Bir sıra dövlət xadimləri İlham Əliyevə təbrik məktubu göndərib
İki Müqəddəs Məscidinx Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuddan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:
“Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə
Əs-səlami əleykum və rəhmətullahi və bərəkatuhu,
Ölkənizin milli bayramı münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımızdan Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı inkişaf və çiçəklənmə arzu edirik”.
Digər təbrik məktubu Kuba Respublikasının Dövlət Şurasının və Nazirlər Şurasının sədri Raul Kastro Rusdan göndərib:
“Cənab İlham Əliyevə
Sizi Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə ürəkdən təbrik edir, Zati-alinizə ən xoş arzularımı çatdırıram.
Sizə yüksək hörmət və ehtiramlarımı bildirirəm”.
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini, daxili işlər naziri Məhəmməd bin Nayif bin Əbdüləziz Al Səuddanın təbrik məktubunda deyilir:
“Hörmətli Prezident,
Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan hökumətinə və xalqına daha böyük inkişaf və çiçəklənmə arzu edirəm”.
Bundan əlavə, Səudiyyə Ərəbistanı Krallığı vəliəhdinin varisi, Baş nazirin ikinci müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddanın məktubunda deyilir:
“Möhtərəm Prezident,
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə ən gözəl təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına və hökumətinə daha böyük tərəqqi və rifah arzu edirəm”.
Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədov da dövlət başçımıza təbrik məktubu göndərib. Məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu,
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və Zati-alinizin şəxsində ölkənizin dost xalqına ən səmimi təbriklərimi çatdırmağı özümə şərəf sayıram.
Ölkələrimiz arasında yaranmış qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyəsini qeyd etmək istərdim. Qəti əminəm ki, bu münasibətlər Türkmənistanın və Azərbaycanın dost xalqları naminə bundan sonra da durmadan inkişaf edəcək və möhkəmlənəcək.
Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, dost Azərbaycan xalqına isə sülh, tərəqqi və rifah arzu edirəm”.
1news.az