Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib - FOTO

17:10 - 15 / 05 / 2016
Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib - FOTO

Mayın 15-də Qəbələ şəhərində Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz və Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşeli əvvəlcə Qəbələ şəhərindəki Şəhidlər xiyabanını ziyarət edərək ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsini yad ediblər və “Əbədi məşəl” abidə kompleksi önünə gül dəstələri qoyublar. Sonra qonaqlar ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzüblər.

Sonra Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində müdafiə nazirləri arasında təkbətək formatda görüşlər başlayıb. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyənın milli müdafiə naziri İsmət Yılmaz ilə görüşüb. Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə general-polkovnik Zakir Həsənov qonaqları salamlayaraq, Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini və ölkələrimiz üçün faydalı olduğunu qeyd edib. İsmət Yılmaz Azərbaycan ilə Türkiyə arasında qarşılıqlı münasibətlərin möhkəmlənməsində bu cür görüşlərin rolunu və əhəmiyyətini yüksək qiymətləndirib. Nazirlər regional və qarşılıqlı əməkdaşlıqla bağlı digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparıblar. Görüşdə Türkiyənin ölkəmizdəki səfiri İsmail Alper Coşkun da iştirak edib.

Eyni zamanda, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşeli ilə görüşüb. Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə general-polkovnik Zakir Həsənov qonaqları Azərbaycanın qədim diyarı olan Qəbələdə salamlayaraq ölkələrimiz arasında aparılan danışıqların və keçirilən görüşlərin strateji əhəmiyyətini vurğulayıb. Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının yüksək templə inkişaf etdiyini bildirən general-polkovnik bu əlaqələrin daimi olacağını qeyd edib. Qəbələ şəhərinə ilk dəfə səfərindən məmnunluğunu ifadə edən Gürcüstanın müdafiə naziri yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Sonra tərəflər regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Sonra isə Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü olub. Görüşdə nazirlər regionda cərəyan edən hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıb və hərbi sahədə əməkdaşlıq üzrə bir sıra qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər. Danışıqlardan sonra kütləvi informasiya vasitələri nümayəndələri üçün brifinq keçirilib və müdafiə nazirləri üçtərəfli görüşün yekunları barədə medianı məlumatlandırıblar. Mətbuat konfransında Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Qəbələ şəhərində üçtərəfli formatda keçirilən dördüncü görüşün əhəmiyyətindən danşıb. Zakir Həsənov deyib: “Mən bir daha həmkarlarım İsmət Yılmaza və xanım Tinatin Xidaşeliyə dəvətimizi qəbul edib gəldiklərinə və bu görüşdə iştirak etdiklərinə görə təşəkkürümü bildirirəm. Görüş zamanı 3 dost-qonşu xalq arasında münasibətlərin və fəaliyyətlərin üçtərəfli formatda inkişaf etdirilməsinin səmərəliliyi vurğulanıb, bu formatda münasibətlərimizin gələcək perspektivlərini müzakirə etdik, qarşılıqlı maraq doğuran istiqamətlər barədə geniş fikir mübadiləsi apardıq. Üç ölkənin Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılması və qarşılıqlı əməliyyat uyarlılığının əldə edilməsi məqsədilə üçtərəfli birgə təlimlərin keçirilməsi, hərbi təlim-təhsil sahəsində əməkdaşlığın üçtərəfli formatda təşkil edilməsi, kibertəhlükəsizlik sahəsi üzrə əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən neft və qaz boru kəmərlərinin mühafizəsi üzrə üçtərəfli təlimlərin daha da təkmilləşdirilməsi məqsədəuyğun hesab olunub”.

