Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti beynəlxalq konfransında iştirak edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti beynəlxalq konfransında iştirak edib - FOTO

16:35 - 12 / 05 / 2016
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti beynəlxalq konfransında iştirak edib - FOTO

Türkiyə Respublikasında “Əməyin sağlamlığı və təhlükəsizliyi həftəsi” çərçivəsində mayın 8-11-də Beynəlxalq Əməyin Sağlamlığı və Təhlükəsizliyi Konfransı keçirilib.

1news.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, Türkiyənin yüksək səviyyəli rəsmilərinin, dünyanın 58 ölkəsindən əməyin mühafizəsi üzrə mütəxəssislərin, elm adamlarının, beynəlxalq qurumların nümayəndələrinin, sosial tərəfdaşların iştirak etdiyi konfransda ölkəmizi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Tədbirdə əməyin sağlamlığı və təhlükəsizliyi mədəniyyətinin inkişafı və genişləndirilməsi, iş yerlərində işçilərin sağlamlığına zərər verə biləcək amillərin əvvəlcədən müəyyənləşdirilərək istehsalat qəzalarının, peşə xəstəliklərinin profilaktikası tədbirlərinin görülməsi, əmək şəraitinin işçilərin fiziki və psixoloji imkanlarına uyğunlaşdırılması üçün ergonomik prinsiplər əsasında iş mühitinin formalaşdırılması, əməyin mühafizəsi sahəsində müvafiq beynəlxalq, eləcə də yerli təşkilatların rolu və s. üzrə ümumilikdə 36 mövzuda müzakirələr aparılıb.

İşçilərin mənəvi və fiziki sağlamlığının qorunmasına yönəlik əmək şəraitinin yaradılmasının onların əsas insan hüquqlarından biri olduğu vurğulanaraq qeyd olunub ki, dünyada hər il xeyli sayda işçi iş qəzaları və yaxud peşə xəstəlikləri səbəbindən həyatını itirir. Qeyd olunanlar əməyin sağlamlığı və təhlükəsizliyinin təmin olunmasının, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin, maraqlı tərəflərin səylərinin birləşdirilməsinin qlobal səviyyədə xüsusi aktuallıq kəsb etdiyini göstərir. Sivilizasiyaların qovuşma nöqtəsi İstanbulda təşkil edilən bu konfrans da həmin məqsədlərə, bu sahədə biliklərin inkişaf etdirilməsinə, ən yaxşı strategiyaların və təcrübələrin mübadiləsi üçün əlverişli platforma yaradılmasına yönəlib.

Konfransda əməyin sağlamlığı və təhlükəsizliyi sahəsində mövcud vəziyyət və qabaqcıl iş praktikaları, müasir şəraitdə əməyin mühafizəsinin təşkili ilə bağlı yeni yanaşmalar barədə məlumatlar səslənib, müzakirələr aparılıb. Tədbir zamanı işçilər üçün onların həyat və sağlamlığının qorunmasına yönəlik əmək şəraitinin formalaşdırılması, əməyin sağlamlığı və təhlükəsizliyinin təşviqi sahəsində geniş təcrübə və məlumat mübadilələri aparılıb. Tədbirin yekunu olaraq qəbul edilən İstanbul Bəyannaməsində iş yerlərində əməyin sağlamlığı və təhlükəsizliyi mədəniyyətinin inkişafı və genişləndirilməsi ilə bağlı öhdəliklər əhatə olunub.

Konfrans çərçivəsində beynəlxalq təşkilatların və ayrı-ayrı ölkələrin müvafiq qurumlarının rəsmiləri ilə ikitərəfli görüşlər keçirən F.Əlizadə Azərbaycanda əməyin mühafizəsi sahəsində dövlət siyasəti, bu sahədə sosial tərəfdaşlarla birgə görülən məqsədyönlü işlər barədə məlumat verib. Xidmət rəisi əldə edilən müsbət nəticələrdən biri kimi, ötən il ərzində ölkəmizdə istehsalatla əlaqəli bədbəxt hadisələrin sayının əvvəlki 2014-cü illə müqayisədə 33,7 faiz, bu hadisələr nəticəsində həyatını itirənlərin sayının 45,5 faiz, xəsarət alanların sayının isə 40 faiz azaldığını diqqətə çatdırıb. Görüşlər zamanı iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təşkili məsələləri ilə bağlı fikir mübadilələri aparılıb.

Türkiyə Respublikasında “Əməyin sağlamlığı və təhlükəsizliyi həftəsi” çərçivəsində müvafiq mövzuda konfransların təşkili 1987-ci ildən keçirilir. Əvvəllər regional səviyyələrdə keçirilən bu konfranslar sonralar Türkiyənin sosial-iqtisadi əlaqələrinin olduğu daha geniş beynəlxalq coğrafiyanı əhatə edib. Bu tədbirlər iqtisadi həyatda işçi insanın həyat və sağlamlığının qorunması məsələsinin daim ön planda saxlanması, istehsalat qəzaları və peşə xəstəliklərinin qarşısının alınmasında beynəlxalq əməkdaşlığın gücləndirilməsi məqsədinə yönəlib.

1news.az

Paylaş:
471

Son xəbərlər

Bütün xəbərlər