Gənc sərbəst güləşçilər Xasavyurtdan 4 medalla qayıdıb – FOTO
Dağıstan Respublikasının Xasavyurt şəhərində sərbəst güləş üzrə gənclər arasında “Dostluq - Qafqaza sülh” 38-ci beynəlxalq turnir keçirilib.
1news.az-ın məlumatına görə, turnirdə Rusiya, Azərbaycan, Qazaxstan, Ukrayna, Ermənistan, Özbəkistan, Latviya, Litvadan 170-dən artıq pəhləvan 8 çəki dərəcəsində mübarizə aparıb.
Güləşçilərimiz yarışda 1 qızıl, 2 gümüş və 1 bürünc medala sahib olub. Bütün rəqiblərindən üstün olan Orxan Abbasov (66 kq) turnirin qızıl medalını qazanıb. Murad Xaliqov (84 kq) və Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) yalnız final görüşündə uduzub və gümüş medala yiyələnib. Bürünc medalı isə yığmamıza Məhəmməd Abdullayev (60 kq) qazandırıb.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Babək Allahverdiyev təmsil edib.
1news.az