Nazir Zakir Həsənov bildirib ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında müdafiə sahəsində üçtərəfli Anlaşma Memorandumunun imzalanması nəzərdə tutulur. Hazırda layihəsi razılaşdırılmaqda olan Anlaşma Memorandumunun imzalanması əməkdaşlığımızın hüquqi bazasının əsasını təşkil edəcək, üçtərəfli fəaliyyətlərimizin yeni mərhələyə keçməsinə zəmin yaradacaqdır. Gələcəkdə də bu formatdan irəli gələn yeni təşəbbüs və layihələrin həyata keçirilməsi planlaşdırılır. Görüş zamanı regionda cərəyan edən hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb, bölgədə sabitliyin təmin edilməsi yolları birgə araşdırılıb, qloballıq nöqteyi-nəzərdən çıxışlar edilib, sabitlik haqqında danışılaraq onun əhəmiyyəti vurğulanıb.

Nazir Zakir Həsənov qeyd edib ki, ikitərəfli və üçtərəfli görüşlər zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələlər, xüsusən də son zamanlarda münaqişə zonasında gərginliyin artması ətraflı müzakirə edilib. Münaqişələrin sülh yolu ilə həllinin zəruriliyi və bir-birimizin suverenliyi, ərazi bütövlüyünə qarşılıqlı beynəlxalq hüquq normaları çərçivəsində yanaşmanın vacibliyi bir daha qeyd edilib. “Əminəm ki, müdafiə sahəsində əməkdaşlıq üzrə üçtərəfli fəaliyyətlərimiz ölkələrimizin təhlükəsizliyinin təmin edilməsinə, xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinə, eləcə də regionda sülhün, sabitliyin və davamlı inkişafın bərqərar olmasına öz töhfəsini verəcəkdir. Mən bir daha həmkarlarıma səmimi və səmərəli müzakirələrə görə təşəkkür edir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində və son hadisələr zamanı Azərbaycanın ədalətli mövqeyini dəstəklədiklərinə görə türk və gürcü xalqlarına minnətdarlığımızı bildirir, bütün regiona, sülh, əmin-amanlıq və rifah arzulayıram”.

Mətbuat konfransında Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, bu gün üç ölkə arasında hərbi-texniki və hərbi-təhsil sahəsində əməkdaşlıq, treninqlərin keçirilməsi, təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlərin təşkili, bölgədəki vəziyyətlə bağlı regional təhlükəsizlik məsələlərini, Azərbaycan, Türkiyə və Gürcüstan arasında birgə hərbi təlimlərin keçirilməsi, üç ölkənin iştirakı ilə həyata keçirilən qlobal layihələrin, neft və qaz kəmərlərinin təhlükəsizliyinin birgə təmin olunması məsələlərini müzakirə etdik və razılıq əldə olundu. İsmət Yılmaz Türkiyə Silahlı Qüvvələrinin komandanlığının Azərbaycanın Müdafiə Nazirliyi ilə həmrəy olaraq Azərbaycana, eləcə də onun Silahlı Qüvvələrinə dəstək olduqlarını ifadə edib. Türkiyəli nazir deyib ki, Azərbaycan öz hərbi gücünü artırmaq və müdafiə sahəsini gücləndirmək əzmində olan ölkədir. Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllini Azərbaycan qədər istəyir. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının aradan qaldırılması və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması məsələsində Türkiyə Azərbaycana hər cür dəstək verməyə hazırdır.

Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşeli mətbuat konfransında deyib ki, bizim məqsədimiz regionda sülh və əminamanlığın bərpası və qorunmasına yönəlib. O qeyd edib ki, Gürcüstan bu gün Azərbaycan və Türkiyə ilə bütün sahələrdə, o cümlədən hərbi sahədə geniş əlaqələrə malikdir. Bugünkü görüşdə əldə olunan razılıq mövcud əməkdaşlığı daha da genişləndirməyə imkan yaradacaq. “Gürcüstan və Azərbaycan ötən 25 il ərzində hər zaman Türkiyənin dəstəyini görüb. Bu görüşümüzü 3 ölkə arasında hərbi əməkdaşlığın daha da genişləndirilməsi üçün səmərəli hesab edirəm”, - deyə nazir vurğulayıb. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını, bölgədə sabitliyin və davamlı inkişafın bərqərar olmasının tərəfdarı olduğunu bildirib.

Paylaş:
867

Son xəbərlər

Bütün xəbərlər