Maştağa-Bilgəh avtomobil yolunda təmir-tikinti işləri yekunlaşır - FOTO
“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqram”ı çərçivəsində aparılan Maştağa-Bilgəh avtomobil yolunun tikintisi artıq yekunlaşmaq üzrədir. Maştağa-Bilgəh avtomobil yolu 63 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirir.
1news.az-a “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, uzunluğu 9 kilometr, hərəkət hissəsinin eni isə 7 metr olan avtomobil yolunun asfalt-beton örtüyünün yararsız vəziyyətdə olması, piyada səkilərinin olmaması həm avtonəqliyyat vasitələrinin normal hərəkətində, həm də vətəndaşların rahat və təhlükəsiz hərəkətində problemlər yaradırdı. Artıq bu problemlər tam olaraq aradan qaldırılır.
Tikinti işləri çərçivəsində yolun eni 9 metrə qədər genişləndirilib. Bundan başqa yol boyu zəruri olan yerlərdə yol yatağının deformasiyaya uğramış hissələri bərpa olunub. Həmçinin başqa köhnə-asfalt beton örtüyünün üst qatı frez maşınları vasitəsilə qaşınaraq ərazidən daşınıb. Bunun əvəzinə isə hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Ümumilikdə yol boyu 81 min kvadratmetr sahəyə ikiqat olmaqla müasir standartlara cavab verən yeni asfalt-beton örtüyü döşənir. Artıq yolun 8 kilometri tam olaraq asfaltlanıb.
Maştağa-Bilgəh avtomobil yolunun kənarlarına 18 min poqonmetr yeni səki daşlarının düzülməsi, həmçinin zəruri olan yerlərdə 2-3 metr enində piyada səkilərinin tikintisi işləri də aparılıb. Yolda işıqlandırma sisteminin də qurulması nəzərdə tutulub. Daha sonra avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq.
Ümumiyyətlə isə avtomobil yolunun yenidən qurulması ilə avtonəqliyyat vasitələrinin yeni tikilən Dənizkənarı Dairəvi yoluna və əksinə rahat və maneəsiz çıxışı təmin olunacaq.
1news.az