ANAMA: Cəbhəyanı bölgələrdə 40 min kvadratmetr ərazi mina və döyüş sursatlarından təmizlənib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

ANAMA: Cəbhəyanı bölgələrdə 40 min kvadratmetr ərazi mina və döyüş sursatlarından təmizlənib - FOTO

09:59 - 18 / 05 / 2016
ANAMA: Cəbhəyanı bölgələrdə 40 min kvadratmetr ərazi mina və döyüş sursatlarından təmizlənib - FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tərtər, Füzuli və Ağdam rayonlarında mayın 17-də aşkar olunan partlamamış hərbi sursat haqqında hesabat təqdim edib.

1news.az-a ANAMA-nın mətbuat xidmətindən verilən xəbərə görə, Tərtər rayonunda Əskipara kəndində iki ev və həyətyanı sahədə 8 partlayış yerinə baxış keçirilib. Bir ədəd 100 millimetrlik OF 412 top mərmisi aşkar olunaraq götürülüb, 14 min kvadratmetr ərazi yoxlanılıb.

Cəmilli kəndində bir ev və həyətyanı sahədə, bir əkin sahəsində 18 partlayış yerinə baxış keçirilib, 7,2 min kvadratmetr ərazi yoxlanılıb. Qazyan kəndində bir əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamamış sursat aşkar edilməyib. Təhlükəsizlik tədbirlərini nəzərə alaraq 510 kvadratmetr ərazi yoxlanılıb.

Ağdam rayonunun Çəmənli kəndində dörd əkin sahəsində 4 partlayış yerinə baxış keçirilib. Nəticədə 18 min kvadratmetr ərazi yoxlanılıb.

Füzuli rayonunun Şükürbəyli kəndində iki otlaq sahəsində 2 partlayış yerinə baxış keçirilib. Nəticədə 610 kvadratmetr ərazi yoxlanılıb.

Mayın 17-də 3 ev və həyətyanı sahədə, 8 əkin sahəsi, 35 partlayış yerinə baxış keçirilib. Bir ədəd 100 millimetrlik OF 412 top mərmisi aşkar edilərək götürülüb. Gün ərzində 40 min 320 kvadratmetr ərazi təmizlənib.

Ümumilikdə agentlik tərəfindən aprelin 7–dən mayın 17-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir və Bakı şəhərlərində 489 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 3 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 14 fermaya, əkin sahələrinə və 1 çaxır zavodu ərazisinə baxış keçirilib. Ümumilikdə 1422 partlamamış hərbi sursat, 11 piyada əleyhinə mina, 2 piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

1news.az

Paylaş:
496

Son xəbərlər

Bütün xəbərlər