ABŞ-ın Nevada Ştatı Assambleyasının sədri İlham Əliyevə təbrik məktubu göndərib | 1news.az | Xəbərlər
Rəsmi

ABŞ-ın Nevada Ştatı Assambleyasının sədri İlham Əliyevə təbrik məktubu göndərib

20:07 - 18 / 05 / 2016
ABŞ-ın Nevada Ştatı Assambleyasının sədri İlham Əliyevə təbrik məktubu göndərib

ABŞ-ın Nevada Ştatı Assambleyasının sədri Con Həmbrik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Bu ilin aprel ayında Sizinlə görüşümüzdən son dərəcədə məmnun qaldığımı bildirərək, Sizə səmimi qəlbdən təşəkkür edirəm. Gözəl ölkənizdə olduğum səfər boyunca göstərilən qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm. Keçirilmiş səmərəli görüşlərin nəticələrinə əsaslanaraq, bu səfərin Nevada ştatı ilə Azərbaycan arasında müxtəlif sahələr üzrə münasibətlərin inkişafına mühüm töhfə verəcəyinə böyük ümid bəsləyirəm.

Mən Azərbaycanla ABŞ arasında enerji təhlükəsizliyindən tutmuş terrorizmlə mübarizəyə qədər müxtəlif istiqamətlərdə mövcud olan güclü tərəfdaşlıq və dostluq əlaqələrini yüksək qiymətləndirirəm. Təqdirəlayiq haldır ki, 2001-ci il sentyabrın 11-də törədilmiş mənfur terror aktlarından sonra Azərbaycan Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak etmək məqsədilə öz əsgərlərini göndərən, ABŞ-a təmənnasız yardım göstərən ilk ölkələrdən biri olub.

Eyni zamanda, Azərbaycanın ABŞ-ın, eləcə də Avropadakı müttəfiqlərimizin enerji təhlükəsizliyinin gücləndirilməsinə verdiyi böyük töhfələri də alqışlayıram. Azərbaycanın əvəzolunmaz və həlledici rol oynadığı “Cənub” enerji dəhlizi bir çox Avropa ölkələrinin enerji mənbələrini şaxələndirərək enerji təhlükəsizliyinə nail olmalarına kömək edəcək. Bu, ABŞ üçün də çox vacibdir.

Münaqişələrlə əhatələnmiş çox mürəkkəb regionda yerləşməsinə baxmayaraq, Azərbaycanın müsəlmanların, xristianların və yəhudilərin dinc şəkildə birgə yaşadıqları uğurlu və beynəlxalq səviyyədə tanınan model yarada bilməsi, dinlərarası tolerantlıq və harmoniya sahəsində mayaka çevrilməsi faktını da yüksək qiymətləndirirəm.

Zati-aliləri, 2015-ci ilin aprelində Nevada Ştatının Assambleyası ABŞ ilə Azərbaycan arasında strateji tərəfdaşlığa və dostluğa dəstək ifadə edən, həmçinin ölkənizin azad və müstəqil dövlət quruculuğunda atdığı addımları təqdir edən bəyanat qəbul edib.

Cənab Prezident, Azərbaycanın qarşıdan gələn milli bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Sizə gələcək işlərinizdə uğurlar, ölkənizə tərəqqi diləyirəm”.

1news.az

Paylaş:
629

Son xəbərlər

Bütün xəbərlər