Azərbaycan – Litva əlaqələrinin inkişafına dair müzakirələr aparılıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan – Litva əlaqələrinin inkişafına dair müzakirələr aparılıb

18:12 - 18 / 05 / 2016
Azərbaycan – Litva əlaqələrinin inkişafına dair müzakirələr aparılıb

Mayın 16-dan Litva Respublikasında rəsmi səfərdə olan Azərbaycanın millət vəkillərindən ibarət nümayəndə heyətinin Litva rəsmiləri ilə görüşləri ayın 17-də davam edib.

1news.az-ın məlumatına görə, nümayəndə heyətinə Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Nəbizadə, milli məclisin üzvləri Muxtar Babayev və Elşad Həsənov daxildirlər.

Həmin gün Litva Seyminin spikeri Loreta Qraujinene, Litva xarici işlər nazirinin müavini Andrius Krivas, Seymdə Vətən Birliyi-Xristian Demokratları Siyasi Qrupun rəhbəri, keçmiş baş nazir Andrius Kubilius, Seymdə Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr üzrə qrupunun üzvləri və Litvada yaşayan həmyerlilərimiz ilə görüşlər keçirilib.

Görüşlərdə Milli Məclisin üzvləri qarşı tərəfə Azərbaycanın son illərdə iqtisadi, mədəni, təhsil və digər sahələrdə əldə etdiyi nailiyyətlərə dair, həmçinin aprelin 2-də erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın cəbhəyanı bölgələrdə məskunlaşmış dinc əhalinin yaşadığı məntəqələri iri çaplı silahlardan atəşə tutması nəticəsində təmas xəttində baş vermiş hərbi gərginlik barədə məlumat verilərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildiriblər.

Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü  bütövlükdə region dövlətləri üçün yaratdığı təhdid və təhlükə barədə qarşı tərəfi məlumatlandıraraq, Ermənistanın təcavüzkar siyasətinin bütövlükdə regionda sabitliyin bərqərar olmasına əngəl törətdiyini vurğulayıblar.

Litva Seyminin spikeri Loreta Qraujinene ilə görüşdə millət vəkili Kamran Nəbizadə Milli Məclisin sədri Oqtay Əsədovun salamlarını çatdıraraq, Milli Məclisin sədri tərəfindən xanım Qraujineneyə ünvanlanmış dəvət məktubunu təqdim edib.

Litva Seyminin sədri dəvətə görə minnətdarlığını bildirərək, səfərin tarixlərinin diplomatik kanallar vasitəsilə müəyyənləşdiriləcəyini qeyd edib. Parlamentlərarası əlaqələrin inkişafından məmnunluq ifadə edən L.Qraujinene ölkələrimiz arasında iqtisadi və humanitar sahələrdə əlaqələrin gücləndirilməsinin münasibətlərimizin daha da dərinləşməsinə təkan verəcəyini bildirib.

Seymdə Vətən Birliyi-Xristian Demokratları Siyasi Qrupun rəhbəri, keçmiş baş nazir Andrius Kubilius ilə görüşdə iki ölkə arasında iqtisadi sahədə mövcud vəziyyətə dair fikir mübadiləsi aparılıb. A.Kubilius Litvada enerji asılılığının azaldılması məqsədilə son illərdə Klaypedada maye təbii qaz gəmi-terminalının, eləcə də “LitPol Link” və “NordBalt” enerji qovşaqları kimi iri layihələrin həyata keçirildiyini qeyd etmiş və ölkəsinin Azərbaycan ilə iqtisadi sahədə əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib.

Milli Məclisin üzvü Muxtar Babayev Azərbaycan tərəfindən energetika sahəsində həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib və bu gün Yunanıstanın Saloniki şəhərində Transadriatik boru kəmərinin (TAP) təməlinin qoyulması mərasiminin həyata keçirildiyini bildirib.

Litva xarici işlər nazirinin müavini Andrius Krivas ilə görüşdə iki ölkə arasında geniş spektrdə əlaqələrin inkişaf etdirilməsi üçün qarşılıqlı marağın mövcud olduğu qeyd edilib. Azərbaycan-Litva əlaqələrinin müxtəlif sahələr üzrə inkişafına dair fikir mübadiləsi aparılıb.

Litva Seyminin Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr üzrə qrupu ilə keçirilmiş görüşdə tərəflər parlamentlərarası əlaqələrin iki ölkə arasında inkişaf edən münasibətlərə mühüm töhfə verəcəyinə əmin olduqlarını ifadə ediblər.

Hər iki ölkənin parlament üzvləri Azərbaycan və Litva arasında dostluq və əməkdaşlıq münasibətlərinin gələcəkdə daha da genişləndirilməsi istiqamətində birgə səylərin davam etdiriləcəyini bildiriblər.

Litva Seyminin Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr üzrə qrupun sədr müavini Mantas Adomenas Litva ilə Azərbaycan arasında siyasi, iqtisadi və humanitar əlaqələrin vacibliyini qeyd edərək Azərbaycanı mühüm bir regionda Litvanın müttəfiqi adlandırıb. O, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq  münaqişənin sülh yolu ilə və ədalətli həllinin tərəfdarı olduğunu və bunun da yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkün olduğunu bildirib.

Qrupun sədri Yuras Pojela isə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəsinin rəsmi mövqeyinin dəyişilməz olduğunu, Litvanın Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını vurğulayıb. O, Litva Seymində Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr üzrə qrupun üzv sayının çoxluğuna görə ən iri olduğunu, Seymin 141 üzvündən 51-nin qrupa daxil olduğunu qeyd edib.

1news.az

Paylaş:
471

Son xəbərlər

Bütün xəbərlər