Azərbaycan İpoteka Fondu 390 mln. Manat maliyyə vəsaiti cəlb edib
Azərbaycan İpoteka Fondu tərəfindən ipoteka kreditləşməsinin bərpa edilməsi və davamlılığının təmin edilməsi məqsədilə 2009-cu ildə istiqraz buraxılışı yolu ilə bazardan maliyyə vəsaitlərinin cəlb edilməsinə başlanılıb və bu günə qədər 9 emissiya üzrə 390 mln. manat məbləğində vəsait bazardan cəlb edilib.
1news.az-a fonddan verilən məlumata görə, ipoteka ilə təmin edilmiş istiqrazların emissiyası təkrar ipoteka bazarının inkişafında və ipoteka kreditləşməsinin davamlılığının təmin edilməsində mühüm rol oynayıb.
İlk dəfə olaraq, 29 may 2009-cu il tarixində Fondun 55 mln. manat məbləğində 7 il müddətinə AZ2001008682 nömrəli təmin edilmiş istiqrazları dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, Fondun aktiv və passivlərinin effektiv idarə edilməsi modeli, dayanıqlı likvidlik mövqeyi və kredit portfelinin yüksək keyfiyyəti sayəsində birinci emissiya üzrə öhdəliklər (55 mln. manat) hətta vaxtından əvvəl icra olunub.
Bununla da, Fondun ilk emissiyası uğurla və vaxtından əvvəl başa çatdırılıb. Uzunmüddətli öhdəliklərin idarə olunması sahəsində əldə olunmuş təcrübə nəticəsində Fondun növbəti istiqrazları üzrə də öhdəliklərin vaxtında icrası təmin olunacaq.
1news.az