General Skaparottidən xəbərdarlıq: NATO üçün yeni problemlər - Newtimes.az | 1news.az | Xəbərlər
Siyasət

General Skaparottidən xəbərdarlıq: NATO üçün yeni problemlər - Newtimes.az

17:54 - 16 / 05 / 2016
General Skaparottidən xəbərdarlıq: NATO üçün yeni problemlər - Newtimes.az

Şimal Alyansının Avropadakı birləşmiş hərbi qüvvələrinə may ayının 4-dən general Kertis Skaparotti rəhbərlik edir. O, bundan əvvəl Cənubi Koreyada yerləşən ABŞ qoşunlarına komandanlıq edib.

Amerikalı general vəzifəsinə həyəcanlı bəyanatı ilə başlayıb. O, təşkilat üçün üç yeni təhlükənin meydana gəldiyini bəyan edib. Onlar "dirçələn Rusiya"nın dünya liderliyi iddiası, terrorçuluq və miqrasiya böhranıdır. K.Skaparottinin dedikləri sırasında terror və miqrasiya böhranı neçə vaxtdır ki, dünya üçün ciddi təhlükədir. Ancaq onların aradan qaldırılması üçün ilk növbədə Qərbin öz siyasətinə düzəlişlər etməsi lazımdır. Çünki bu iki faktor ikili standartlar siyasəti nəticəsində daha da dərinləşib. Bu səbəbdən əsas məsələ NATO-nun sözləri ilə əməllərinin düz gəlməsinə bağlıdır. "Yaxşı və pis terrorçu" bölgüsü qüvvədə qalacaqsa, uğur qazanmaq imkansızdır. O cümlədən Qafqazda erməni terroruna lazımi qiymət verilməli və qarşısı alınmalıdır.

Yeni "qeyri-müəyyənlik" mərhələsi: Şimal Alyansı nələrdən ehtiyat edir?

NATO-nun Avropadakı silahlı qüvvələrinin komandanı, general Kertis "Mayk" Skaparotti vəzifəsinə qalmaqallı bəyanatla başlayıb. O bildirib ki, Şimal Alyansı üçün yeni problemlər meydana gəlib. Onların sırasında Rusiya və terror öndədir. General açıq söyləyib: "NATO özünü dünya supergücü kimi xarakterizə edən "dirçələn Rusiya" ilə toqquşur" (bax: Новый главком НАТО в Европе назвал проблемой "возрождающуюся Россию" / "Газета.ру", 5 may 2016).

Başqa problemlər kimi amerikalı general terrorizmi və miqrasiya böhranını qeyd edib. Bu proseslərin Şimali Afrika və Yaxın Şərqdə sabitliyi pozduğunu ifadə edib. O, sözlərinə davam edərək bildirib: "Bunların öhdəsindən gəlmək üçün hazırlıq səviyyəsini saxlamaq və yüksəltməliyik, həmçinin, əgər rəqibi saxlamaq işə yaramasa, "artıq bu gün" mübarizə üçün çevik olmalıyıq" (bax: əvvəlki mənbəyə).

Bütün bunlardan general K.Skaparotti belə bir yekun nəticə çıxarır: Şimal Alyansı şərq və cənub isqitamətlərində ciddi problemlərlə xarakterizə olunan yeni "qeyri-müəyyənlik" dövrünə qədəm qoyub.

Bunlar çox düşündürücü fikirlərdir və nəticə də olduqca maraqlıdır. Belə ki, NATO rəsmən iki məsələni aktual mövzu kimi gündəmə gətirir. Birincisi, Alyans üçün yeni təhdidlərə – Rusiya təhlükəsinə, terrorçuluq və miqrasiya böhranına qarşı mübarizənin təşkilidir. İkincisi isə NATO-nun cənub və şərq cinahlarının müdafiəsinin gücləndirilməsidir. Burada Çinin deyil, məhz Rusiyanın dövlət olaraq problem qaynağı kimi göstərilməsi diqqəti çəkir.

Terror məsələsi Qərb üçün ənənəvi təhlükədir. Ancaq indi onun haqqında NATO səviyyəsində danışılması bu istiqamətdə fərqli situasiyanın yarandığına işarədir. Təbii ki, burada "terrorizm" ifadəsi altında ilk olaraq İŞİD, "əl-Qaidə" və müsəlmanlara aid edilən başqa radikal təşkilatlar nəzərdə tutulur.

