Heydər Əliyev Fondunun təşəbbüsü ilə Balakəndə yeni uşaq bağçası inşa edilib - FOTO
Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində mayın 6-da Balakən şəhərində 100 yerlik yeni uşaq bağçası istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, şəhərin Məhəmməd Əsədov küçəsində inşa edilən uşaq bağçasının tikintisinə ötən ilin əvvəlində başlanılıb. Milli memarlıq üslubunda inşa edilən ikimərtəbəli bina şəhərə xüsusi yaraşıq verir. Bağça binasında yataq və məşğələ otaqları, oyun və musiqi zalları, mətbəx, yeməkxana yerləşir. Həyət tam abadlaşdırılıb, uşaqlar üçün istirahət guşələri yaradılıb.
Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək, rayonda məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb. Bildirilib ki, son illər rayonda 5 yeni uşaq bağçası tikilib istifadəyə verilib, 3 bağça əsaslı təmir olunub.
Valideynlər həyata keçirilən bu layihəyə görə, Prezident İlham Əliyevə, həmçinin Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonra mərasim iştirakçıları uşaq bağçasında yaradılan şəraitlə tanış olublar.