bildirib. O, Abu Dabi Neft İnstitutunun BANM-in tərəfdaşları sırasına daxil olmasını müsbət dəyərləndirib və hər iki ali təhsil müəssisəninin gələcəkdə mühəndis kadrlar hazırlayan dünya universitetləri sırasında olacağına əminliyini ifadə edib.
T.Hoçstetler rəhbərlik etdiyi Abu Dabi Neft İnstitutunun mühəndislik və enerji sənayesi sahəsi üzrə mütəxəssislərin hazırlanmasında dünya səviyyəli ali təhsil ocağı və tədqiqat mərkəzi olduğunu qeyd edib. T.Hoçstetler BANM ilə mühəndis kadrların hazırlanması sahəsində birgə fəaliyyətə maraqlı olduğunu bildirib. O, yaradılan əməkdaşlığın hər iki ali məktəbə böyük töhfələr və mühəndis hazırlığı istiqamətində yeni nailiyyətlər gətirəcəyinə inandığını söyləyib.
Tədbirin sonunda BANM-in rektoru E.Qasımov Abu Dabi Neft İnstitutunun prezidenti T.Hoçstetlerə Ali Məktəbin “Fəxri qonaq” diplomunu təqdim edib.
1news.az