Ancaq general K.Skaparottinin söylədiyi kontekstdə başqa bir "terror hərəkatı" da diqqətdən kənarda qalmamalıdır. Söhbət Qafqazda əsrlərdir ki, günahsız insanların qanını axıdan erməni terrorundan gedir. İndi Ermənistan dövlət səviyyəsində terroru dəstəkləyir. Faktiki olaraq Cənubi Qafqaz hazırda Ermənistanın terror təxribatlarının əsirinə çevrilib. Dağlıq Qarabağda ermənilərin törətdikləri terror aktları yaddan çıxmayıb.

Hazırda Ermənistan KİV-i açıq yazır ki, bir vaxtlar dünyanın müxtəlif regionlarında terror törətmiş "təcrübəli erməni döyüşçüləri" Dağlıq Qarabağda toplaşıblar. Hətta onlardan biri savaş qrupu yaradaraq aprel ayında döyüşlərdə iştirak edib. İndi də həmin terror qrupu rəsmi İrəvandan işğal altındakı torpaqlardan çıxmamağı tələb edir, yəni faktiki olaraq regionda gərginliyin yüksəlməsinə çalışır.

Əgər NATO ədalətli olaraq terroru dünya üçün ciddi təhlükə sayırsa, onda mütləq yazılmamış qaydada aparılan "yaxşı və pis terrorçu" bölgüsündən əl çəkməlidir. İŞİD kimdirsə, PKK, PYD, ASALA və başqa bunlara bənzər qruplar da odur! O halda dünya birliyi, ilk olaraq da müsəlman ölkələri NATO-nu bu məsələdə tam dəstəkləyər.

Terror və miqrasiya böhranı: ədalətli yanaşma yoxdursa…

Yox, Dağlıq Qarabağda erməni terrorunun olmadığını deyib, separatçılara min cür bəhanə ilə müxtəlif yardımlar ediləcəksə, NATO-nun yeni təhlükəsizlik kursu tam iflasa uğrayacaq. Ona görə yox ki, Cənubi Qafqazda hansısa dövlətin NATO-dan güclü olduğunu düşünənlər var (bunu demək gülüncdür). Əsas məsələ problemlərə tarixi ədalət müstəvisində yanaşmaqdan ibarətdir. Təcrübə göstərir ki, ədalət olmayan yerdə ən güclünü belə həyat yıxır.

Miqrasiya böhranına yuxarıda vurğuladığımız fikirlər kontekstində yanaşdıqda, bizim tezisimizin doğruluğu daha aydın görünür. Çünki terrorçular arasında fərq qoyulması zəruri olaraq miqrasiya böhranını dərinləşdirir. Deyək ki, İŞİD-ə Suriya və İraqda zərbələr endirərsən, oradan qaçqınların sayı azalar. Lakin PYD və ya PKK-nın təxribatları nəticəsində başqa yerlərdən miqrant axını yaranar.

Yaxud geosiyasi məqsədlərlə Mərkəzi Asiyada İŞİD, yaxud "əl-Qaidə"yə yaşıl işıq yandırarsan, Yaxın Şərqdən uzaq bir regionda fərqli şərtlər altında yeni qaçqın ordusu peyda olar. Rusiyanı özünə rəqib sayan NATO üçün bu aspektdə vəziyyətin daha da dərinləşə biləcəyini təxmin etmək çətin deyil. Deməli, general K.Skaparotti faktiki olaraq Qərb üçün təhlükəsizlik aspektində hərbi fəaliyyətlə yanaşı, etik çərçivə də qoyub.

Qərb yeni şərtlərdə ədalətli olmağa məhkumdur! Başqa halda onun həll etmək istədiyi problemlər meydana daha dərin və fərqli səbəblərdən qaynaqlanan çətinliklər çıxaracaq. İndiyə qədər NATO "birməchullu mürəkkəb" problem həll etməli idisə, sonra bu "çoxməchullu, qeyri-müəyyən formullu" məsələlərin həlli ilə qarşı-qarşıya qalacaq.

