Nəcməddin Sadıkov NATO-nun Mənzil Qərargahında keçirilən görüşlərdə iştirak edib - FOTO
Mayın 18-də Azərbaycan müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Belçika Krallığının Brüssel şəhərində yerləşən NATO-nun Mənzil Qərargahında NATO-nun Hərbi Komitəsinin "Qətiyyətli Dəstək" və "Uyarlılıq Platforması" formatlarında Baş Qərargah rəisləri səviyyəsində keçirilən görüşlərdə iştirak edib.
1news.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşlərdə Əfqanıstan İslam Respublikasındakı NATO-nun "Qətiyyətli Dəstək" missiyasının gedişatı və əməliyyat şəraitindəki dəyişikliklər, o cümlədən "Uyarlılıq Platforması" çərçivəsində tərəfdaşlar ilə uyarlılığın artırılması, fərdi uyğunlaşdırılmış yol xəritəsinin tətbiqi, resursların səmərəli idarə edilməsi və hərbi əməkdaşlıqla bağlı digər məsələlər müzakirə edilib.
Səfər zamanı müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO-nun Hərbi Komitəsinin sədri general Petr Pavellə, o cümlədən Türkiyə, Gürcüstan və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri ilə görüşlər keçirib.
1news.az