2025-ci ilə qədər xidmət sektorunun ÜDM-də xüsusi çəkisinin artacağı proqnozlaşdırılır
Bu gün dünyanın əksər aparıcı ölkələrində xidmət sektorunun ÜDM-də payı 55-60 faizdən yuxarıdır. ÜDM-in ABŞ-da 74, Yaponiyada 59, Almaniyada 69,1, Türkiyədə 66, Fransada 77,3, Avstriyada 65,6, Rusiyada 58,7, Ukraynada 68,4, Qazaxıstanda 55 faizi və s. xidmət sahələrinin payına düşür.
1news.az-ın Vergiler.az saytına istinadən verdiyi məlumata görə , bu barədə Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun “Xidmət sahələrinin inkişafı problemləri” şöbəsinin müdiri Aqil Əsədov deyib.
Onun sözlərinə görə, Azərbaycanda ticarət və xidmət sektoru tamamilə özəl bölmədə formalaşıb və bu sahədə çalışan sahibkarlıq subyektlərinə azad və liberal fəaliyyət üçün münbit şərait təmin edilib. Zəngin potensial imkanların olmasına baxmayaraq, ölkəmizdə bu göstərici 30-33 faiz civarındadır.
A.Əsədov nəzərə çatdırıb ki, 2025-ci ilə qədər ölkəmizdə xidmət sektorunun ÜDM-də xüsusi çəkisinin 43-45 faizə çatdırılması proqnozlaşdırılır.
1news.az