İrandan Azərbaycana keçmək istəyən şəxslərdə narkotik maddə tapıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

İrandan Azərbaycana keçmək istəyən şəxslərdə narkotik maddə tapıldı

16:06 - 13 / 05 / 2016
İrandan Azərbaycana keçmək istəyən şəxslərdə narkotik maddə tapıldı

Gömrükçülər İrandan Azərbaycana keçmək istəyən şəxslərin üzərindən narkotik maddə aşkar ediblər.

1news.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat veriblər.

Məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda  İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn,  Azərbaycan  Respublikası vətəndaşı olan 2 nəfər gömrük nəzarətindən keçən zaman onlardan birinə məxsus siqaret qutusunun içərisindən gömrük nəzarətindən gizlədilmiş 1 ədəd  bükümdə, xalis çəkisi 1,16 qram olan narkotik vasitə tiryək  aşkar edilərək götürülüb.

Faktla bağlı Biləsuvar Gömrük İdarəsinin  Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsində aparılan araşdrıma zamanı həmin şəxsin yaşadığı Sumqayıt şəhərindən 3 tanışı ilə birlikdə Biləsuvar Gömrük İdarəsinin  “Qoşa Təpə” gömrük postuna qədər gəldikləri, yolda narkotik vasitə sayılan marixuanadan istifadə etdikləri müəyyən edilib. Həmin şəxslər gömrükçülərə Sumqayıtdan əldə etdikləri  marixuananın müəyyən hissəsini isə Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postuna gəldikləri və postun  qarşısında yerləşən avtomobil dayanacağındakı avtomobildə saxladıqlarını bildiriblər.

Avtomobilə baxış keçirilmədən əvvəl sürücü gömrükçülərə sadəcə ayaqaltı rezinin altında 1 ədəd kağız bükümdə narkotik maddə-marixuana olduğunu deyib. Bundan sonra həmin avtomobilə  Biləsuvar Gömrük İdarəsinin “Buç” ləqəbli xidməti itinin tətbiqi ilə baxış keçirilib.

Yoxlama zamanı avtomobilin salonunun müxtəlif yerlərindən daha 6 ədəd kağız bükümdə  narkotik vasitə olan marixuana tapılıb. Ümumilikdə avtomobildən 7 bükümdə ümumi xalis çəkisi 3,21 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
495

Son xəbərlər

Bütün xəbərlər