Yuxarıdakı müddəalar prizmasından NATO rəsmisinin Rusiya ilə bağlı ifadə etdikləri kifayət qədər düşündürücüdür. Öncə onu vurğulayaq ki, general K.Skaparottinin Rusiya ilə bağlı iddialarına dərhal cavab verilib. Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin başçısı Aleksey Puşkov "tvitter" səhifəsində yazıb: "NATO-nun "artıq gecə ikən" Rusiya ilə savaşmağa hazır olmalı olduğu haqqında danışmaqla, Alyansın yeni baş komandanı əvvəllər mövcud olan hərbi isteriyanı gücləndirmək üsullarının hamısını arxada qoyub" (bax: Пушков: Новый главком силами НАТО в Европе нагнетает военную истерию сильнее Бридлава / "Взгляд.ру", 5 may 2016).

Deməli, artıq NATO ilə Rusiya arasındakı münasibətlər qarşılıqlı hədə səviyyəsinə keçib. Bir sıra faktlar bunun təsadüfi olmadığını göstərir. Həmin aspektdə Rusiya hərbi qırıcısının Baltik dənizində ABŞ-ın hərbi gəmisinin yaxınlığından uçması, Amerika və Rusiya təyyarələrinin havada "it dalaşı"na çıxması, Baltikyanı ölkələrin onların hava sahəsini Rusiya təyyarələrinin dəfələrlə pozması haqqında bəyanatları, İsveçin NATO-ya ehtimali üzv olmasına Kremlin çox sərt reaksiyası, ABŞ tanklarının artıq Moldova və Gürcüstan ərazisinə yeridilməsi kimi hadisələr təsadüfi sayıla bilməz. Bunların hər biri iki tərəfin qarşılıqlı münasibətlərinin əyani göstəricisidir.

Onu vurğulayaq ki, ABŞ və Rusiya arasında Ukrayna məsələsində də ciddi fikir ayrılıqları var. Onlar burada radikal addımlar atmaqdan çəkinmirlər və bunun belə davam edəcəyini düşünürük.

Diqqətçəkicidir ki, bütün bunlar ABŞ-ın Avropada hərbi gücünü artırması ilə müşayiət olunur. ABŞ dövlət katibinin müavini Entoni Blinken Polşaya səfəri zamanı NATO-nun "şərq və cənub cinahlarında mövcud olan təhlükələr"lə mübarizə aparmağı təşkilatın vəzifəsi kimi müəyyən edib. O, Vaşinqtonun bu istiqamətdə ciddi dəstək verəcəyini bildirib və aşağıdakı fikirləri söyləyib: "Biz xərcləri 790 milyondan 3,4 milyard dollara qədər artırmışıq. Bunun sayəsində Avropada bütöv diviziyanı avadanlıqlarla təmin edə bilərik. Şərq cəbhəsində dörd min əsgərdən ibarət döyüşkən briqada yerləşdiriləcək…" (bax: Блинкен: США продолжат усиление восточного фланга НАТО / "РИА Новости", 6 may 2016).

E.Blinkenin bu fikirləri mayın əvvəllərində Pentaqon rəhbəri Eşton Karterin NATO-nun Baltik ölkələrində və Polşada dörd batalyon yerləşdirəcəyi haqqında bəyanat verməsindən sonra söyləməsi diqqəti çəkir. Digər tərəfdən, E.Karterin dediklərinə cavab olaraq Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirmişdi ki, Moskva üç yeni diviziya yaradacaq və bunu birbaşa Qərbin etdiyi hərəkətlərə qarşılıq olaraq edəcək (bax: əvvəlki mənbəyə).

Bütün bunlar dünyanın iki supergücü arasında yeni səviyyədə mübarizənin başladığını göstərir. ABŞ və Rusiya artıq hərbi ritorikaya daha çox üstünlük verirlər. NATO Rusiyanın sərhədlərinə çox yaxınlaşıb. Moskva buna qarşı cavab addımları atır. Proses belə davam etsə, bütün dünya üçün ciddi təhlükələr meydana gələ bilər. Məhz bu səbəbdən də tərəflərin qələbəsi ilk növbədə hansının ədalətli mövqe nümayiş etdirməsindən asılı olacaq. General Kertis Skaparotti sözlərini deyib, onlara necə əməl ediləcəyini isə zaman göstərəcək. Təbii ki, Moskvanın da öz güclü kartları var. Sadəcə, onlardan ayrı-ayrı regionlarda, o cümlədən Cənubi Qafqazda ədalətlə istifadə etmək qalır.

Newtimes.az

Paylaş:
933

Son xəbərlər

Bütün xəbərlər